Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq.[1]
Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir.[2]
Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə[3] V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi.[2] Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi.[4] Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür.[5] Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu.
1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü.[6] O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi. V Karlın elçisi olan Saint Con de Balbi Şah Təhmasibə eyni anda Osmanlı imperiyasına şərqdən və qərbdən hücum etmək təklifi etdi.[2][5][6] Şah Təhmasib bununla razılaşdı və elçidən imperatora öz dostluğunu bildirməsini istədi.[5] Lakin elçi Avropaya gedib, yenidən Səfəvi dövlətinə qayıdan zaman artıq 1 il keçmişdi və şərqdəki Şeybani hücumuna görə Səfəvi şahı Osmanlı ilə sülh bağlamağa məcbur qalmışdı.
Təxminən eyni zamanda Kral Ferdinand tərəfindən Pietro da Negro və Simon de Lillis elçi kimi Səfəvi sarayına göndərildi, lakin bu elçiliklər uğursuz oldu. 1532–1555 Osmanlı-Səfəvi müharibəsində elçi mübadiləsi daha artdı.[7]
Həmin zamanlarda Habsburqların düşməni olan Fransa kralı Kral Fransisk Sultan Süleyman Qanuni ilə danışıqlara başladı. Habsburq-Səfəvi razılaşmasına cavab olaraq 1536-cı ildə Fransız-Osmanlı ittifaqı yaradıldı. 1547-ciildə Sultan Süleyman Səfəvilər dövlətinə hücum edərkən Fransa kralı öz səfiri olan Qabriel de Luetzi də onun yanına göndərir. Osmanlı qoşunu ilə birlikdə hərəkət edən fransız səfiri Vanın mühasirəsi zamanı Sultana effektiv hərbi məsləhətlər verir və Vanın bombardmanı onun planı əsasında təşkil edilir.[5]
1532–1555-ci illər Osmanlı-Səfəvi müharibəsində Səfəvi dövləti 5 dəfə effektli formada Osmanlının şərq sərhədlərinə müdaxilə etdi. Bütün bunlar Osmanlı imperiyasının bir qədər də zəifləməsinə səbəb olurdu. Bu Habsburq Avropası üçün böyük şans idi. Bütün bunların nəticəsində bu dövrlərdə köhnə Habsburq-Səfəvi ittifaqı yenidən gücləndi.[5]
Habsburqlarla Səfəvilər arasında əlaqələr birdə 1593-cü ildə bərpa edildi. İmperator II Rudolf Praqadan Moskvadakı Səfəvi nazir vasitəsiylə Şah Abbasa farsca yazılmış məktub göndərir. Avropa dövlətləri ilə Səfəvilər arasında Osmanlı dövləti əleyhinə müqavilənin imzalanması işinin vasitəçilyiini Robert Şirley adlı ingilis macəraçı öz üzərinə götürmüşdü. Bu istiqamətdə işlər XVII əsrdə də davam etmiş və özünün ən pik nöqtəsinə Səfəvilərin Avropadakı birinc 1599–1602-ci illər elçiliyi və 1609–1615-ci illər elçilikləri zamanı çatmışdır.[3]