II Şahnəzər — Vərəndə məliki və Qarabağ xanı Pənahəli xanın Xəmsə məlikləri arasında əsas müttəfiqi.
Məlik II Şahnəzər | |
---|---|
Vərəndə məliki | |
1743/1747 – 1792 | |
Əvvəlki | Məlik Hovsep və ya Məlik Mirzəbəy |
Sonrakı | Məlik Cümşüd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1725/26 və ya 1731 |
Vəfat tarixi | |
Vəfat yeri | Vərəndə, Qarabağ |
Atası | Məlik Hüseyn |
Anası | Zöhrə xanım |
Uşağı | Məlik Cümşüd |
Ailəsi | Şahnəzərovlar (ata tərəf), Kəngərlilər (ana tərəf) |
Dini | xristian |
II Şahnəzərin anası Zöhrə xanım Naxçıvan xanının qızı idi. Zöhrəni Məlik Hüseyn qaçırmış və onunla evlənmişdi. Bir və ya iki il sonra Şahnəzər dünyaya gəlmişdi.[1] Şahnəzər Nadir şahın ölümündən sonra atabir qardaşı olan Hovsepi öldürərək hakimiyyətə gəlmişdi.[2] Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşirə görə isə o, qardaşını yox, əmisini öldürərək hakimiyyətə gəlmişdir.[3] Daha sonra II Şahnəzər Hovsepin oğlu Sayı bəyi də öldürmüşdür.[4][5]
II Şahnəzər Qarabağ xanı Pənahəli xanın hakimiyyətini qəbul etmişdir.[6] O, qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını daha da gücləndirmişdir.[7]
II Şahnəzərin qanuni yolla hakimiyyətə gəlməsi haqqında fikir də mövcuddur. Tarixçi Pavel Çobanyanın fikrinə görə, Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşir onun qanunsuz yolla hakimiyyətə gəldiyini göstərərək Qarabağ xanlarının və onların övladlarının irsi hüquqlarını təsdiq etmək və Məlik-Şahnəzərlərin Rusiya hakimiyyəti qarşısında nüfuzdan salmaq istəyirdilər. Buna baxmayaraq, Azərbaycan tarixçilərinin II Şahnəzərin qanunsuz yolla hakimiyyətə gəlməsi haqqında fikirləri erməni müəllifləri tərəfindən qəbul edilmiş və təkrarlanmışdır.[8]
Erməni müəllifi Raffi II Şahnəzəri qohumlarını öldürdüyü, Vərəndədə hakimiyyəti zorla ələ keçirdiyi və Qarabağ xanı Pənahəli xanla müttəfiq olduğu üçün "xain və cani" adlandırır. Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur.[9] Qarabağa səfər etmiş erməni səyyahı Yosef Emin qeyd edir ki, II Şahnəzərin müttəfiqi Mirzə xanın arvadı məliyi "Pənahəli xanın həqiqi dostu, fars dilində təhsil almış və müsəlmanların bizim dağlarımızda təsisçisi" kimi təsvir edirdi. Qadının fikrinə görə, II Şahnəzər xristian adına layiq deyildi.[10] II Şahnəzər xalq hekayələrində təlxək Pele Puği vasitəsilə gülməli vəziyyətlərə düşərək ələ salınmışdır.[11] O, Amaras monastırını təmir edərək, bəzi müəlliflərə görə, günahlarının bağışlanacağına ümid etmişdir.[12][13]
II Şahnəzərin oğlu Məlik Cümşüd Qarabağ xanı İbrahimxəlil xanın Qacarlara qarşı mübarizəsinə kömək etmişdir. Cümşüd 1805-ci ildə İbrahimxəlil xanın rusların hakimiyyətini qəbul etməsinə kömək etmiş, İbrahimxəlil xan Qacar şahzadəsi Abbas Mirzənin tərəfinə keçəndə Dmitri Lisaneviçlə birlikdə onu öldürmüşdür.[14]