Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Haçiko — akita-inu cinsindən olan it, Yaponiyada sədaqət simvolu hesab olunur.
Haçiko 1923-cü il 10 noyabr tarixində Akita yapon prefekturasında dünyaya göz açmışdır. Fermer küçüyü Tokio Universitetində çalışan professor Hidesaburo Uenoya bağışlamaq qərarına gəlir. Professor itə Haçiko (yaponcadan mənası "səkkizinci" deməkdir) adını verir.
Haçiko böyüyəndən sonra öz sahibini hara gedirdisə mütləq müşayiət edirdi. Professor gündəlik olaraq şəhərə işə gedirdi. Ona görə, Haçiko Şibuya stansiyasının girişinə qədər professoru yola salır, yenidən günorta saat 3-də öz sahibini qarşılamaq üçün geri qayıdırdı.
1925-ci il 21 may tarixində professoru Tokio Universitetində infarkt vurur. Həkimlər onun həyatını xilas edə bilmirlər və o, artıq evə qayıtmır. Haçiko həmin vaxt 18 aylıq idi. Həmin gün Haçiko öz sahibini çox gözləməsə də, hər gün stansiyanın qabağına gələrək gecə saatlarına qədər onun gəlişini gözləyirdi. O, professorun evinin artırmasında gecələyirdi.
Haçikonu professorun dostları və qohumları evlərinə aparmaq istəsələr də, o, daima stansiyaya qayıdırdı. Yerli satıcılar və dəmiryolu işçiləri inadkarlığına heyrət edərək onu yedizdirirdilər.
Haçiko bütün Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş "Sadiq it 7 il əvvəl ölmüş öz sahibinin gəlişini gözləyir" başlıqlı məqalədən sonra məşhurlaşmışdır. Bu hadisə yaponların ürəyini fəth etmiş və Sibuya stansiyasının önünə bu itə baxmaq məqsədilə əhali axışmağa başlamışdır.
Haçiko stansiyaya 9 il ərzində öz ölüm günü — 1935-ci il 8 mart tarixinə qədər gəlmişdir. Ölmüş Haçikonun cəsədini stansiyanın yaxınlığında yerləşən ərazidən tapmışdılar. Haçikonun mədəsindən 4 ədəd yakitori (qızardılmış toyuq tikələrinin yemək çubuqlarına keçirildiyi yapon yeməyi) çubuğu aşkar olunsa da, bunların mədəyə heç bir ziyanı olmamış və ölüm səbəbi sayılmamışdı. Onun ölümü geniş rezonansa səbəb olduğundan Yaponiyada bir gün matəm elan olunmuşdur.
1934-cü il 21 aprel tarixində özünün iştirakı ilə ona ucaldılan heykəlin açılışı olmuşdur. İkinci Dünya Müharibəsi zamanı hərbi ehtiyaclara görə, metal tələb olunduğundan abidəsi məhv edilmişdir. Amma Yaponiya köpəyi unutmamış, müharibə bitdikdən sonra, 1948-ci ildə onun abidəsi yenidən bərpa edilmişdir. Hazırda Haçikonun Şibuya stansiyası qarşısındakı abidəsi sevgililər üçün görüş yeridir. İtin öz obrazı isə Yaponiyada fədakar sevgi və sadiqliyin simvoluna çevrilmişdir.
Haçikonun qalıqları müqəvva görkəmində Tokioda yerləşən Yaponiya Milli Elmlər Muzeyində saxlanılır. Haçikonun qalıqlarının bir hissəsi Tokiodakı Ayoma qəbiristanlığında saxlanılır.
1987-ci ildə çəkilmiş "Haçikonun taleyi" filmi bu köpəyin taleyindən bəhs edir. Sonradan 2009-cu ilə bu filmin remeyki olan "Haçiko, bir itin taleyi (film, 2009)" filmi çəkilmişdir.
Haçikonun taleyinə "Futurama" cizgi serialının seriyalarından biri olan Jurassic Bark da həsr olunub.