Heydər Əliyev və Qafqazda Sülh Prosesi kitabı — İradə Hüseynovanın Azərbaycan xalqının ümummilli lideri, milli dövlətçiliyimizin memarı Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində önəmli yer tutan bir problemin —Şərqlə Qərb, Şimalla Cənub arasında geosiyasi və geostrateji mövqeyi ilə seçilən, dünyanın unikal bölgəsi olan Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində apardığı siyasətin, həyata keçirdiyi tədbirlərin, müəllifi olduğu "Qafqaz evi" sülh strategiyasının sistemli elmi təhlilinə və dəyərləndirilməsinə, nəhayət "Vətəndə sülh, regionda sülh" siyasətinin müasir mərhələdə uğurla davam və inkişaf etdirilməsi mərhələlərinə həsr olunmuş kitabı. [1]
Heydər Əliyev və Qafqazda Sülh Prosesi | |
---|---|
Müəllif | İradə Hüseynova |
Janr | siyasi-publisistik |
Mövzu | Ümummilli lider Heydər Əliyevin Qafqaz regionunda sühhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Nəşriyyat | "Çaşıoğlu" mətbəəsi |
Nəşr | 2008 |
Cild | 1 |
Səhifə | 672 |
Növ | kitab |
Tiraj | 1000 |
ISBN | 978-9952-27-150-8 |
Qafqazşünaslıqda və vətən tarixşünaslığında ilk təcrübə sayılan "Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabı ümummilli liderin zəngin siyasi və dövlətçilik fəaliyyətinin kompleks araşdırılması istiqamətində apardığı tədqiqatların davamı və ayrılmaz tərkib hissəsi kimi elmi və təsris ictimaiyyətinə təqdim olunub.[1]
Monoqrafik xarakterli bu dərslikdə qoyulan problem geopolitika, politologiya, regionşünaslıq və beynəlxalq münasibətlər müstəvisində araşdırılaraq təhlil edilən, regionda sabitliyin, əmin-amanlığın təmin olunması, əslində hazırda bütün dünyanı narahat edən sülh mədəniyyətinin bərqərar olması zərurətindən irəli gəlir. Bu gün sürətlə qloballaşan, iqtisadi fırtınalar məngənəsindən qurtulmaq üçün çıxış yolu arayan narahat dünyamızın münaqişələrlə dolu, bəşəriyyətin qədim və unikal məskənlərindən birində — Qafqazda sülhün bərqərar olması Şərq-Qərb sivilizasiyalarının inteqrasiya proseslərində müstəsna əhəmiyyət kəsb edir.[1] "Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabının başlıca əhəmiyyəti ümummilli liderimiz Heydər Əliyevin bölgədə sülhün, əmin-amanlığın təmin olunması, Qafqaz xalqlarının və dövlətlərinin inteqrasiyası yolundakı çoxşaxəli, titanik fəaliyyətinin,zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinə və elmi cəhətdən araşdırılmasına yaxından kömək edir.
Müəllif "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı kitabında Əliyevşünaslığa yeni bir əsər ərmağan edir.
Dərsliyin məqsədi keçmiş SSRİ imperiyasının Qafqaz xalqlarına qarşı həyata keçirdiyi repressiv tədbirlərə Heydər Əliyevin münasibəti və mövqeyinin, Qafqazda mövcud olan konfliktlərin ədalətli həlli üçün tərəflər arasında dialoqun yaranması istiqamətində, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, Qafqazda sülh və əməkdaşlığın, "Ümumi Qafqaz evi" ideyasının inkişafında, tarixi Böyük İpək Yolunun bərpasında, Qafqazda milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin fəaliyyəti və rolunun öyrənilməsindən ibarətdir.[1]
"Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabı SSRİ-nin dağılması ərəfəsində Qafqazda ictimai-siyasi vəziyyət, etnik proseslərdə baş verən dəyişikliklər, Qafqaz xalqlarının suverenlik meyillərinin güclənməsi və Moskvanın məsələyə aqressiv münasibəti, Qafqazda suveren dövlətlərin yaranması, Cənubi Qafqaz dövlətlərinin Müstəqil Dövlətlər Birliyi ilə münasibətləri, eləcə də bu problemlərlə əlaqədar olan digər mühüm ictimai-siyasi, iqtisadi və mədəni hadisələr də öz əksini tapmışdır.[1]