Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirzə Adıgözəl bəy Qarabaği (1780-ci illər, Şuşa – 9 sentyabr 1848, Rəhimli, Goranboy rayonu) — tarixçi.
Mirzə Adıgözəl bəy Qarabaği | |
---|---|
Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu Qarabaği | |
Doğum tarixi | 1780-ci illər |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Rəhimli |
Dəfn yeri | |
Fəaliyyəti | tarixçi |
Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə keçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata keçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı.
Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət edib. Xan İrana qaçandan sonra komendant tərəfindən mahala naib təyin edilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə getdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin etdilər".[1] Mirzə Adıgözəl bəy və qardaşlarının əsas mülkləri İyirmidörd mahalının ərazisində yerləşirdi. Onların mal-mülkləri Rus-İran savaşlarında talan olunmuşdu. Qardaşlar özlərini barışdan sonra düzəldə bildilər. Mirzə Adıgözəl bəy isə əsirlik həyatı yaşamışdı. Qayıdandan sonra naib vəzifəsini yenidən icra etməyə başladı.
1828-ci ildən sonra Mirzə Adıgözəl bəyin mahal ərazisində xeyli mülkü vardı. Bayəhmədli, Cinli-Boluslu, Qazaq-Nəsibli obaları, Varvara, Alpout, Rəhimli və başqa kəndlər onun özəl mülkü sayılırdı. Bunlardan başqa Balçılı obası, Manik, Şamabad, Divararxı mülkləri ona məxsus idi. Kabablı, Şütur, Baldaşin, Goran, Talış, Qaraçinar, Sarov kəndlərində torpaqları vardı. Goran çayı boyunca bütün yataqlar onun idi. O, xeyli yaylaqlara, qışlaqlara, ayrı-ayrı yerlərdə yataqlara, zavod ərazisinə və saysız torpaq sahələrinə yiyələnmişdi.
Mirzə Adıgözəl bəy rus ordusunda podporuçik, poruçik və kapitan rütbələrində xidmət etmişdi. Təqaüdə çıxandan sonra əyalət məhkəməsində çalışmışdı.
O, 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarına güzgü tutan "Qarabağnamə" adlı tarixi əsər yazmışdır.
Mirzə Adıgözəl bəy 1848-ci ildə sentyabrın 9-da vəfat etmiş, özəl mülkü Rəhimlidə dəfn olunmuşdur.
Mirzə Adıgözəl bəy Azərbaycan dilindən başqa o, rus, fars, erməni və gürcü dillərini bilir, Şərq poeziyasını sevir, şeirlər yazırdı. Nizamin yaradıcılığının pərəstişkarı olan Mirzə Adıgözəl bəy böyük şairin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirmişdi. 1845-ci ildə Mirzə Adıgözəl bəy Azərbaycan dilində 1736-cı ildən 1828-ci ilə qədər Qarabağın siyasi tarixini şərh edən salnaməsini görmə qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazdırmışdır. Əsər 1950-ci ildə nəşr olunmuşdur.
Mirzə Adıgözəl bəyin Hüseyn bəy, Haqverdi bəy, Məmmədqasım bəy və Həsənqulu bəy adlı oğulları, Balaxanım xanım, Sayalı xanım adlı qızları vardı.