Hədis ― 2023-cü ildə Azərbaycanda çəkilmiş animasiya filmi.
Hədis | |
---|---|
ing. Hadis | |
Janr | Animasiya |
Əsas mövzu | azlıqların hüquqları, İslamda qadın[d], Hədis Nəcəfinin ölümü |
Rejissor | Nəzrin Ağamalıyeva |
Prodüser | Rəşid Ağamalıyev |
Ssenari müəllifləri |
İsmayıl İman Nəzrin Ağamalıyeva |
Əsaslanır | Hədis Nəcəfinin həyatı |
Bəstəkar | Ondrej Zavadil |
Studiya | “ANİMAFİLM Studio” |
İlk baxış tarixi | 01.06.2023 |
Yayımlanma yeri | YARAT Müasir İncəsənət Məkanı |
Filmin növü | qısametrajlı animasiya filmi |
Ölkələr |
Azərbaycan ABŞ Çexiya |
Dillər |
azərbaycanca farsca |
İl | 2023 |
Rəng | rəngli |
IMDb | ID28153737 |
Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.
Hədis animasiya filmi 2023-cü ildə çəkilib[1]. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib[2]. Bununla yanaşı film həm də İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub[3]. Müddəti 9 dəqiqədir.
Filmin rejissoru Nəzrin Ağamalıyeva[4] ssenarini İsmayıl İmanla birlikdə yazıb[5]. Filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesova, filmin səs rejissoru Nadir Mahmudov,montajçısı Xorxe Sançez Kalderon prodüseri isə Rəşid Ağamalıyevdir[6]. Filmə musiqini Ondrej Zavadil yazıb[7]. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi də səslənir[8]. Filmi Zöhrə Kərimi səsləndirib. “ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin ideyası və maliyyə dəstəyilə çəkilib[9][10].
2023-cü il iyunun 1-də filmin Azərbaycanda YARAT Müasir İncəsənət Mərkəzində premyerası baş tutub[11][12].Film 2023-cü il 11-17 iyun tarixlərində Fransada keçirilən Annecy Beynəlxalq Animasiya Film Festivalında Azərbaycanı təmsil edib[13][14]. 112 ölkədən təqdim olunmuş 3250 film arasında qısametrajlı kateqoriya üzrə yarışa seçilmiş 71 filmdən biridir[15][16][17].
2023-cü ilin avqust ayında Cənubi Koreyanın 25-ci Buçeon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib[18][19].