Hal — mifoloji obrazdır.
Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar. Əslində isə doğan arvad ağrının gücündən bayılarsa, doğulacaq çağanın boğulması qorxusu və bir sıra başqa nəticələr törəməsinin qarşısını almaq üçün qadını bayılmağa qoymazmışlar.
Sırf uşaq dünyaya gətirməyə hazırlaşan qadınlara qarşı mübarizə aparan Hal anası qoruyucu rolunda çıxış etməsə də, əslində daha əski çağlarda belə bir funksiyanı daşımış ola bildiyi düşünülür. Azərbaycanlı alimlərin bəzilərinin də bu fikri təsdiqləyən qənaətləri var. “Böyük ana mifologemindən ayrılan Hal anası” sonradan öz xarakterini dəyişərək qoruyuculuq funksiyasını xətəryetirmə funksiyasına transformasiya etmiş ola bilər. Milli folklor nümunələrinə əsasən, Hal, Al, Al arvadı kimi tanınan bu şər ruhu məqsədli şəkildə doğan qadına, südəmər körpəyə ziyanlıq etmək planını həyata keçirir. (Yeni tədqiqatlardan birində isə qeyd olunur ki, Neftçala – Salyan bölgəsindən toplanılan mətnlərdə Al Arvadı ilə eyni semantikanı daşıyan digər personajlardan da bəhs edilir. Həmin personajların adı Pissimilla və Beçəxor kimi qeydə alınmışdır. Prosesə qarışma və təsiretmə gücünə malik olan Hal anasının möcüzəli doğuluş motivinin mərkəzində dayanan baş obrazlardan biri olması onu dəqiq Qara Umaya yaxınlaşdırır. Əsasən bu olsa da, mətnlərdə Hal anasının yeni doğulmuş körpələri əmizdirmək istəməsi ilə bağlı epizodlar onun özünün də ikili xarakterli olması qənaətini söyləməyə imkan verir. M.Seyidovun fikrincə, Al və ondan yaranan sözlər od-ocaq ilahəsi ilə bağlı olmuşdur: “Al müqəddəsliyi, qüdsiliyi bildirərək od, atəş, ocaq ilahəsi kimi sanılmışdır”. C.Bəydilinin fikrincə isə Al ruhu bir zamanlar doğan qadınları himayə etmişdir. Diqqət yetirdikdə aydın olur ki, Azərbaycan mifoloji mətnlərində Hal anası, bəzi variantlara görə, Al, Alarvadı (digər türk xalqlarında: Albastı, Al qarısı, Albız və s. adlarla tanınır) doğuluş motivlərində nəzərə çarpır. Əgər “Mifoloji Ananın dominant funksiyası doğum, artma, törəmədirsə”, Hal Anasının da məhz doğum ərəfəsində müəyyən status qazanması maraq doğurur. Əldə etdiyimiz folklor nümunlərinin birində özünü Hal nənəsi kimi təqdim edən personaj onun haqqında maraqlananlara açıqlama verərək deyir: “Mən bütün qadınların, təzə uşağı olan qadınların yanında oluram”.
Hal anası- Al arvad 115-ci səhifə. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı. 2005. "Şərq-Qərb".304 səh.