I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur.
I Təhmasibin yürüşü (1552) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
Tarix | 1552-1553 | ||
Yeri | Şərqi Anadolu | ||
Nəticəsi | Səfəvi imperiyasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur.[1] Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur.[2] Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi.
1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.). 2) Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və Ədhəm bəy Rumlu). 3) Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu xan Əfşar, Çıraq Sultan). 4) Dəvilə (Bayram bəy Qacar, Toygün bəy Qacar və gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov) . Bu yürüşdə I Təhmasib şəxsən iştirak etməklə birlikdə, əməliyyat planı da onun tərəfindən hazırlanmışdı. Yürüş nəticəsində Əhlət ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin bölgələri qılıncdan keçirildi.[3]
Şah Təhmasib yürüşü uğurla idarə edərkən Ərzurumun Osmanlı hakimi İsgəndər paşanı cəzalandırmaq qərarına gəldi və bunu oğlu İsmayıl Mirzəyə tapşırdı. Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər, "min Tehran və altı yüz Naxçıvan qorçisi" bu yürüşdə iştirak edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan (Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon, Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına gəldi. Bu bəhs edilən Ərzurum döyüşündə qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu. Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin üstündə durmuşdu. Osmanlılar qızılbaşların hücumuna davam gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar. Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada Osmanlı qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girı bildi. Xəndəyə düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar.[4]
Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah düşərgəsinə gəldi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə qızılbaşlar böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal) ələ keçirdilər. Şah 1553-cü ilin mart-aprelində Naxçıvan yürüşündən qayıtdı. Həmin ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan "Şərqin və Qərbin" padşahına (yəni I Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına qayıtdılar.[5]
Bu yürüş nəticəsində Şərqi Anadolu bölgəsindəki Osmanlı torpaqlarına böyük ziyan vurulmuş, onsuzda Səfəvi torpaqlarına edilən yürüşlər zamanı maddi-texniki təminat problemləri yaşayan Osmanlı ordusunun bu problemləri daha da artmışdır. Bu yürüşdən sonra edilən 1554-ci il Osmanlı yürüşünün də uğursuzluqla nəticələnməsindən sonra Süleyman sülh barədə danışıqlara başlamışdır.[6] Nəticədə iki imperiya arasında 1514-cü ildən rəsmi şəkildə davam edən müharibə 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlandırılmışdır.[7]