Haçaparaq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri. Yaşayış yeri iki qoşa təpənin ətəyində yerləşdiyindən haça-qoşa və haça-para yaşayış yeri mənasını verir. Adını köhnə Haçaparaq kəndinin adından götürmüşdür.
Naxçıvan Əshabi-Kəhf asfalt yolunun sağ tərəfində, təpənin ətəyində yerləşir. Yaşayış binaları, dördkünc formalıdır. Onlar möhrədən tikilərək hər iki tərəfdən palçıqla suvanmışdır. Evlərin içərisində divarda yerləşdirilən buxarı və kiçik taxçalar vardır. Bəzi evlər çoxotaqlıdır. Araşdırmalar zamanı yaşayış yerindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı əldə edilmişdir. Kəndin şimal tərəfindəki kəhriz kəndin yeganə su mənbəyidir. Yaşayış yerinin yaxınlığında iki nekropol vardır.
Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən, yaşayış yerini XVIII-ХХ əsrlərə aid etmək olar.[1]
18-ci əsrin əvvəllərində kənddə yaranmış xəstəlik səbəbindən kənd camaatı kəndi tərk edərək Əshabu-Kəhf ziyarətgahına gedən yolun sağ tərəfinə köçərək orada məskunlaşmışlar. Andranik Qriqoryanın özü və silahlı dəstəsi 1918-ci ilin ortalarında Naxçıvan qəzasının Haçaparaq kəndinə hücumu zamanı kənd camaatının əksəriyyəti qaçıb canlarını qurtarsalar da kənddə qalanları uşaq, qoca, cavan demədən hər kəsi qətlə yetirmiş, evləri dağıtmış, yandıb viran qoymuşlar. Bundan sonra kənd sakinləri Naxçıvan qəzasının Güznüt, Əbrəqunus, Bənəniyar və başqa kəndlərinə köçərək orada yaşamışlar.
Əhalisi əsasən heyvandarlıq, bostançılıq və əkinçiliklə məşğul olmuşlar.