Het mədəniyyəti — e.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada mövcud olan Het adlı qədim dövlətin mədəniyyətidir. Bu e.ə. 20-19-cu əsrlərdə hetlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Xattusa və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kuşşara padşahı Anitta Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Het sülaləsinin əsasını qoyan Labarna Het dövlətinin ərazisini daha da genişləndirmişdir.
Het mədəniyyətində əsasən hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Het mədəniyyətində öz əksini tapmışdır. Akkad sülaləsinin ən görkəmli nümayəndələri olan Sarqon (2316-2261) və Naram-Suen (2236-2200) ilə bağlı rəvayətlər Het ədəbiyyatında da öz əksini tapmışdır.
Şumer-Akkad mixi yazı sistemindən hetlər də istifadə etmiş, hətta “Gilqameş dastanı” het dilinə tərcümə olunmuşdur. Hetlər Şumer-Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət Şumer-Akkad-Het lüğəti də tərtib etmişdilər.
Hetlərdə çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi hatt mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem, Səma tufan allahı və onun qadını Het panteonunda baş allahlardan hesab olunur. Eyni zamanda, Het panteonunda Hatt, Hurri, Akkad, Hind-Avropa (luvi, nesi, pala, Hind-İran), prototürk və hələ də mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz ifadəsini tapmışdır. Het dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar olmuşdur. Allah və ilahələrə isə xüsusi ibadətgahlarda sitayiş edilmişdir.
Het hökmdarlarının kitabələri və salnamələri də ilkin ədəbiyyat nümunələrindən hesab olunur. Buraya “Anitanın kitabəsi”, I Hattuşilin, I Suppiluliumun “Salnamələri” və s. daxildir.
Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar istehsalından ibarət olmuşdur. Yeni Het padşahlığı dövründə isə artıq əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda hazırlayırdılar. Heykəllərin çoxu Het hökmdarlarını təsvir edirdi.
Hetlər maraqlı möhürlər hazırlayırdılar. Dairəvi və yaxud dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri, kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Het möhürləri həm forma, həm də məzmun baxımından Şumer-Akkad möhürlərindən fərqlənirdi.
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |