"High Hopes" (azərb. Böyük ümidlər) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır.[3] Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Mahnının son kupleti ("The endless river/Forever and ever") qrupun 1967-ci il buraxılışlı ikinci sinqlı "See Emily Play"-in bir misrasına bənzəyir ("Float on a river/Forever and ever").[4] Bu, onların sonuncu və 2014-cü ildə buraxılmış The Endless River albomunun adına da təsir göstərmişdir.[5]
Mahnı əsasən ortasında qısa gitara solosu üçün E minor açarına keçən hissə istisna olmaqla, C minor açarındadır və musiqi boyunca kilsə zəngi səslənir. Mahnının sözlərində qrupun Kembricdəki ilk, xüsusən də musiqiyə başlamazdan qabaqkı günlərinə və qrupun keçmiş üzvü Sid Barrettə istinad edilir.
Mahnının sonunda, kilsənin zəng səsi bitdikdən sonrakı hissədə qrupun meneceri Stiv O'Rourke və Gilmorun ögey oğlu Çarli arasında qısa bir telefon zəngindən ibarət gizli hissə vardır. Bu, The Division Bell albomunu yekunlaşdırır.
Mahnı Shark 'n the Smoke tərəfindən A Fair Forgery of Pink Floyd albomunda ifa olunub.
Mahnı Nightwish tərəfindən iki müxtəlif canlı versiyada ifa olunub: biri Highest Hopes: The Best of Nightwish albomuna digəri isə End of an Era adlı DVD-ə daxil edilibş
Mahnı Gregorian qrupu tərəfindən Masters of Chant Chapter IV albomunda ifa olunub.
Mahnı 2000-ci ildə Sylvan qrupu tərəfindən Signs of Life – A Tribute to Pink Floyd albomunda ifa olunub.
Mahnı 2005-ci ildə fransız pauer metal qrupu Karelia tərəfindən Raise albomunda ifa olunub.
Mahnı 2012-ci ildə alman metalkor qrupu Caliban tərəfindən I Am Nemesis albomunun delyuks versiyasında ifa olunub.
Mahnı 2016-ci ildə alman şotland vokalçı Rey Vilson tərəfindən Song for a Friend adlı akustik albomda ifa olunub.
↑Fuller, Graham. "The Color of Floyd". Interview Magazine, p. 20-21. iyul 1994. 2011-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.