Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə.[5][6]
Heydəriyyə mədrəsəsi | |
---|---|
36°15′54″ şm. e. 50°00′20″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin şəhristanı[1][3] |
Aidiyyatı | Səlcuq İmperiyası |
Üslubu | Səlcuqlu memarlığı |
Uzunluğu | |
Eni | 14 m[4], 10 m[4], 6 m[4] |
Material | kərpic[2][3][…] |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır.
Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır.
İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.[7] Bu qurşağın üstündə günbəzə keçid tağları gəlir. Tağların içərisi kərpic düzümündən yaranan bəzək motivləri ilə üzlənmişdir. Heydəriyyə günbədinin günbəzi dağılmışdır. Bu abidə bayır tutumuna görə Qəzvin Cümə məscidindən az seçilirmiş. Heydəriyyə günbədi Qacarların hakimiyyəti zamanı tikilmiş eyniadlı mədrəsə binasına məscid kimi daxil edilmişdir.[8]
Bina hazırda məktəb kitabxanası kimi istifadə olunur.[6]