Abdullayeva Həyat Həmdulla qızı (14 oktyabr 1912, Dərbənd — 21 aprel 2006, Bakı) — Azərbaycan heykəltaraşı, əməkdar incəsənət xadimi (1964).[1]
Həyat Abdullayeva | |
---|---|
Həyat Həmdulla qızı Abdullayeva | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | heykəltaraşlıq |
Mükafatları |
|
Həyat Həmdulla qızı Abdullayeva 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olmuşdur. O, məşhur balıq sənayeçisi Həmdulla Abdullayevin qızıdır. Atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuşdur. Həmin illərdə Həyat xanım "Tutu xanım", "Həsən bəy Zərdabi" kimi əsərlərini yaratmışdır. Həyat Abdullayeva dəzgah heykəltaraşlığı sahəsində ilk ali təhsilli heykəltaraş qadın olmuşdur. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyir. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alır.[2]
Həyat xanımın yaratdığı ilk işi "Gənc oğlan"ın portretidir. 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin — "Ana" (1955), "Yeddi gözəl" (1957) heykəlcikləri, "Həcər" (1959), "Gənclik" (1960), "Lay-lay" (1963) heykəl-kompozisiyaları, Molla Pənah Vaqifin abidəsi (1957), "İki qız" (1967), "Vəcihə Səmədovanın portreti" (1970), "Sənsiz" (1972), "Şah İsmayıl", "Natəvan" və s. kimi yaddaqalan əsərlərin müəllifidir. "Lay-lay" kompozisiyasında körpəsinə ayaqları üstündə lay-lay çalan gənc qadın — ana təsvir olunub. Bu əsər naturadan işlənib. Böyük uğur qazanan bu əsər incəsənətimizin qızıl fonduna daxil olub. 1950-ci ilin ortalarında kiçik formada kompazisiyalı Nizami Gəncəvinin "7 gözəl" əsəri (forforda) tətbiqi sənət sahəsində ən baxımlı işdi: Nizaminin 7 gözəl və Bəhram poemasının motivləri əsasında yaranmış heykəllər silsiləsi. Bu işlər müəllifin qadın portretində rəgarəngliyə, psixoloji tamlığa cəhd etməsindən xəbər verir. hər bir millətin özünün müsbət, kəskin xarakterini, geyimini, düşüncə tərzini, incəliyini verə bilmişdi. "7 gözəl" əsərində olduğu kimi heykəltaraş da müsbət surətlərin aydınlığı ilə təsvir etmişdi. Həyat xanımın uşaqlara həsr olunmuş məzmunlu kompazisiyaları yaradıcılığında xüsusi yer tutur. Uşaqların sadə təmiz mənəviyyatının təsvirinə, xarakteristikasına tamaşaçıların diqqətini cəlb etmişdi. Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini yaratmışdır. Heykəl M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulub. Həyat Abdullayeva Azərbaycan rəssamlıq sənətində xüsusi yer tutur. Onu başqalarından fərqləndirən cəhətlərindən biri də bir şəxsiyyət kimi əsərləri ilə özü arasındakı yaxınlıq, böyüklük və səmimilikdir. Azərbaycanın görkəmli heykəltaraşına 1964-cü ildə Əməkdar incəsənət xadimi adı verilmişdir.[3][4][5] 2002-ci ildən prezident təqaüdçüsü olub.[6]
Həyat Abdullayeva 21 aprel 2006-cı ildə Bakıda vəfat edib.[7]
2014-cü ildə rejissor Yavər Rzayev “Gözümün işığı və ya qəribə heykəltaraş ömrü” adlı film çəkmişdir. Film Həyat Abdullayevanın 100 illik yubileyinə həsr olunub. Filmin Nizami Kino Mərkəzində təqdimatı keçirilmişdir.[8]