Henri Fulds (1 iyun 1843[1][2], Beyt[d], Nort-Erşir[d], Birləşmiş Krallıq – 19 mart 1930, Volstanton[d], Staffordşir qraflığı[d], Birləşmiş Krallıq) – şotland həkim, missioner və alim. Barmaq izləri ilə bağlı araşdırmalarına görə tanınır. Həyatının bir hissəsini Yaponiyada keçirmiş və orada korların təhsili üçün işlər görmüşdür.
Henri Fulds | |
---|---|
ing. Henry Faulds | |
Doğum tarixi | 1 iyun 1843[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 mart 1930 (87 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | həkim, alim |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Fulds 1843-cü ildə Şotlandiyanın Erşir qraflığında doğulmuşdur. 1866-cı ildə Qlazqoda yerləşən Anderson Kollecində tibb təhsili almışdır.[3]
Fulds 1874-cü ildə Şotlandiyanın Birləşmiş Presviterianlıq Kilsəsi üçün xəstəxana qurmaq məqsədilə Tokioya köçmüşdür. O, Yaponiyada ilk şotland tibb missiyasına rəhbərlik etmişdir. 1875-ci ildə Yaponiyada korlar üçün ilk təşkilat olan "Rakuzenkay"ın, 1880-ci ildə isə korlar üçün məktəb olan Kummo-inin yaradılmasında iştirak etmişdir.[4] Yapon dilini səlis öyrənmiş, Tsukici xəstəxanasında cərrah kimi işləmişdir.[5] Fulds Yaponiyadakı illəri zamanı iki səyahətnamə yazmış, üç jurnal təsis etmiş, quduzluğa qarşı mübarizə aparmışdır.[3]
1879-cu ildə ABŞ arxeoloqu Edvard Morze tərəfindən Tokionun Omori bölgəsində tapılmış dulusçuluq məmulatlarını tədqiq edərkən hər bir fərdin özünəməxsus barmaq izi olduğu nəzəriyyəsini irəli sürmüşdür.[4] Nəzəriyyəsi haqqında Çarlz Darvinə yazmışdır. Fulds Tokioda yerləşən xəstəxanasında törədilmiş bir cinayət zamanı barmaq izlərini müqayisə edərək həmkarının günahsızlığını sübut edə bilmişdir.[3] Fulds nəzəriyyəsinin kriminalistikada cinayətkarın müəyyən edilməsi üçün əhəmiyyətli düşünmüş və bu barədə yazdığı məqalə 1880-ci ilin oktyabrında Britaniyanın "Nature" jurnalında nəşr olunmuşdur. Növbəti ay Vilyam Herşel ona cavab yazaraq 20 ildən çoxdur ki, Hindistanda identifikasiya üçün barmaq izindən istifadə etdiyini bildirmişdir.[4] O, 1886-cı ildə Britaniyaya qayıdaraq Şotlandiyada təklif etdiyi barmaq izi sisteminin yaradılmasını təklif etmişdir.[5]
Tokionun Çuo rayonunun Tsukici bölgəsində Henri Fuldsa həsr olunmuş memorial lövhə quraşdırılmışdır.[6] Fuldsun doğulduğu Beyt qəsəbəsində ona həsr olunmuş memorial lövhə yerləşir.[7]