Hilmi Ziya Ülkən

Hilmi Ziya Ülkən (3 oktyabr 1901, Konstantinopol5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu.[1]

Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülken
Doğum tarixi 3 oktyabr 1901(1901-10-03)
Doğum yeri
Vəfat tarixi 5 iyun 1974(1974-06-05) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Elm sahələri fəlsəfə, sosiologiya
Təhsili

Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır.[2]

Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir.[1][3]

27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi.

1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.[4]

Hilmi Ziya Ülkən 5 iyun 1974-cü ildə İstanbulda vəfat etmişdir.

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hilmi Ziya Ülkən 1927–1929-cu illərdə fəaliyyət göstərən "Fəlsəfə və İctimaiyyat Cəmiyyəti" nin yaranmasında iştirak etmiş, cəmiyyətin nəşr orqanı olan "Fəlsəfə və İctimaiyyat Dərgisi"ndə məqalələr çıxarmışdır. Fəlsəfə cəmiyyəti ikinci dəfə Hilmi Ziya Ülkənin təklifi ilə fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, 1931-ci ildən çap edilən və "Türk Fəlsəfə Cəmiyyəti"nin nəşr orqanı olan "Fəlsəfə İlliyi" Hilmi Ziya Ülkənin şəxsi vəsaiti ilə çıxmışdır.[3]

Hilmi Ziya Ülkən fəlsəfəyə və sosiologiyaya aid bir çox beynəlxalq konfranslarda iştirak etmişdir. Filosof XX əsrin 30-cu illərindən konqreslərdə məruzələrlə çıxış etmişdir. Tədqiqatçı 1937-ci ildə Parisdə keçirilən IX Beynəlxalq Fəlsəfə konqresinin və 1948-ci ildə Amsterdamda keçirilən X Beynəlxalq Fəlsəfə konqresinin iştirakçılarından olmuşdur.

Hilmi Ziya Ülkən 1950-ci ildə İstanbulda Farabinin vəfatının 1000 illiyinə görə tədbir keçirmiş və bununla əlaqədar "Farabi tədqiqləri" adlı kollektiv kitabını çapa hazırlamışdır.

  • 1960-cı ildə Suriyada keçirilən Qəzali və 1961-ci ildə Qahirədə keçirilən tədbirlərə tezislər göndərmişdir.
  • 1962-ci ildə Bağdadın və Kindinin 1000 illiyi ilə əlaqədar konfransda da iştirak etmişdir.
  • Hilmi Ziya Ülkən 1949-cu ildə Osloda "Beynəlxalq Sosiologiya Cəmiyyəti"ni qurmaq üçün YUNESKO-nun hazırladığı komitəyə dəvət edilmiş və Oslodan qayıtdıqdan sonra "Türk Sosiologiya Cəmiyyəti"nin əsasını qoymuşdur.

Hilmi Ziya Ülkənin elmi əsərlərini mövzulara görə nisbi şəkildə qruplaşdırmaq mümkündür. Mütəfəkkirin əsərlərini psixologiya, sosiologiya və fəlsəfə olmaqla mövzulara bölən Hilmi Ziya Ülkən irsinin görkəmli tədqiqatçısı Eyyub Sanay da bu əsərləri nisbi olaraq ayırdığını qeyd etmişdir.[5]

Türkiyəli alim, Dr. Ayhan Vergili mütəfəkkirin "Ord. Prof. Hilmi Ziya Ülkən kitabı — həyatı, əsərləri və haqqındakı nəşrlər" ("Ord. Prof. Hilmi Ziya Ülken Kitabı — Hayatı, Eserleri ve Hakkındakı Yayınlar — Bibliyografya", İstanbul, İşaret Yayınları, 2016) adlı biblioqrafik göstəricisini hazırlamışdır. Kitabda "Hilmi Ziya Ülkən biblioqrafiyası" və "Hilmi Ziya Ülkən haqqında aparılan çalışmaların biblioqrafiyası" adlı iki bölmə vardır.

Hilmi Ziya Ülkənin yaradıcılığında Qəzalinin, İbn Ərəbinin, Sədrəddin Konəvinin, İmam Rəbbaninin və başqa görkəmli sufi mütəfəkkirlərin irsi geniş şəkildə işıqlandırılmışdır.

Türkiyənin elmi-mədəni həyatında fəal iştirak edən Hilmi Ziya Ülkən yaradıcılığı ilə fəlsəfi fikrin inkişafında əvəzsiz xidmət göstərmişdir.

Hilmi Ziya Ülkən tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, Qaston Riçardın "İctimaiyyat haqqında ibtidai məlumat" (1926), Aristotelin "Metafizika" (1935), Jan Jak Russonun "Emil" (1943), Emil Butronun "Təbiət qanunlarının imkanı haqqında" (1947), Benedikt de Spinozanın "Etika" (1948, təkrar nəşr 2004) və başqa alimlərin əsərlərini türk dilinə tərcümə etmişdir.[6]

Hilmi Ziya Ülkən və Əli bəy Hüseynzadə münasibəti

[redaktə | mənbəni redaktə et]

Hilmi Ziya Ülkən yaradıcılığının ilk dövrlərində, yəni bədii əsərlər qələmə alarkən Əli bəy Hüseynzadə ilə məsləhətləşdiyini, onunla fikir mübadiləsində olduğunu bildirmişdir: Anadolu nağıllarından "Tahirlə Zöhrə"ni mənzum pyes halında yazmışdım. "Dədə Qorqud" hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazırdım. Sonra "Kərəm"i yazmağı düşünürdüm.[7]

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: "Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Bir gün Türk Ocağında (1920) bu baba və nəvə kimi məhrəm və isti, içimi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onunla danışdığım sırada yeni yazmağa hazırlandığım bir dramı, "Şahnamə"də keçən "Siyavuş" hekayəsinə aid dramı anladırdım. Siyavuş burada İranla Turan arasındakı mübarizədə vətən və insanlıq duyğularının çəkişməsinin qurbanı olur. Hələ nəzm və ya nəsrmi yazacağımı qərarlaşdırmamışdım. Bu bəhsin tam əhli olan Hüseynzadə Siyavuş hekayəsi üzərində ətraflı izahat verdi. Günlərcə bu mövzuda danışdıq. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi. "Tahirlə Zöhrə" pyesini də atamın evində və onun Süleymaniyə Camisinə gedən küçədəki kirayə qaldığı evdə günlərcə dinlədi". Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadə ilə söhbətlərinin ədəbiyyatdan ibarət olmayıb, fəlsəfə sahəsində də fikir mübadiləsində olduqlarını bildirmişdir.[7]

Azərbaycan Demokratik Respublikasının banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni (1884–1955) "Azərbaycan Türklüyünü qurtarmağa çalışanlardan" biri kimi təqdim edən Hilmi Ziya Ülkən onunla Əli bəy Hüseynzadə vasitəsilə tanış olduğunu bildirmişdir. Hilmi Ziya Ülkən yazmışdır ki, Rəsulzadə İstanbula gəlmişdi, Hüseynzadə məni onunla tanış edərək "ikiniz də "Siyavuş"u yazırsınız. Biriniz siyasi, digəriniz milli-insani qayə ilə. Tanış olun" demişdi. Rəsulzadənin həmin ildə (1921) "Əsrimizin Siyavuşu" adlı bu əsəri Türkiyədə çapdan çıxdı. Bu əsərdə Azərbaycanın siyasi taleyi milliyyətçilik ilə kommunizmin arasında əzilmiş olaraq göstərilir və bu Türk ölkəsi Siyavuşun dramına bənzədilirdi. Ondan olduqca az sonra kommunist idarəsinin Azərbaycanda Türk idarəsini yıxması ilə Yusif bəy Vəzir Çəmənzəminli və Məhəmməd Əmin Rəsulzadə Parisə getdilər, orada gücləri yetdiyi qədər "Prometey" adlı bir fransızca dərgi çıxararaq mübarizələrini madafiə etməkdə davam etdilər.[7]

Hilmi Ziya Ülkən "İçtihat" evinin əski yoldaşların fikir ocaqlarından biri rolunu uzun zaman saxladığını bildirmişdir: Atamla birlikdə bir gün "İçtihat" evinə getdik. Abdullah Cevdet, Hüseynzadə, Fuad Köprülü orada idi. Bir başqa səfərində İsmayıl Hakkı Baltacıoğlu da vardı. Əli Turan Tibbiyyədəki dərsləri xaricində humanizm əlaqəsinə, Türkçülüyə xidmətinə o qədər çox zaman ayırırdı ki, onun bəzən həkim olduğu unudula bilirdi. Bununla bərabər tibbdə də ciddi çalışmaları vardı.[7]

"Türk təfəkkür tarixi" kitabı

[redaktə | mənbəni redaktə et]

Hilmi Ziya Ülkən XX əsrin 30-cu illərindən türk təfəkkürü və düşüncəsi haqqında tədqiqat işinə başlamış, iki cildlik "Türk təfəkkür tarixi" (İstanbul, 1933) kitabını yazmışdır. O, bu kitabı Qalatasaray liseyində müəllim işləyərkən qələmə alaraq nəşr etdirmişdir. Alim bu mövzunu bir fənn kimi də tədris etmişdir.

Filosofun yaradıcılığında mühüm yer tutan "Türk təfəkkür tarixi" kitabı müəllifinə şöhrət qazandırmışdır. Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürk kitabı yüksək qiymətləndirmiş, Hilmi Ziya Ülkənlə görüşmüşdür.[8]

"İslam fəlsəfəsi, qaynaqları və təsirləri" əsəri

[redaktə | mənbəni redaktə et]

Hilmi Ziya Ülkənin fəlsəfə tarixindəki mühüm xidmətlərindən biri İslam aləminin fəlsəfəsini, düşüncəsini sistemli şəkildə araşdırmasıdır.

Mütəfəkkirin "İslam fəlsəfəsi, qaynaqları və təsirləri" əsərində və başqa kitablarında Şərq fəlsəfəsi dünya fəlsəfəsinin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilmiş, bəşər fəlsəfəsi tarixində onun yeri və əhəmiyyəti göstərilmişdir.[6]

Hilmi Ziya Ülkən Aligyeri Dantenin yaradıcılığında ərəbcədən latın dilinə çevrilən elmi və fəlsəfi əsərlərdən geniş bəhrələndiyini, lakin onun təəssübkeş xristianlıq mövqeyindən Məhəmməd peyğəmbərə, İmam Əliyə və xristian olmayan filosoflara mənfi münasibət bəslədiyini bildirmişdir.[9]

Zakir Məmmədovun Hilmi Ziya Ülkənin elmi fəaliyyətinə münasibəti

[redaktə | mənbəni redaktə et]

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Hilmi Ziya Ülkənin Şərq fəlsəfəsi tarixi sahəsindəki fəaliyyətini yüksək dəyərləndirmiş, filosofların və mütəfəkkirlərin təlimləri haqqındakı araşdırmalarına münasibət bildirmişdir. Hilmi Ziya Ülkənin Bəhmənyar haqqında tədqiqatı barədə Zakir Məmmədov yazmışdır: "Türk tədqiqatçıları içərisində Bəhmənyarla ən çox maraqlanıb onun fəlsəfəsinə dair mülahizələr söyləyən fəlsəfə tarixçisi Hilmi Ziya Ülkəndir. O, özünün müxtəlif tədqiqat əsərlərində Bəhmənyarın "Metafizika elminin mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarından bəhs etmiş, həmin materialın verdiyi imkan daxilində Azərbaycan filosofunun ontologiyasını nəzərdən keçirmişdir".[10]

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hilmi Ziya Ülkən bədii yaradıcılıqla da məşğul olmuş, şair və nasir kimi tanınmışdır. Bədii əsərlərin müəllifi olan alim şeirlə yanaşı romanlar da qələmə almışdır. "Poçt yolu" (1942), "Yarım adam" (1942), "Şeytanla söhbətlər" (1943) romanları onun bədii yaradıcılığının məhsuludur. Hilmi Ziya Ülkən təsviri incəsənət sahəsində də fəaliyyət göstərmişdir. Gülseren Ülkən mütəfəkkirin portret və mənzərə rəsmləri çəkdiyini, xəttatlıqla da məşğul olduğunu bildirmişdir.[11]

Ömrünü elmə həsr edən Hilmi Ziya Ülkənin əsərləri hər zaman aktualdır. Məhz buna görə də böyük elmi dəyər kəsb edən həmin əsərlər dəfələrlə nəşr edilmişdir. Bu işdə isə alimin qızı Gülseren Ülkənin xidməti vardır.[6]

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Türk tefekkür tarihi. İstanbul, 1933
  • Uyanış devirlerinde tercümenin rolü. İstanbul, 1935
  • İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967
  • Varlık ve oluş. Ankara Üniversitesi Basımevi, 1968
  • Tarihi maddeciliğe reddiye. İstanbul, 1976
  • Türkiyede çağdaş düşünce tarihi. İstanbul, 1994
  • Ziya Gökalp. İstanbul, 2007
  • Dünyada ve Türkiyede sosyoloji, öğretim ve araştırmaları. İstanbul, 2008
  • Aşk ahlakı. İstanbul, 2010
  1. 1 2 Aytək Zakirqızı. Yaradıcılıq yolu. "Elm" qəzeti, 29.04.2006. № 11–12(770–771)
  2. Aytək Zakirqızı (Məmmədova). Türkiyə fəlsəfi fikrinin zirvəsi — Hilmi Ziya Ülkən. Bakı, 2016
  3. 1 2 Aytək Zakirqızı. Hilmi Ziya Ülkənin yaradıcılıq irsindən. Elmi əsərlər, elmi-nəzəri jurnal, № 1(11), Bakı, 2008.
  4. Aytək Zakirqızı (Məmmədova). Türkiyə fəlsəfi fikrinin zirvəsi — Hilmi Ziya Ülkən. Bakı, 2016. səh.41
  5. Eyyüp Sanay. Hilmi Ziya Ülken. Ankara, 1986
  6. 1 2 3 Aytək Zakirqızı. Qiymətli elmi əsərlər. "Şərq-Qərb: sivilizasiyaların dialoqu". Elmi-nəzəri jurnal. № (5)3–4. Bakı, 2006
  7. 1 2 3 4 "Aytək Zakirqızı (Məmmədova).Əli bəy Hüseynzadə haqqında Türkiyənin böyük mütəfəkkiri Hilmi Ziya Ülkənin xatirələri". 2015-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
  8. "Hilmi Ziya Ülkənin yaradıcılığında Türk təfəkkür tarixi məsələləri". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
  9. Aytək Zakirqızı. Hilmi Ziya Ülkən Dantenin İslam dininə münasibəti haqqında. Dövlət və din. İctimai fikir toplusu. Mart-Aprel 2011. 2(22). səh. 77–81
  10. Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983.
  11. Süleyman Hayri Bolay. Gülseren Ülken ile babası Ord. Prof. Hilmi Ziya Ülken hakkında bir söyleşi. Türk Yurdu. cilt: 22, sayı: 174 . Şubat 2002
  • Aytək Zakirqızı. Yaradıcılıq yolu. "Elm" qəzeti, 29.04.2006. № 11–12(770–771)
  • Aytək Zakirqızı. Qiymətli elmi əsərlər. "Şərq-Qərb: sivilizasiyaların dialoqu". Elmi-nəzəri jurnal. № (5)3–4. Bakı, 2006
  • Aytək Zakirqızı. Hilmi Ziya Ülkənin yaradıcılıq irsindən. Elmi əsərlər, elmi-nəzəri jurnal, № 1(11), Bakı, 2008, səh. 11–16
  • Aytək Zakirqızı. Hilmi Ziya Ülkənin yaradıcılığında Şərq elminin, fəlsəfəsinin Qərbə təsiri məsələləri. AMEA Xəbərlər. Tarix, fəlsəfə, hüquq. № 12. Bakı, "Elm", 2009, səh. 280–289.
  • Aytək Zakirqızı. Hilmi Ziya Ülkən Dantenin İslam dininə münasibəti haqqında. Dövlət və din. İctimai fikir toplusu. Mart-Aprel 2011. 2(22). səh. 77–81
  • Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983
  • Eyyüp Sanay. Hilmi Ziya Ülken. Ankara, 1986
  • Süleyman Hayri Bolay. Gülseren Ülken ile babası Ord. Prof. Hilmi Ziya Ülken hakkında bir söyleşi. Türk Yurdu. cilt: 22, sayı: 174 . Şubat 2002

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]