Azərbaycan tarixşünaslığı — yerli və xarici mənbələr vasitəsilə Azərbaycanın və ya azərbaycanlıların tarixinin qeydə alınması, Azərbaycan ədəbiyyatında tarixi əsərlərin yazılması və Azərbaycan milli tarixşünaslığının inkişafı.
XV əsrdə yazılmış "Tarix-i Xətai" və XVII–XIX əsrlərə aid edilən "Dərbəndnamə" tərcümə əsəri azərbaycan dilində yazılmış ilk tarixi əsərlər hesab edilir. XVIII əsrdə azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır ("Xudabəndi oğlu Şah Abbasın dövrünün tarixi", "Səfəviyyə padşahları", "Şirvan hadisələri", "Müsibətnamə" və s.). Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur. Dağıstan alimi Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazılmış "Əsəri-Dağıstan" kitabı Dağıstan tarixi haqqında Şərq yazılı məlumatlarını ehtiva edir, Əlkədəri bu əsəri ilə Dağıstanı qlobal İslam tarixinə inteqrasiya edirdi. Sovet dövründə Azərbaycan tarixi geniş öyrənilmişdir.
Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində (VII–X əsrlər) Azərbaycanda mövcud olmuş Qafqaz Albaniyası haqqında, bura hücum etmiş hunlar və xəzər türkləri haqqında məlumat verir,[1] onların həyatı, mənəviyyatı və inancları, xüsusilə xristianlığı qəbul etmələri təsvir edilir.[2]
IX əsr ərəb tarixçisi Yaqubinin "Kitab əl-buldan" əsərində Qafqaza, Ərməniyyəyə və Azərbaycana aid məlumatlar verilir. Rus şərqşünas Nikolay Aleksandroviç Karaulov əsərin bu hissələrini rus dilinə tərcümə etmiş, bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903-cü ildə işıq üzü görən buraxılışında nəşr edilmişdir.[3] "Kitab əl–buldan"da Qafqaza aid hissələr 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira Əlizadə tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir.[4] "Tarixi-Yaqubi"dən (IX əsr) Qafqaz və Azərbaycanla bağlı hissələr Panteleymon Juze tərəfindən rus dilinə tərcümə edilərək 1927-ci ildə Bakıda nəşr edilmişdir.[5][6]
XVII əsr Osmanlı tarixçisi Münəccimbaşı Əhməd Dədənin ərəbcə yazdığı "Cami əl-düval" əsərinin[7][8] əhəmiyyəti hal-hazırda itmiş olan müxtəlif mənbələrdən (xüsusilə bir çox kiçik müsəlman sülalələri haqqında) götürülmüş məlumatların əsərdə qorunub-saxlanılmasıdır. Buna misal Münəccimbaşının itirilmiş "Tarix Bab əl-əbvab" ("Dərbəndin tarixi") əsərindən istifadə etməsidir. "Tarix Bab əl-əbvab"da Cənubi Qafqazın şərqi, Arran və Adərbayqanın sülalələri haqqında çox məlumat var idi.[7]
Elxani dövrü alimi Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsəri səlcuqların tarixindən, türk və monqol tarixindən, mədəniyyətindən, türk boylarının mənşəyindən bəhs edir, həmçinin Oğuznamə, Oğuz xanın əfsanəsi bu əsərdə mövcuddur.[9]
Ağqoyunlu dövrünə aid "Kitabi-Diyarbəkriyyə" əsərində girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər verilir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır.[10] Kitabda 1408–1419, 1424–1428, 1429–1433-cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450-ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir.[11] Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış "Tarixi-aləm arayi-Əmini" əsəri[12] dövlətin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir.[13]
Osmanlı mədəniyyətinə töhfə verən Azərbaycanlılar (demonim) arasında Ağqoyunlu bürokratı və tarixçisi, Azərbaycanlı türklərin ləhcəsində danışan İdris Bitlisi var idi.[14][15] İdris Bitlisi Ağqoyunlu hökmdarı Sultan Yaqubla birlikdə İran Azərbaycanından İrəvana etdiyi səyahəti "Risalə-i Xəzaniyyə" adı ilə fars dilində yazmışdır. Əsərdə Ağqoyunlular dövləti və tarixi əsərlərlə bağlı məlumatlar mövcuddur.[16]
Səfəvi tarixçiliyi həm Teymuri, həm qərbi Türkmən (Qaraqoyunlu və Ağqoyunlu) tarixçilik ənənəsindən bəhrələnmişdir. Bu dövrdə azərbaycandilli[17][18] qızılbaşlar da tarixin yazılmasında iştirak etmişdir.[19] Azərbaycandilli[18] Səfəvi tarixçisi Həsən bəy Rumlu fars dilində "Əhsən ət-təvarix" əsərini yazmışdır. Əsərdə XV–XVI əsrlərdə Azərbaycan, İraq, Xorasan, Mavəraünnəhr, İranın müxtəlif bölgələri və digər ərazilərdə baş verən hadisələr xronoloji şəkildə təsvir edilir.[20] Digər azərbaycandilli[18][21] İran tarixçisi İsgəndər bəy Münşinin fars dilində "Tarix-i aləm aray-i Abbasi" əsəri Şah I Abbasın həyatı və hakimiyyət dövrü haqqındadır.[22]
Səlcuqlardan başlayaraq şimaldan qıpçaqların, cənubdan oğuzların köçü nəticəsində Azərbaycan və erməni dilləri arasında əlaqə yaranmışdır. XII–XIV əsr mənbələrində, tarixçi Gəncəli Kirakos, Kilikiya zadəganı Sparapet Sempadın və digərlərinin əsərlərində 200-ə yaxın türk və Azərbaycan dili sözünə rast gəlinir.[23]
Hülakü xan və xüsusilə Abaqa xandan başlayaraq tarixi əsərlərdə görülən toponimlərin bir qismi türk dilində, bir qismi monqol dilindədir. Azərbaycanlıların Göyçə adlandırdıqları, Ermənistandakı Sevan gölü Fəzlullah Rəşidəddinin XIV əsr "Cəmi ət-Təvarix" əsərinin əlyazmalarının bəzilərində "Kökçə dəniz" adlandırılır.[24] XIV əsrin əvvəllərində tarixçi Vəssaf Azərbaycan türkcəsi ilə beyitlər yazmış, onları şərqi türkcəsi imlası ilə qarışdırmışdır. İran tarixçisi Həmdullah Qəzvininin əsərlərindəki bəzi sözlər Azərbaycan ləhcəsindədir.[25] Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 34 dəfə monqol dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.[26]
Səfəvi imperiyasının çoxmədəniyyətli görünən xarakteri (on iki imam şiəliyi, fars və Azərbaycan dillərinin istifadəsi, idarəçiliyin ərəb və türk-monqol mənbəli olması) ən çox dövr tarixçilərin müxtəlif xronologiya metodlarını (hicri, şahın hökmranlıq illəri, türk-monqol təqvimi) istifadə etməsini nəzərə aldıqda təsdiqini tapır.[27] Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."[28]
Bəkil oğlu Əmranın boyu. Kitabi-Dədə Qorqud[29]
XIII–XIV əsr Elxani tarixçisi Fəzlullah Rəşidəddin tərəfindən "Cəmi ət-Təvarix" əsəri yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur. Oğuz rəvayətlərinin geniş yayılmasının daha bariz sübutu isə bəzi hekayələri "Oğuznamə" adlandırılan "Kitabi-Dədə Qorqud" dastanının Ağqoyunluların türkman mühitində, Azərbaycanda yazılı şəkildə qeydə alınmasıdır.[30]
Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır.[31] Oğuz xanla bağlı "Tarix-i Oğuz" (Oğuznamə) əsəri Nizami Gəncəvinin "İsgəndərnamə"si və Suruçlu Yaqubun "İsgəndər haqqında roman" əsəri ilə bənzər süjet xətlərinə malikdir. Bu ədəbi əlaqələr Əhməd Zəki Vəlidi Toğanın "Tarix-i Oğuz"un Azərbaycanda yaradılması ilə bağlı arqumentini dəstəkləyir.[32]
XV əsr Azərbaycanında türkmənlər oğuz hekayəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Bunlara misal olaraq, Qaraqoyunlu Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın oğlu Gün xanın oğlu Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları göstərilə bilər.[32]
XV əsrdə Azərbaycan türk mühitində Oğuz şəcərə əfsanələrinin yayılmasının daha bir sübutu oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun əsəridir. O, Məkkəyə gedərkən Osmanlı şahzadəsi Cem Sultan ilə görüşmüş və ona uyğur yazısı ilə yazılmış Oğuznamənin əlyazmasını göstərmişdir. Həsən ibn Mahmud Şahzadə Cemin istəyi ilə bir həftə ərzində "Oğuznamə"nin məlumatlarına əsaslanaraq, "Cam-i Cəm-ayin" adlı yeni bir əsər yazmışdır. Bu əsərin əlyazmasını ilk dəfə kəşf edən Əli Əmiri Əfəndinin fikrincə, müqəddəs yerlərə uzun bir səfər etmiş bir Azərbaycan türkünün yanında oğuz geneoloji ənənəsinə aid əlyazma nüsxəsinin olması faktının özü belə ədəbiyyatın böyük nüfuzundan xəbər verir.[33] "Cam-i Cəm-ayin" əsərində Azərbaycan və Kürdüstanın yerli hekayələri də istifadə edilmişdir. Bunun sübutu oxşar hekayələri istifadə edən "Şərəfnamə" (Şərəf xan Bitlisinin əsəri) və "Kitabi-Dədə Qorqud"dur.[32] XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Türk adlı padşahın Nuhun oğlu Yafətin böyük oğlu və vəliəhdi olmasını qeyd edir.[34]
Tarixən Azərbaycanda tarixi əsərlərin yazılması üçün ərəb-fars dillərinə əsaslanan, Azərbaycan dili elementləri ilə zəngin ədəbi dil istifadə edilirdi.[35] Əlisöhbət Sumbatzadəyə görə XVIII əsrdə Azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır.[36] İlya Petruşevskiyə görə isə, Azərbaycan tarixşünaslıq ədəbiyyatı XIX əsrə qədər məlum deyildi.[37]
XI əsrdə oğuzların Anadolu və Azərbaycana gəlişindən sonra İslamın yayılması ilə bağlı cəngnamələr xüsusi məşhurluq qazanmışdır.[38][39] İzzəddin Həsənoğlunun bu qəbildən olan "Sirətün-Nəbi" əsəri əsas olaraq Azərbaycan türkcəsinin xüsusiyyətlərini daşıyır. Bu əsər digər Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi"sindən 100 il əvvəl yazılmışdır. Həsənoğlunun "Sirətün-Nəbi"si Məhəmməd peyğəmbərin həyatı, mübarizələri və İmam Əlinin müharibələri haqqındadır.[39]
XIV əsrdə Yusif Məddahın yazdığı "Qazavatnamə" əsəri İmam Əli ilə bağlı hekayələrdən ibarətdir.[40] Əvvəl Mustafa Zərirə aid edilən, daha sonra Yusif Məddahın əsəri hesab edilən "Qissa-i Yusif" məsnəvisi Yusifin həyatı və Züleyxa ilə hekayəsi haqqındadır.[41] XIV əsr Əməvi tarixçi Əbu Mihnəfin əsərinin tərcüməsi olan "Məqtal-i Hüseyn" Kərbəla döyüşü ilə bağlıdır və Yusif Məddaha və ya Şadi Məddaha aid edilir.[42][43]
XIV əsrdə yaşamış Nəsir Bakuvinin azərbaycanca yazdığı 55 beytlik müxəmməsi dövrümüzə qədər gəlib çatmışdır. Əsər təqribən 1306–1310-cu illər arasında yazılmış, Elxani hökmdarı Məhəmməd Olcaytuya həsr edilmişdir. Əsərdə Olcaytunun Bakıya gəlməsi və burada gördüyü idarəçilik tədbirləri təsvir edilir:[44]
Şükr ola şol həqqə kim, bimüntəha ehsan ilən,
Sərfəraz etdi bizi Ulcaytutək sultan ilən.
… Himməti-şahanəsin hər yerdə təksir eylədi,
Xanələr abad qıldı əmr ilə, fərman ilən.
XV əsrdə Teymuri elçilərinin Çinin Min sülaləsinin paytaxtı Pekinə (türk-monqol və müsəlman mənbələrində "Xanbalıq" adlandırılır) səfəri ilə bağlı tarixi əsər Azərbaycan dilinə tərcümə edilmişdir. Elçilərin Heratdan Xanbalıqa getməsi və geri qayıtması bağlı günlük qeydlərdən ibarət olan əsərin orijinalı farscadır. Ağqoyunlu dövlətinin Ərdistan şəhərinin darğası Zəynəddin Nur Əli bəy Mahmudlunun əmri ilə Hacı bin Məhəmməd Ərdistanlı əsəri orta azərbaycancaya tərcümə etmişdir ("Tarix-i Xətai" (1494/95)). Əsərin orta azərbaycan dilində nəsrlə yazılmış ilk tarixi əsər ola biləcəyi fikirləşilir.[45][46]
XV əsrin ilk yarısına aid "Əqaid-i Övliya-i Səba" əsəri Azərbaycan dilində yazılmışdır. Bu əsər ələvi-qızılbaş inancının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.[47] Əsər XVII əsrin II yarısında fars dilinə tərcümə edilmişdir ("Tuhfe-i Süleyman"). Bu faktın özü "Tuhfe-i Süleyman" əsərini türk dilindən fars dilində tərcümə edilən və şərh əlavə edilən, nadir əsərlərdən biri edir.[48]
XVI əsrdə Səfəvi hökmdarı I İsmayıl və oğlu I Təhmasibin hakimiyyət dövrləri Azərbaycan dili və ədəbiyyatının ən parlaq dövrü hesab edilir.[49] I Təhmasibin əmri ilə "Səfvət əs-səfa" və "Şühədanamə" fars dilindən azərbaycan dilinə tərcümə edilmişdir. Məhəmməd ibn Hüseyn Katib Nişati "Səfvət əs-səfa"nı şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmışdır,[50] bu əsər Səfəvi dini lideri Şeyx Səfinin həyatı haqqındadır. "Şühədanamə" əsəri isə Əli ibn Əbu Talibin hekayələri və əfsanələri, Kərbəla döyüşü haqqındadır.[51]
Osmanlı tarixçisi Şükri Bitlisi tərəfindən azərbaycan dilində[52][53] yazılmış, I Səlimin hakimiyyət dövrü ilə bağlı "Səlimnamə" xüsusilə qeyd edilməlidir.[53] Əsər orijinal səlimnamələrdən biridir, Xoca Sadəttin Əfəndi, Gelibolulu Mustafa Ali kimi XVI əsr tarixçiləri tərəfindən mənbə olaraq dəyərləndirilmiş, müasir dövr tarix araşdırmalarında da qaynaq mətni olaraq istfadə edilmişdir.[54]
Azərbaycan aşıq sənətində geniş yayılmış vücudnamələr bioqrafik əhəmiyyət daşıyır.[55] Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, el-obası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.[56]
XVIII əsrdə Azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır. 1711-ci ildə anonim "Xudabəndi oğlu Şah Abbasın dövrünün tarixi" əsəri yazılmışdır. Əsər əsasən, I Abbasın müharibələrindən bəhs edir.[36] Həmçinin, əsərdə Şirvan və Qarabağ tarixi haqqında məlumata rast gəlinir.[57] Şirvan və Qarabağda çəyirtkələrə görə məhsulun xarab olması, buğda qiymətlərinin artması təsvir edilir. 1733-cü ilə aid "Səfəviyyə padşahları" əsəri isə Səfəvi sülaləsinin tarixi haqqındadır.[36]
İsfahan hakimiyyətinin zəifləməsi, separatizmin artması, Nadir şahın yüksəlişi və süqutu, daha sonra baş verən çəkişmələrə kütlələrin reaksiyası yazılan əsərlərdə öz yerini tapırdı. Ağa Məsih Şirvaninin "Müxəmməs"i 1749-cu ildə Şirvanda baş verən hadisələrlə bağlıdır. Əsərdə feodal Əhməd xan Şahsevənin Şamaxı xanı Sərkərə qarşı üsyan etməsi və Şamaxını tutmaq istəməsi təsvir edilir. Ağa Məsih Şirvani Əhməd xan Şahsevəni mənfi qəhrəman olaraq göstərir, feodal çəkişmələrini tənqid edir.[36]
Şakir Şirvaninin "Şirvan hadisələri" əsəri özünü Səfəvi şahzadəsi kimi qələmə verən II Sam mirzənin üsyanı ilə bağlıdır. Əsərdə II Sam mirzə, onun müttəfiqi Məhəmməd Qazı və dağlılar mənfi şəkildə göstərilsə də, Nadir şahın üsyanı yatırmağa gələn oğlu Nəsrullahın təkcə üsyançılara yox, Yeni Şamaxının (Ağsu) sakinlərinə qarşı göstərdiyi vəhşilik də qeyd edilir. Şair yerli sakinlərin şücaət və fədakarlığına hörmətini qeyd edir.[36]
Şair Nəbi "Müxəmməs" əsərində Şəki xanı Hacı Çələbinin (h.i. 1747–1755) zəkasını və cəsarətini, Qızılqaya xəyanətini, Çələbinin II İraklini məğlub etməsini təsvir edir. Molla Vəli Vidadi "Müsibətnamə" əsərində feodal çəkişmələrinin dağıdıcılığını müstəsna bacarıq və obrazlılıqla ortaya çıxarmışdır. Vidadi Məhəmmədhüseyn xan Müştaqın (h.i. 1759–1780) taleyindən təsirlənərək "Müsibətnamə"ni yazmışdır. O, Məhəmmədhüseyn xanla dost idi və xanın hakimiyyət çəkişmələri nəticəsində öldürülməsi Vidadiyə çox təsir etmişdi. Vidadi qeyd edirdi: "Nə Rumda, nə İranda belə bir kədər yoxdur".[36]
Cənubi Dağıstanda fəaliyyət göstərmiş, alim Hacı Məhəmməd əz-Zirdaği (1664/1669–1721/1728) öz elmi yaradıcılığını azərbaycan dilində yazmışdır. Onun azərbaycan dilində əlyazmasına filologiya tarixinə aid məlumatlar daxildir.[58]
Qafqazda "Dərbəndnamə" əsərinin digər dillərlər birlikdə Azərbaycan dilindəki nümunəsi də mövcud idi. "Dərbəndnamə" əsəri Azərbaycan dilində yazılmış ilk tarixi əsər hesab edilir.[59] "Dərbəndnamə"nin azərbaycan dilindəki əlyazmaları arasında XVII əsrdə Məhəmməd Ağdaşinin fars variantını istifadə edərək yaratdığı Rumyantsev nüsxəsi vardır.[60] V. V. Bartold bu nüsxəni 1719-cu ilə, Mirzə Kazım bəy 1731-ci ilə, Q. M. R. Orazayev isə 1815–1816-cı illərə aid edir.[61] Maqsud Əlixanov Avarski XIX əsrin sonunda Zaqatala qəzasında İlisulu Xəlil bəyin "Dərbəndnamə"nin ərəb nüsxəsi ilə birlikdə Azərbaycan versiyasının əla nüsxəsinə sahib olması haqqında məlumat verirdi. Ancaq bu məlumat təsdiq edilməmişdir.[62] Hal-hazırda əsərin Azərbaycan dilindəki 3 əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır,[63] Bir Azərbaycan əlyazması isə Kiyevdə tapılmışdır.[64]
Mirzə Kazım bəy Dərbəndnamənin Dərbənd əhalisi tərəfindən toplu şəkildə oxunduğunu öz gözləri ilə gördüyünü demişdir. Bu adət vətənin tarixini öyrənmə həvəsi və Azərbaycan tarixşünaslığının yaranmasının səbəbi olaraq dəyərləndirilmişdir. Digər bir fikrə görə, bu, sadəcə olaraq, Anadoluda "Battalnamə", "Danışməndnamə", "Hz. Əlinin müharibələri" əsərlərinin oxunması ənənəsinin Qafqazdakı bir oxşarıdır. Çünki əsərdə iranlılar və ərəblər əsərin subyektidir və xəzər türkləri kafir və o biri tərəf olaraq göstərilir. Əsərdə xəzərlər türk adlandırılmasa da, onların Xaqan, Tarxan, Barsıq, Bəşəngi kimi adlara və titullara malik olması adi insanların nəzərinə çatmasa da, tarixini öyrənəcək qədər savadlı zümrə bunu başa düşməli idi.[65]
Dağıstan alimi Həsən Əlkədəri 1892-ci ildə azərbaycanca "Əsəri-Dağıstan" kitabını yazmışdır, əsər onun öz şərhləri, müşahidələri və şeir əlavələri ilə birlikdə olmaqla, Dağıstan tarixi haqqında Şərq yazılı məlumatlarını ehtiva edir.[66] Azərbaycan dilində yazılması əsərin dövrün bütün savadlı şəxsləri üçün oxunaqlı olmasına səbəb olur, Əlkədəri Dağıstanı qlobal İslam tarixinə inteqrasiya edirdi.[67] Əsərin Azərbaycan dilində yazılması həmçinin, onu göstərir ki, Əlkədəri bu əsəri ilə Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ənənəsini davam etdirmək istəyib. O, Azərbaycan dilini Dağıstanın ümumi dillərindən biri adlandırırdı. Əlkədərinin əsəri türk dilində yazmaq istəməsi regionda Əfşar İranına olan marağın azalmasının göstəricisi ola bilər.[68]
Superhinin azərbaycan dilində yazdığı, 1891-ci ilə aid "Kitab Dərbənd-namə" əsəri Dağıstanın XVI–XIX əsrlər tarixi haqqındadır.[69] İsrafil Dərbəndi Superhinin oğlu Mirzə Cəbrayılın 1893-cü ilə aid "Zikr əxvələt Qazi Malla Avari" ("Qazı Malla Avarinin əməlləri haqqında") tarixi əsəri Qafqaz müharibəsi dövrünə həsr edilmişdir, azərbaycan dilində yazılmışdır.[70]
2. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsəri[71]
3. Əhməd bəy Cavanşirin "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsəri
4. Mirzə Yusif Qarabağinin "Tarixi Səfi"si
5. Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ"ı
6. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsəri
7. Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ"ı
8. Məhəmmədəli bəy Məxfinin "Əhvalati-Qarabağ"ı
9. Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" əsəri
XIX əsrin I yarısı üçün xarakterik olan saray tarixçiliyinə zədəgan-mülkədar sinfi tərəfindən peyğəmbərlər, hökmdarlar, övliyalar, filosoflar və alimlərin həyatının xronoloji bir ardıcıllıqla salnaməyə çevrilməsi metodu daxil idi.[57] Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur.[72][73] Bu əsər bütün qafqazlıların müxtəlifliklərinə baxmayaraq, dini və tarixi bağları olduğu Osmanlı türkləri və farslar kimi qonşu xalqlardan fərqli bir ortaq tarixə və bir dərəcəyə qədər ortaq kimliyə malik olduğunu göstərir.[74]
Azərbaycanlılar tərəfindən yazılan[75] və "Qarabağnamə" olaraq adlandırılan əsərlər Qarabağ tarixinin öyrənilməsi üçün vacib rol oynayır. Bunlardan yalnızca Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si və Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ"ı[76] azərbaycan dilində yazılmışdır. Adıgözəl bəyin "Qarabağnamə"si 1736–1848-ci illərdə Qarabağda baş verən hadisələrlə bağlıdır, rus mövqeyindən yazılmışdır.[77]
XIX əsr Azərbaycan tarixşünaslığının digər nümunələri İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsilləri", Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi",[78][79] Səidəli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran", Seyid Əzim Şirvaninin "Şirvan xanlığının tarixi" və "Şirvan diyarının qədim abidələri" əsərləridir.[80][81] Şeyx İbrahim Qüdsi tərəfindən qələmə alınan "Tarix-i Müqəddəs" əsərində İslam peyğəmbərinin və imamların həyatı, Gəncə hökmdarı Cavad xan və rus işğalı haqqında məlumat verilmişdir.[82]
XIX əsrin II yarısının zədəgan-mülkədar tarixçiliyinə Rzaqulu bəy, Həsənəli xan Qaradaği (1850–1929), Mir Mehdi Xəzani (1811–1893), Bəhmən mirzə Qovanlı-Qacar, Əbdül Lətif Əfəndi və Hacı Seyid Əbdülhəmid daxildir.[83]
XX əsrin əvvəllərində Həsən Mollazadə Gəncəvinin "Zübdət-ət-təvarix" əsərində Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Nadir şah dövrləri, XVIII əsrin sonlarından XIX əsrin əvvəllərinə qədər olan dövr haqqında məlumat verilir, hadisələr sadəcə təsvir edilərək dini bir baxışla məsələlərin üzərindən keçilir. Bundan başqa bu dövrdə Fərhad Ağazadə və Şeyx İbrahim Tahir Musayev Azərbaycan tarixi və mədəniyyətinə aid bir sıra məqalələr dərc etdirmişdir.[84]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri tarix idi.[85] 1919-cu ildə İstiqlal Muzeyi yaradıldı, Cavad bəy Rəfibəyov, Rəşid bəy Əfəndiyev, Yevgeni Paxomovu və başqaları tərəfindən "Şərq arxeologiyası və tarixini sevərlər dərnəyi" (sonrakı adı "Müsəlman Şərqini Öyrənən Cəmiyyət") təşkil edildi.[86]
1936-cı ildə AMEA Tarix İnstitutu fəaliyyət göstərməyə başladı. Sovet dövrü tarixşünaslığına Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi", Yevgeni Paxomovun "Azərbaycan tarixinin qısa kursu", V. Sısoyevin "Azərbaycan (Şimali) tarixinin qısa oçerki", Vasili Bartoldun "Azərbaycan tarixinin qısa xülasəsi" əsərlərini misal çəkmək olar. Sovet dövründə Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi üçün İshaq Cəfərzadə və İqrar Əliyevin "Azərbaycanın qədim tarixi üzrə oçerklər", Əbdülkərim Əlizadənin "13–14 əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi", XIX–XX əsr Azərbaycan tarixinin öyrənilməsi üçün isə Əlisöhbət Sumbatzadənin "Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri" və "XIX əsrdə Azərbaycan Sənayesi" əsərləri diqqətəlayiqdir. 50-ci illərin sonu—60-cı illərin əvvəllərində nəşr olunan 3 cildlik "Azərbaycan tarixi" (dörd kitabda) əsəri isə Azərbaycan tarixinin bütün mərhələlərini əhatə edirdi. Şirvanşahlar dövləti və Bakı şəhərinin tarixinin öyrənilməsində isə Sara Aşurbəyli xüsusilə qeyd edilməlidir.[86]
İş: Əl-Yaqubi «Kitab əl-buldan». Qafqaza aid hissələrin tərcüməsi və şərhlər (3 ç.v.), icraçı – t.e.n., b.e.i. E.E.Əlizadə, icra müddəti – 2008-ci il.
IX əsrin görkəmli tarixçisi Əbu-l-Abbas əl-Yaqubi «Kitab al-buldan» əsərində səyahət etdiyi ölkələrdəki şəhərlər arasındakı məsafələr, ticarət yolları, vergi sistemi haqqında zəngin məlumat verir. Azərbaycanın əsas şəhərlərindən Ərdəbil, Bərdə, Təbriz, Urmiyə, Marağa, Zəncan və s. adını çəkir.
Azərbaycan tarixinə aid təqdim edilən bu materiallar məcmuəsinə ancaq ərəb tarixi əsərlərindən, daha doğrusu, «ilm ət-tərix» cərəyanı nümayəndələrinin əsərlərindən məlumatlar daxil edilib. Bunlar aşağıdakı əsərlərdən götürülmüş parçalardır:
...
Əhməd ibn Əbu Yaqub ibn Cəfər əl-Yaqubi. Tarix.
...
Bəlazuri və Yaqubinin əsərlərindən Azərbaycana dair çıxarışlar P.K.Juze tərəfindən rus dilinə tərcümə edilmiş və 1927-ci ildə de Quyenin nəşrindən götürülmüş ərəb mətni ilə çap olunmuşdur.
Yaqubinin «Tarix» əsərinin II cildindən Azərbaycan və Ərminiyəyə aid çıxarışlar professor P.K.Jüze tərəfindən rus dilinə tərcümə edilmiş və 1927-ci ildə Bakıda ərəb mətni ilə nəşr olunmuşdur. Nəşrdəki çıxarışlar Xutsmanın Leyden nəşrindən götürülmüşdür.
Кызылбаши, первоначально состоявшие из представителей семи малоазиатских тюркоязычных племен румлу, шамлу, устаджлу, афшар, каджар, текелю и зулкадар, говоривших на азербайджанском языке, были с XV в. одной из главных военно-политических опор Сефевидского государства.
Eseri olan SELIM-NAME nin bir adı da FVTVHATV'S-SELIMIYYEdir. Çokuzun bir şekilde mesnevi terzinde Azeri lehçesiyle yazılmıştır. Şehsüvar.oğlu Ali Bey'in isteği üzerine Ahmedi'nin ıskender-namesi şeklinde yazılmıştır. Fakat daha sonra'HaliI-oğlu Koçi Bey, eserde birçok yalnışlar olduğunu söylemişve bunun üzerine yazar, eseritekrar, Koçi Bey'in verdiği bilgiler üzerine, yazmıştır. Eser bir geniş girişten sonra, Selim'in Trabzon da valiliği ile başlar ve KanUni'nin tahta çıkması ile son bulur.
Связи с Азербайджаном способствовали возникновению в конце 19 в. у лезгин и светской письменной литературы. Виднейшим её представителем был Гасан-Алкадари (1834–1910) — автор широко распространённой книги „Асари-Дагестан“, написанной в 1892 на азербайджанском языке и представляющей собой свод восточных письменных сведений по истории Д. с многочисленными комментариями, замечаниями и стихотворными вставками самого Алкадарп.