Honkonq Universiteti (ing. University of Hong Kong) — Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet Çinin Honkonq şəhərindəki Pokfulam ərazisində yerləşir.
Honkonq Universiteti HKU, 港大 | |
---|---|
22°17′03″ şm. e. 114°08′16″ ş. u.HGYO | |
Əsası qoyulub | 1911 |
Tip | Dövlət. |
Tələbə sayı | 23400 nəfər, İşçi heyəti: 6539 nəfər. |
Şəhər | Honkonq şəhəri |
Ölkə | ÇXR |
Sayt | hku.hk |
Vikianbarda əlaqəli mediafayllar |
Honkonq Universitetinin təməli 16 mart 1910-cu ildə həmin dövrdə Honkonq qubernatoru olan Frederik Luqard tərəfindən qoyulub. Universitetin yaradılmasında məqsəd çinli gənclərin istifadəsinə ən müasir ali təhsil müəssisəsini vermək olub. Universitetin rəsmi açılışı 11 mart 1911-ci ilə təsadüf edir, 1887-ci ildən fəaliyyət göstərən Tibb Kolleci də həmin il universitetə birləşdirilir. Bir il sonra universitetdə mühəndislik və incəsənət fakültələri açılır. 1916-cı ilin dekabrında Honkonq Universiteti 23 tələbə və 5 fəxri məzunla ilk yığıncağını keçirir.
Yaradılmasından on il keçdikdən sonra - 1921-ci ildə universitetə ilk qız tələbələr qəbul edilir. 1927-ci ildə burada çin Tədqiqatları Məktəbi yaradılır. 1937-ci ildə universitetin Kraliça Mariya hospitalı açılır və həmin vaxtdan bu günədək universitet xəstəxanası kimi fəaliyyət göstərir. İkinci Dünya müharibəsinədək təhsil ocağında dörd fakültə - incəsənət, mühəndislik, tibb və elm fakültələri mövcud olub. Həmin dövrdə universitet kampusunun və tədris proqramlarının təkmilləşdirilməsini planlaşdırsa da, müharibənin başlaması buna mane olur və yapon işğalı dövründə Honkonq Universiteti fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.
1945-ci ildən başlayaraq təhsil ocağında ciddi struktur dəyişikliklərinə başlanılır. Universitetin sürətli inkişafı müxtəlif fənlərin tədrisi üçün ixtisaslaşmış mütəxəssislərə ehtiyac yaradır, yeni-yeni kadrlar işə qəbul edilir, tələbələrin sayı sürətlə artır. 1967-2000-ci illərdə daha altı fakültə açılır. Məhz bu dövrdə universitet dünyaya yüksək səviyyəli həkim, mühəndis, memar və hüquqşünaslar, dövlət qulluqçuları, menecment, marketinq, dizayn və s. sahələr üzrə mütəxəssislər bəxş edir.
Yarandığı gündən universitet Honkonqun novator ruhunu özündə təcəssüm etdirir. Bu gün də təhsil müəssisəsi müxtəlif sahələr üzrə intellektual sıçrayışlar edir, dünyəvi elmi tədqiqatlar aparır. 2011-ci ildə universitetin 100 illik yubileyinin təntənəli qeyd olunması ilə əlaqədar ciddi hazırlıq işləri aparılır və bu məqsədlə əsas kampusun qərbində yeni Centennial kampusu tikilir.
Honkonq Universiteti bir çox Qərb universitetləri ilə müqayisədə dövlət tərəfindən yüksək səviyyədə maliyyələşməsi ilə seçilir. 1991-ci ildən başlayaraq Tədqiqat Qrantları Şurası (RGC) bu ali təhsil müəssisəsinə 893 milyon Honkonq (HK) dolları dəyərində vəsait ayırıb. Universitet müəllimlərin əməkhaqqının çoxluğuna görə hətta ABŞ-nin özəl universitetlərini qabaqlayaraq dünyada ön sıralardan birini tutur.
2009-2010-cu tədris ilində Honkonq Universitetində yerli tələbələr üçün təhsil haqqı 42100, əcnəbi tələbələr üçün isə 100 000 HK dolları (təxminən 12900 ABŞ dolları) təşkil edib. Yataqxanaların birillik qiyməti 1200 ABŞ dolları dəyərindədir. ümumilikdə, tələbənin birillik xərcləri onun necə yaşamasından asılı olaraq, təxminən, 75000 HK dollarına (9700 ABŞ dolları) bərabərdir. Qarşılaşdıqları çətinliklərin həllində tələbələrə yardım edən Tələbə Təşkilatına üzv olmaq üçün onlar 240 HK dolları ödəməlidirlər.
Universitetə yüksək balla qəbul olmuş tələbələrə, təxminən, 1500 ABŞ dolları məbləğində təqaüd verilir. Yaxşı oxuyan tələbələr də təqaüd və yardımlar alırlar.
Honkonq Universitetinin əsas kampusu Honkonqun mərkəzində 160000 m²-lik ərazidə yerləşir. Honkonqda Britaniyanın bu ərazidə müstəmləkəçilik etdiyi dövrlərə aid bir neçə memarlıq nümunəsi vardır. Universitetin binaları da bu nümunələrdəndir. 1910-1912-ci illərdə renessans üslubunda inşa edilən həmin binalar qırmızı kərpic və qranitdəndir.
Tibb kampusu əsas kampusdan 4,5 km cənub-qərbdə Sendi-Bey ərazisi yaxınlığında yerləşir. Burada Li Ka Şin Tibb Məktəbi, Kraliça Mariya hospitalı, Uilyam korpusu, Stomatologiya Məktəbi, Şahzadə Filip adına stomatoloji poliklinika mövcuddur. Həmçinin universitet 95000 m² ərazidə yerləşən Kadoorie Kənd Təsərrüfatı Mərkəzinə, d-Agilar yarımadasındakı Svaye Dəniz Elmləri İnstitutuna malikdir.
Honkonq Universitetində Memarlıq, İncəsənət, Pedaqogika, Dəqiq elmlər, Biznes və İqtisadiyyat, Mühəndislik, Sosial elmlər, Hüquq, Li Ka Şin Tibb, Stomatologiya məktəbləri fəaliyyət göstərir.
Magistrant və doktorantların təhsil aldıqları Ali Məktəb 1998-ci ildə yaradılıb. Məktəb Diplomdansonrakı Təhsil Şurası tərəfindən idarə olunur. Burada magistrant və doktorantlara qabaqcıl, eləcə də beynəlxalq təhsil təcrübəsi öyrədilir.
Peşə Təhsili və Fasiləsiz Təhsil Məktəbi Honkonqda bu sahə üzrə ən aparıcı təhsil mərkəzidir və hər il tələbələrə 1000-dən çox proqram təklif edir. Məktəb 1992-ci ildə Qiyabi Tədqiqat Departamentinin əsasında yaradılıb. Peşə Təhsili və Fasiləsiz Təhsil Məktəbinin binası universitetin əsas kampusunda yerləşir. Honkonqun müxtəlif rayonlarında məktəbin 11 korpusu mövcuddur.
Universitetin Kosmik Cəmiyyət Kolleci 2000-ci ildə yaradılıb. Burada əyani bölmədə 6000-dən çox tələbə təhsil alır.
Honkonq Universitetində 100-dən çox xüsusi ixtisaslaşmış tədris və tədqiqat institutu, mərkəzlər fəaliyyət göstərir - Asiya, Buddizm, Kütləvi İnformasiya Vasitələri, Kənd Təsərrüfatı, Dəniz elmləri, Şəhərsalma və Ətraf mühitin mühafizəsi, Genom Tədqiqatları, İntiharın tədqiqatı və qarşısının Alınması, İngilis mərkəzləri və s.
Honkonq Universiteti bir çox proqramlar həyata keçirir. Şanxay, çunsin, Şençjen və çinin digər şəhərlərində təhsil almaq üçün universitet altı proqram təklif edir. Honkonq Universiteti Şanxayda yerləşən Fudan Universiteti ilə birgə beynəlxalq MBA proqramı həyata keçirir, bu isə tələbələrin daha çox marağına səbəb olur. Honkonq Universiteti Prinston və Yel universitetləri, Massaçusets Texnologiya İnstitutu, Uorton Biznes Məktəbi və dünyanın digər ali məktəblərilə də beynəlxalq proqramlar həyata keçirir. Hər il bu universitetdə dünyanın bir sıra ali təhsil müəssisələrinin 1000-dən çox tələbəsi tədqiqat aparır. Müxtəlif dillərlə maraqlanan tələbələr üçün Qərbi Avropa, Yaponiya, Koreya, Rusiya və digər ölkələrdə yay proqramları təşkil edilir.
Honq Konq Universitetinin kitabxana sisteminə yeddi kitabxana daxildir. Kitabxanalar oxucuların istifadəsinə zəngin kolleksiya və geniş xidmət spektri təqdim edir. Kitabxana sistemində ümumilikdə 2,7 milyon çap edilmiş, 1,3 milyon elektron kitab, 44000 jurnal, mikrofilm, rəqəmsal resurs mövcuddur və bunların hamısı kitabxananın İnternet səhifəsində yerləşdirilib.
Universitetin əsas kitabxanasında 1,2 milyondan çox kitab var. Kitabxananın Hung On-K kolleksiyasına bütün sahələri əhatə edən Honkonq üzrə məcmuələr daxildir. Kitabxanada hər gün 24 saat fəaliyyət göstərən tədris mərkəzi mövcuddur. Universitetin əməkdaşları və tələbələrini geniş proqramla təmin etmək məqsədilə burada 120-dən çox kompüter terminalı fəaliyyət göstərir. Digər böyük kitabxana çin materialları kolleksiyaları, nadir əlyazmalar saxlanılan Pinq Şan kitabxanasıdır. Burada Asiya dillərində olan 852776 cild kitab var.
Beş ixtisaslaşmış kitabxana isə (Yu çun Keunq Tibb, Stomatologiya, Lui çe Vu hüquq, təhsil və musiqi kitabxanaları) aid olduqları məktəblərdə fəaliyyət göstərir. ümumilikdə, bu kitabxanalarda 471046 kitab mövcuddur.
Honkonq Universitetinin nəzdində tədrisin, tədqiqatların və idarəetmənin dəstəklənməsi məqsədilə kompüter mərkəzi fəaliyyət göstərir. Honkonq Universiteti onunla əlaqə yaradan hər bir şəxsin İKT biliklərinin təkmilləşdirilməsi, yeniliklərlə tanış edilməsi məqsədilə bu mərkəzdə kurs, seminar və müxtəlif proqramlar təşkil edir, eləcə də, Helpdesk vasitəsi ilə peşəkar məsləhətlər verir. Universitetin portal sistemi müəllim və tələbələrin geniş informasiya texnologiyalarına, resurslarına və veb-interfeysə çıxışını təmin edir. Qeyd edək ki, universitetin bütün kampusları yüksəksürətli İnternet şəbəkəsi ilə təmin edilib. Universitetin kompüter mərkəzi, kitabxana və Honkonq Universiteti mətbuatı bu təhsil müəssisəsinin intellektual fəaliyyətinin ən vacib hissəsi hesab edilir.
Honkonq Universitetinin üçmərtəbəli binada yerləşən Funq Pinq Şan muzeyi 1932-ci ildə tikilib. Funq Pinq Şan əvvəllər kitabxana kimi fəaliyyət göstərsə də, sonradan muzeyə çevrilib. 1953-cü ildə əsas kampusda universitet muzeyi və bədii qalereya yaradılıb. Bu, Honkonqda yerləşən ən qədim muzeydir. 1996-cı ildə universitet muzeyi və bədii qalereyaya Tsuy adlanan yeni bina əlavə edilib və köhnə muzey binası ilə körpü vasitəsilə birləşdirilib. Muzeylərdə, əsasən, keramika və tuncdan olan qədim əşyalar, rəsm əsərləri, neolit dövrü, Tsin sülaləsi dövrünə aid nümunələr saxlanılır.
Honkonq Universitetinin Təhsil və Tədqiqatlar üzrə fondu 1995-ci ildə yaradılıb. Fond müxtəlif donorların hesabına vəsait toplayır, həmin vəsaiti isə universitetin həyata keçirdiyi layihə və elmi tədqiqatlara xərcləyir. Son on ildə fond universitetə bir çox mühüm təşəbbüslərin gerçəkləşməsində kömək göstərib. Fondun sayəsində yeni akademik və təcrübə proqramları, təqaüdlər, mükafatlar, xarici birjalar reallaşdırılıb. Hazırda fond 2010-cu ildə istifadəyə veriləcək böyük Centennial kampusun tikilməsində universitetə yardım edir.
Hazırda Honkonq Universitetində 23400 tələbə təhsil alır. Onların 12150 nəfərini bakalavr, 11250 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Hər il universiteti 7500-ə yaxın məzun bitirir.
Universitetdə tələbələrə dəstək məqsədi daşıyan İnkişaf və Resurs Mərkəzi fəaliyyət göstərir. Mərkəz bir sıra problemlər üzrə tələbələrə məsləhətlər verir, onların işlə, səhiyyə xidmətləri ilə təchiz olunmasını, təhlükəsiz yaşamalarını təmin edir. Universitetin rəsmi qəbul olunmuş iki tələbə təşkilatı mövcuddur: Honkonq Universiteti Tələbə Təşkilatı (HKUSU) və magistrant və doktorantları birləşdirən Ali Təhsil Tələbə Cəmiyyəti (PGSA).
Honkonq Universiteti uzun illərdir ki, tələbələrini yataqxanalarla təmin edir. Burada hesab edirlər ki, müxtəlif ölkədən, təbəqədən olan tələbələrin bir yerdə yaşamaları onların dünyagörüşünü, həyata baxışını, intellektual səviyyəsini zənginləşdirir. Universitetdə 20 tələbə yataqxanası var: Hersoginya Kent, Ali Ev, Hornell, Ledi Ho Tunq, Li çi Xun, Li Hysan, Li Şau Ki, Pokfild Yol, RC Li, Riççi, Robert Blek, Simon KY Li, Sent-Cons, Starr, Sin çi Sun, Svaye, Universitet, Vey Lun, tibb üzrə təhsil alanlar üçün Xanım Xe SH, Morrison yataqxanaları. Yataqxanalarda tələbələrin istifadəsinə tibb, bank, poçt, kompüter xidmətləri, kitab mağazaları, kitabxanalar, muzeylər, restoranlar, supermarketlər, idman, əyləncə mərkəzləri, tələbə kooperativləri və s. verilib. Burada universitetə gələn alimlər, fəxri qonaqlar, nümayəndə heyətləri, doktorantlar üçün Robert Blek, Müqəddəs Con, Ali Ev və Pokfild Yol rezidensiyaları mövcuddur.
Universitetin işçi heyətinin sayı 6539 nəfərdir. Onların 2520-si müəllim, qalanları isə inzibati işçilərdir. Universitetin müəllimləri tələbələrə müstəqil tədqiqatlar aparmağı, lazımi informasiyaları düzgün axtarmağı, filtrdən keçirməyi, şərh etməyi öyrədir, onlara yüksək təcrübə toplamağa kömək edirlər. Honkonq Universitetinin hazırkı - 14-cü prezidenti və vitse-kansleri professor Lap-çi Suydur. O, bu vəzifəni 2002-ci ilin sentyabrından icra edir. Professor Yue-çim Riçard Vonq vitse-kanslerin müavini və universitetin rektorudur. Universitetin əsas idarə vasitələri Universitet Məhkəməsi, Universitet Şurası, Senat və Fakültələr Şurasıdır. Büdcə məsələləri Maliyyə İdarəsi tərəfindən icra edilir.
Bu ali məktəb universitetlərdən ibarət olan "Universitas 21"[1] adlı beynəlxalq elmi-tədqiqat konsorsiumunun yaradıcılarındandır.
2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
30 | 28 | 26 | 23 | 22 | 23 |
2015/16[8] | 2014/15[9] | 2013/14[10] | 2012/13[11] | 2011/12[12] | 2010/11[13] |
---|---|---|---|---|---|
44 | 43 | 43 | 35 | 34 | 21 |
Honkonq Universitetinin müxtəlif sahələr üzrə tanınmış məzunları universitetin inkişafına böyük töhfələr veriblər. Məzunların əksəriyyəti şəxsi hesabından, digərləri vəsait toplamaqla yardımlar göstərib və universitetin səfiri timsalında təhsil müəssisəsini dünyada tanıdıblar.
Honkonq Universitetinin ən məşhur məzunu və fəxri sayılan müasir çin Xalq Respublikasının banisi, inqilabçı, Kuomintan partiyasının yaradıcısı, 1940-cı ildən "Millətin atası" adlandırılan doktor Sun Yat-Sendir. Sun Yat-Sen bu ali təhsil müəssisəsini tibb və cərrahiyyə ixtisası üzrə bitirib. O, universitetdə qonaq olarkən belə söyləyib: "Elə bir hiss keçirirəm ki, sanki öz evimdəyəm. Honkonq Universiteti mənim biliyimin vətənidir".