Həsən Quliyev (ədəbiyyatşünas)

Həsən Quliyev (azərb. Həsənağa Məmmədağa oğlu Quliyev‎; 1 aprel 1935-ci il, Bakı şəhəri) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü (1998), filologiya elmləri doktoru (1982), professor (1984).

Həsən Quliyev
Həsənağa Məmmədağa oğlu Quliyev
Doğum tarixi 1 aprel 1935(1935-04-01) (89 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Məmmədağa Quliyev
Təhsili
Fəaliyyəti yazıçı, ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi, dramaturq
Mükafatları "Qızıl qələm", "Humay"

Həsən Quliyev 1935-ci il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1953-cü illərdə dülgər işləmiş, daha sonra 1953-1957-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda təhsil almışdır.

Həsən Quliyev M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda laborant, 1957-1966-cı illərdə Bakının Yasamal rayonundakı 20 saylı fəhlə-gənclər məktəbində müəllim işləmişdir. Eyni zamanda M.F.Axundov adına APİ-də müəllim, 1963-1978-ci illərdə dosent, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dosent olmuşdur. 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi işlədiyi müddətdə müdafiə edib doktorluq elmi dərəcəsi almışdır.

Həsən Quliyev 1984-1987-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin rus dili və ədəbiyyatı kafedrasında professor, 1987-1993-cü illərdə ədəbiyyat və rus dili kafedrasının müdiri olmuşdur. Quliyev 1993-cü ildən həmin kafedranın professorudur. Həsən Quliyevin 5 fevral 1964-cü ildə Kristofer Marlonun anadan olmasının 400 illiyinə həsr etdiyi məqalə "Baku" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan etibarən Quliyev dövrü mətbuatda vaxtaşırı çıxış etmişdir. "Yaşa, Əhmədiyyə", "Qarabağ əsirləri" (1993), "Xüsusi təyinatlı qatar" (1994) pyeslərini yazmışdır.[1]

Həsən Quliyev "Qızıl qələm" və "Humay" mükafatları laureatıdır.

  1. Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.