Səfəvi-Osmanlı müharibəsi (1514–1555)

Səfəvi-Osmanlı müharibəsi (1514–1555) — 1514–1555-ci illərdə SəfəvilərOsmanlı imperiyaları arasında baş vermiş müharibə.

Səfəvi-Osmanlı müharibəsi
Səfəvi-Osmanlı münasibətləri
Xəritədə Osmanlı İmperiyası tərəfindən müharibə nəticəsində əldə edilən ərazilər mavi rənglərlə göstərilmişdir.
Xəritədə Osmanlı İmperiyası tərəfindən müharibə nəticəsində əldə edilən ərazilər mavi rənglərlə göstərilmişdir.
Tarix 1514-1555
Yeri Qafqaz, İkiçayarası, Qərbi İran
Nəticəsi Amasya sülh müqaviləsi
Ərazi dəyişikliyi Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı,Menqreliya,Quri prinsliyi) Osmanlının təsir dairəsinə,Şərqi Gürcüstan vilayətləri (Mesxeti prinsliyi,Kartli,Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşür.
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası
İmereti çarlığı
Kartli çarlığı
Quri prinsliyi
Məmlük dövləti

Osmanlı İmperiyası

Mesxeti prinsliyi
Kartli çarlığı
Kaxeti çarlığı

Komandan(lar)
Tərəflərin qüvvəsi
  • Səfəvilər dövləti
  • 1514:
  • 40[1][2] (digər mənbələrdə — 55[3] və ya 80[4])min insan
  • 1532—1555:
  • 60 min insan, 10 silah
  • Osmanlı imperiyası
  • 1514:
  • 60[3] (digər mənbələrdə — 100[2][4]) min insan, 100-150[5] (digər mənbələrdə — 300[6]) silah
  • 1532—1555:
  • 200 min insan, 300 silah

XV əsrin sonlarında qızılbaş şiə təriqəti Şərqi Anadoluda güclənməyə başladı. 1499-cu ildə daha fəallaşdılar, Şirvanşahlar dövlətini məğlub edib, qısa müddətə BakıŞamaxını tutdular. 1503-cü ildə Şah İsmayıl Ağqoyunlu dövlətini məğlub etdi və müasir İranİraq ərazilərini fəth edərək Səfəvilər dövlətini yaratdı və özü də bu dövlətin hökmdarı oldu.

Qızılbaşların Osmanlılarla münasibətləri elə əvvəldən gərgin idi. Bu münasibətlər 1501-ci ildə şiə adətlərinə görə ilk üç xəlifənin lənətini özündə cəmləşdirən İsmayılın adından fərman verildikdən sonra daha da gərginləşdi. Bir neçə il ərzində iki dövlət arasında qeyri-diplomatik məktublaşmalar mübadiləsi getmişdir. 1512-ci ildə II Bəyazid taxtdan imtina etdikdən sonra bu münasibətlər daha da pisləşdi. Xüsusən yeni Osmanlı hökmdarı sultan I Səlim Yavuz atasından fərqli olaraq, yeni yaranmış Səfəvi dövlətinə qarşı daha sərt mövqe sərgiləməyə başladı.

Dəvam edən 200 illik müharibələrə səbəb oldu. Bu müharibələrdən ən birincisi qısa fasilələrlə 1514–1555-ci illər arası davam edən Amasiya sülhü ilə bitən Səfəvi-Osmanlı müharibəsi idi.

Bu müharibə iki Osmanlı sultanı və iki Səfəvi şahının hakimiyyət illərinə təsadüf edir. 1514-cü ildə 200 minlik ordu ilə qızılbaşların üzərinə yeriyən I Səlim Çaldıran döyüşündə I Şah İsmayılı məğlub etsə də, tam istədiyinə nail olmadı. Səfəvi dövlətinin varlığına son qoya bilmədi, əksinə onun varlığı ilə hesablaşdı. I Şah İsmayıl vəfat etdikdən sonra hakimiyyətə gələn I Şah Təhmasib də atasının siyasətini davam etdirərək, osmanlılara heç bir güzəştə getmədi. Osmanlı sultanı I Süleyman Qanuni ilə 30 ildən artıq müharibə apardı. I Süleyman dörd dəfə Azərbaycana yürüş etsə də, qızılbaşların müqavimətini qıra bilmədi. Əvvəlki illərdə osmanlılara qarşı "yandırılmış torpaq" siyasəti yürüdən I Təhmasib bu müharibə ərzində bir neçə dəfə Osmanlı ərazisinə uğurlu yürüşlər də etmişdi.

1555-ci il mayın 29-da imzalanmış Amasya sülh müqaviləsi ilə müharibəyə son verildi.[7] Bu müqavilə Osmanlı dövləti ilə Səfəvi xanədanı arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi oldu. Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartli, Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşürdü.[8] Şərqi Anadoluda olduğu kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu.[9] Qars neytral elan edildi və mövcud qalası dağıdıldı.[10][11]

Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən dövlət xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzu kifayət qədər yüksək idi. İsmayılın ölümündən sonra taxta onun oğlu Təhmasib keçir. Təhmasibin hakimiyyət illərində Osmanlı ilə münasibətlər daha da kəskinləşir. Sultan Süleyman dəfələrlə Azərbaycana hücum edir. Bu hücumlar sonradan iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnir.[12]

Müharibə SəfəvilərOsmanlı imperiyaları arasında Çaldıran döyüşü ilə başlayıb 29 mart 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitmişdir. Osmanlı sultanı I SüleymanSəfəvi şahı I Təhmasib arasında əldə olunan sülh uzun sürmədi və 1578-ci ildə yeni müharibə (1590-cı il İstanbul sülhünədək) başlandı.

Başlanma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Səfəvi şeyxləri siyasi mübarizəyə başlayana kimi Osmanlı sultanları ilə xoş münasibətdə idilər. Ankara döyüşündən sonra Səfəvi şeyxi Xacə Əlinin xahişi ilə Əmir Teymur Anadoludan apardığı əsirləri sərbəst buraxdırmış və onlar Ərdəbil şəhəri ətrafında məskunlaşdırılmışdılar.[13]

Bu hadisə Şərqi Anadoluda yaşayan türk boyları ilə əlaqələri daha da yaxınlaşdırmışdı. XV əsrin II yarısından başlayaraq Osmanlı sultanlarının Anadoluda yaşayan türk tayfalarına ölkənin idarəetmə sistemində yer verməməsi bu yarımköçəri türk tayfalarını türk dövlətindən narazı salmış və Şərqi Anadoluda Qızılbaş müridlərinin çoxalmasına səbəb olmuşdu. II Bəyazid Şərqi Anadoluda yaşayan Ərdəbil sufilərinə qarşı sərt tədbirlər həyata keçirsə də sonradan I Şah İsmayılla münasibətlərini kəskinləşdirməmək üçün mövqeyini dəyişdi. Hətta Şərur döyüşündən sonra Əlvənd Mirzəyə göndərdiyi məktubda Ağqoyunlu şahzadələrinə öz aralarında baş vermiş çəkişmələrə son qoymalarını və qızılbaşlara qarşı birləşmələrini tövsiyə edirdi. Bütün bunlara baxmayaraq I Şah İsmayıl II Bəyazidlə ehtiyatlı davranır və ona yazdığı məktublarda "ata" deyərək müraciət edirdi. 1503-cü ildə qızılbaşların Sultan Murad üzərində qələbəsindən sonra yeni siyasi vəziyyətin yarandığını görən II Bəyazid Səfəvi dövlətinə qarşı siyasətini dəyişdi.

II Bəyazid isə məktubunda I Şah İsmayıla "I Şah İsmayıl" ünvanı ilə müraciət edir, I Şah İsmayılın əcdadlarını "Allahın dostları" kimi adlandırırdı. II Bəyazid 1504-cü ilin qışında I Şah İsmayılın Əcəm İraqı və Farsı ələ keçirməsini təbrik etmək, hakimiyyətini rəsmən tanımaq üçün öz elçisini göndərdi. O,27 məktubunda I Şah İsmayıla "möhtərəm oğul", "ali məqamlı övlad" deyə xitab edirdı. Ümumiyyətlə II Sultan Bəyazidin hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərində sülh şəraiti hökm sürmüşdür. Hər iki hökmdar münasibətlərində yaranmış ziddiyyətləri müharibə həddinə çatdırmamışlar.[14]

Lakin getdikcə Səfəvi-Osmanlı münasibətlərində yaranan siyasi-iqtisadi ziddiyyətlərə dini çalarların əlavə olunması ilə bu ziddiyyət daha da dərinləşirdi. I Şah İsmayıl ana tərəfdən Uzun Həsənin nəvəsi olduğundan Ağqoyunlu dövlətinin varisi kimi onlara məxsus Şərqi Anadolu torpaqlarına olan qanuni varislik hüququnu əsas tutaraq Şərqi Anadolunu ələ keçirməyə çalışırdı. Belə bir şəraitdə XV əsrin II yarısından başlayaraq Şərqi Anadoludakı yarımköçəri türk boylarının Osmanlı sarayı tərəfındən sıxışdırılması, onların nicat yolunu Ərdəbildə axtarmasına səbəb oldu. Hər iki dövlət bölgədə siyasi mövqelərini möhkəmləndirmək üçün geniş xalq kütlələri arasındakı dini təriqətləri qızışdırmaqla öz məqsədlərini gerçəkləşdirmək üçün ondan bir vasitə kimi faydalanmağa çalışırdılar.

I Şah İsmayıl

I Şah İsmayıl 1507-ci ildə Zülqədər ölkəsinə, yəni Əlaüddövlə üzərinə yürüş edərək ƏrzurumƏrzincan yolu ilə, yəni Osmanlı ərazisindən keçərək hücum etmiş və bu yürüşə II Bəyazid icazə vermişdi. I Şah İsmayıl Zülqədər bəyliyinə yürüş nəticəsində Xarputu ələ keçirib, Diyarbəkiri nəzarət altına aldı. Bu zaman şahzadə Səlim Trabzon valisi idi. O, 1508-ci ildə Gürcüstana üç dəfə yürüş edərək xeyli hissəsini ələ keçirmişdi. Səlim həmçinin Ağqoyunlulardan Səfəvilərə keçən Bayburt, Ərzincan, Kemah, İşpir, Gümüşxanə və Cəmişgəzər arasındakı əraziləri də tutmuşdu. I Şah İsmayıl Səlim tərəfindən ələ keçirilmiş əraziləri qaytarmaq üçün qardaşı İbrahim Mirzənin rəhbərliyi ilə hərbi hissə göndərmişdi. Səlimin başçılığı ilə Osmanlı ordusu qızılbaşları məğlub etmiş və İbrahim Mirzə əsir alınmışdı. I Şah İsmayıl Osmanlı dövləti ilə müharibəyə yol verməmək məqsədilə Sultan II Bəyazidin yanına elçi göndərərək şahzadə Səlimin hərəkətlərinə etirazını bildirərək Osmanlı dövlətinə dostluq münasibətlərini bəyan etdi. II Bəyazid elçiləri hörmətlə qarşılamış, Səlimə hakimlik etdiyi Sancağın mühafizəsi ilə məşğul olmağı və bir daha belə hərəkətlər etməməyi tapşırmışdı. Ələ keçirilən əraziləri isə Səfəvi dövlətinə qaytarmışdı.[15]

Lakin şahzadə Səlimin 1510-cu ildə yenidən Ərzincana yürüşü Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirmişdi. II Sultan Bəyazid münasibətləri qaydaya salmaq üçün I Şah İsmayılın yanına elçilərini göndərmiş, yaranmış qarşıdurmanı aradan qaldırmışdı. Göründüyü kimi istər I Şah İsmayıl, istərsə də II Bəyazid tərəflər arasında yaranmış qarşıdurmanın müharibə həddinə çatmasını istəmir və dostluq münasibətlərinə üstünlük verirdilər.[16]

1510-cu ildə Kiçik Asiyanın Şərq vilayətində Şahqulunun rəhbərliyi altında güclü üsyanın baş verməsi, Məhəmməd xan Ustaclının – Diyarbəkir hakiminin tez-tez sərhədi pozaraq Osmanlı ərazisinə soxulması da Osmanlı-Səfəvi münasibətlərinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə I Şah İsmayıl imperatorluq hüdudlaından kənarda və xüsusilə,Şərqi Anadoludakı müridləri ilə əlaqələrini nəinki saxlayır, bu əlaqələri daha da gücləndirirdi. Bu, daha çox dövlətin qərb bölgələrində türk oymaqlarından olan qızılbaşların sayını artırmaqla, dövlətin yerli dayaqlarını möhkəmləndirmək üçün lazım idi. Qızılbaşların belə siyasəti Osmanlı dövləti daxilində gərginliklər yaradır, eyni zamanda iki ölkə arasında ciddi narazılıqlara səbəb olurdu. Osmanlı hökmdarı II Bəyazid (1481–1512) təəbələrinin ölkəni tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürdü. I Şah İsmayıl II Bəyazidə göndərdiyi bir məktubda təriqət mənsublarının ziyarətinə mane olunmamasını xahiş edirdi. II Bəyazid isə I Şah İsmayıla göndərdiyi məktubda ziyarəti yerinə yetirdikdən sonra geri dönməyə söz verənlərə mane olmayacağını yazmışdı. Əslində, II Bəyazid I Şah İsmayılın könlünə dəyməmək üçün ona belə bir cavab göndərmişdi. I Şah İsmayıl isə Osmanlılarla çox ehtiyatlı davranırdı.

I Şah İsmayılın ehtiyatlı davranışlarına baxmayaraq,1510-cu ildə Anadoluda Şahqulu Baba üsyanı baş verdi. Şahqulu Şeyx Heydərin Anadoluda təriqət yayan və Təklə elindən olan Həsən adlı xəlifəsinin oğlu idi. O, son dərəcə fəal və cəsarətli bir adam idi. Osmanlı dövlətində mərkəzi hakimiyyətin bir qədər zəifləməsindən istifadə edərək hərəkətə başlamışdı. Tərəfdarları Şahquluya "baba" deyirdilər. Təklə elinin yoxsul və varlılarından ibarət saysız-hesabsız tərəfdarları vardı. Şahqulu Osmanlı ordusunu bir neçə dəfə məğlubiyyətə uğratdı. Sonuncu savaşda çox ağır yaralanmış Şahqulu çox keçmədi ki, öldü. Ancaq onun tərəfdarları Səfəvi ölkəsinə gedə bildilər. Onların sayı 15.000 idi. Şahqulu güvəndiyi adamlardan birini özünə vəzir təyin etmişdi. Ətraf bölgələrə bəylərbəyi,sancaqbəyilər də göndərmiş və Osmanlı elindəki xəlifələrinə məktublar yazaraq hərəkətə başlamalarını bildirmişdi. Bütün bunlara baxmayaraq, onun məqsədi Osmanlı dövlətini devirmək yox,Şərqi Anadoluda tərəfdarlarının sayını artırıb Səfəvi hakimiyyətini möhkəmləndirmək idi. Şahqulu bacarığı ilə elə bir təsirə malik idi ki, hətta II Bəyazidin Qaraman valisi olan oğlu Şehinşah da onun təbliğatına uymuş və qızılbaşlığı qəbul etmişdi. I Şah İsmayıl tərəfindən Osmanlı taxt-tacı uğrunda mübarizədə Amasiya valisi Əhmədin müdafiə edilməsi və Qaraman valisı Şahzadə Şehinşahın qızılbaş tərəfdarlarına qoşulması siyasi gərginliyi artırırdı. Şahzadə Əhmədin öldürülməsi, oğlu Muradın Səfəvi şahına sığınması, hakimiyyətə keçən Səlimin qızılbaşlara qarşı təcavüzkarlıq siyasəti münasibətləri daha da pisləşdirdi.[17]

Nəticədə I Şah İsmayılın Sultan Səlimin səltənət taxtına oturması münasibətilə Ədirnəyə göndərdiyi elçini Sultan Səlim qəbul etmədi və həbs etdirdi. Bu hadisədən sonra I Şah İsmayıl Nurəli Xəlifənin başçılığı ilə Anadoluya qoşun göndərdi. O, Qarahisar və Niksar qalalarını və Toqatı ələ keçirdi, az sonra Ərzincan ətrafında Sinan paşanı məğlub edərək Şahzadə Əhmədin oğlu Muradın qüvvəsi ilə birləşərək Sivaş, Toqat, Amasiya və Gorumda qızılbaşların üsyana qoşulmasını təmin etdi.

Qızılbaşların Anadoludakı bu tədbirləri Osmanlı dövləti ilə Səfəvilər arasında münasibətləri daha da gərginləşdirdi. I Sultan Səlim qardaşları ilə bağlı təhlükəni aradan qaldırdıqdan sonra Anadoluda 40.000 nəfər qızılbaşı öldürtdü. Təklə elində həbs etdirdiyi qızılbaşları isə Aralıq dənizində yeni fəth olunan adalara sürgün etdi. Bununla, Səfəvilərə qarşı müharibəyə hazırlaşan I Sultan Səlim yürüşü zamanı arxasında baş qaldıra biləcək təhlükəni aradan qaldırıb özbək Übeydulla xanın da köməyinə arxalanaraq hərbi əməliyyata başlamağı qərara aldı.

Müharibənin başlanması və gedişi

[redaktə | mənbəni redaktə et]

Sultan I Səlimin yürüşü

[redaktə | mənbəni redaktə et]
Çaldıran döyüşü zamanı Sultan Səlim tərəfindən ələ keçirilmiş Şah İsmayıl Səfəvinin şəxsi əşyaları. Topqapı muzeyi, İstanbul

Sultan I Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Səfəvi-Osmanlı münasibətləri düşmənçilik xarakteri aldı. Azərbaycan Səfəvilər dövlətinə qarşı hərbi əməliyyata başlamazdan qabaq Sultan Səlim Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən şeybanilər tərəfindən yardım vədini aldı. Sünni üləmaları tərəfindən qızılbaşlara qarşı bütün müsəlman-sünnilərin müqəddəs vəzifəsi olan cihad elan olundu. Belə ki, Osmanlı feodalları üçün "kafir" adlandırılan şiələri öldürməyə və onların əmlakını qarət etməyə "qanuni" əsas yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrini qabaqcadan kütləvi şəkildə amansızcasına qırdırdı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumata görə, 40 minə qədər adam öldürülmüşdü).[18]

Yürüşə başlayan Osmanlı ordusu say etibarilə şah İsmayılın qoşunundan çox idi. Buna görə də İsmayıl ilk mərhələdə düşmənlə açıq döyüşdən çəkindi. Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər, əhalini köçürdülər, ərzaq və yem ehtiyatlarını məhv etdilər, su mənbələrini yararsız hala saldılar. İsmayıl "yandırılmış torpaq" taktikası ilə Osmanlı ordusunu viran qalmış əraziyə cəlb etməyə, onları qarşıdakı qışda çətin vəziyyətə salmağa çalışırdı. Lakin bu taktika özünü qismən doğruldurdu. Sultan I Səlim Osmanlı əsgərlərini Şərqə doğru hərəkətə məcbur etmək üçün kütləvi edamlardan çəkinmirdi.[18]

Sultan I Səlimin Azərbaycana hücum ərəfəsində I Şah İsmayıla məktubları

[redaktə | mənbəni redaktə et]

Sultan I Səlim Azərbaycana hücumu ərəfəsində I Şah İsmayıla 3 məktub göndərdi. O, məktubda təhqiramiz ifadələr işlədir və hədə-qorxu gəlirdi. Sivasda olarkən göndərdiyi məktubda isə İsmayılı çox ağır ifadələrlə həqarət etmişdi. Şeyxliyinə işarə edərək ona əsa, əba və dərviş xalatı göndərmişdi. Ərzincandan Sultan Səlim üçüncü məktubu göndərdikdən sonra I Şah İsmayıl ona nəsihətamiz cavab verdi. Sultan Səlim I Şah İsmayılın müdrik və nəsihətamiz məktubunu alarkən elçini edam etdirdi və Ərzincandan Təbriz üzərinə hərəkət etdi.[19] Sultan Səlim 1514-cü il avqustun ortalarında Çaldıran döyüşü ərəfəsində I Şah İsmayıla Tərcan yaxınlığında 4-cü məktubunu göndərdi. Sultan Səlim bu məktubunda I Şah İsmayılın cürət edib ona cavab yazmasını göstərərək yenə də təhqiramiz ifadələr işlədir və ona boyunbağı, sırğa və baş örtüyü göndərir.[18] Artıq bu iki türk dövləti arasında qarşılaşma qaçılmaz vəziyyətə gəlir.

Yavuz Sultan Səlim dövründə Osmanlı sərhəddi

Məşvərət məclisində Məhəmməd xan Ustaclı Osmanlı ordusunun Çaldıran düzünə enərkən döyüş mövqeyini müəyyən etmədən hücum etmə və ya osmanlıların odlu silahının üstün olmasını nəzərə alaraq gecə hücuma keçmənin məqsədəuyğun olması təklifləri Durmuş xan Rumlunun etirazı ilə qəbul edilmədi. I Şah İsmayıl da gecə hücumunu öz qüruruna sığışdırmadığına görə bu təklifə etiraz etdi. Hətta, Məhəmməd xan Ustaclının Osmanlı ordusunun sayca çox olmasını nəzərə alıb döyüşə girməməyi və gözləmə mövqeyi tutaraq ölkənin digər bölgələrindən hələ gəlib çıxmamış hərbi hissələrin çatmasından sonra döyüşə başlama təklifi də qəbul olunmadı. Beləliklə, I Şah İsmayılla Sultan I Səlimin aralarındakı qırıcı məktublardan sonra 23 avqust 1514-cü ildə Xoy şəhərinin şimali-cənubunda eyni adlı şəhərdən 20 fərsəx məsafədə olan Çaldıranda bir qandan olub, bir dildə danışan qüvvələr qarşılaşdı.[20]

Çaldıran döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çaldıran döyüşü

Çaldıran vuruşması Səfəvilər dövlətinin hərbi – siyasi tarixinin mühüm mərhələsi oldu. Şah İsmayılın dövlətinin taleyi üçün bu vuruşmanın həlledici nəticələri olmasa da, Səfəvilərin Kiçik Asiya şiələrindən zərbə qüvvəsi kimi istifadə etmək niyyətlərinin mənasızlığını göstərdi. I Sultan Səlim hələ müharibə başlamazdan əvvəl arxadan – Anadolu şiələri tərəfdən olan təhlükəni ləğv edə bildi.[21]

Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vıziyyəti belə idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və Şərəfəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləşirdi; sağ canaha Durmuş xan Şamlı, sol cinaha isə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclı başçılıq edirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xüləfa bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə Əfşar cinahlarda mövqe tutdular. Sarı Pirə (qorçubaşı) və Yusif bəy Varsaq öndə duran hissəyə (çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda dururdu.[22]

Çaldıran vuruşmasının baş verdiyi yerdə abidə

Osmanlı ordusunun döyüş qüvvələri Avropa nümunəsi üzrə qurulmuşdu. Sağ cinaha Anadolu bəylərbəyisi Sinan paşa, sol cinaha isə Rumeli bəylərbəyisi Həsən paşa başçılıq edirdilər. Mərkəzdə artilleriyaya – 300-ə yaxın top yerləşdirilmişdi. Düşmənin topları görə bilməməsi üçün onların qarçısında xüsusi hissələr (əzablar) saxlanırdı. Artilleriyanın arxasında piyada nişançılar – yeniçərilər dururdular. İş heyvanlarını – dəvələri və qatırları bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birlikdə yeniçərilərin qarşısında və ətraflarında yerləşdirmişdilər. Bu, müdhiş qızılbaş süvarisinin yolunda maneə olmalı idi. Elə həmin məqsədlə də topların sıraları zəncirlərlə bağlanmışdı. Sultan Səlim özünün şəxsi hərbi dəstəsi ilə yeniçəri qüvvələrinin arxasında mövqe tutmuşdu. Osmanlı ordusunun arxa hissəsində vəzifəsi düşmənin arxadan vura biləcəyi zərbəni dəf etməkdən ibarət olan Şadi bəy durmuşdu.[23][24]

Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçılərin şiddətli hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi.

Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquçoğlu ilə üz-üzə gəldi. İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi.[25]

Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir – birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların "divarı" qarşısında dayanmağa məcbur oldu.[26] Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha "zahirən və geyimi " ilə çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, "mənəm şah" – deyə qışqıraraq irəli qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş İsmayıla başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı.[27]

Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur. Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə osmanlı olduğu göstərilir. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana bilmərik. Məsələn, Şərəfxan Bidlisi yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır.[28] Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən artıq şişirdilər. Onlardan bəziləri türklərin 30–40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər. Osmanlı sərkərdələrindən Həsən paşa, Malquç oğlu, Üveys bəy, Süleyman bəy həlak oldular.[29]

Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin ağıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini, şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə güvənərək, keflənib lovğalanmasını və s. göstərmək olar. Bu baxımdan Sultan Səlimlə türklərin əsir aldığı Şah İsmayılın oxşarı – Sultanəli Mirzə Əfşar arasında olmuş söhbət maraqlıdır. Sultan Şah İsmayıldan soruşur:

" Məgər sən bilmirdin ki, mən iki yüz min döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə məhkum etdin, özün isə əsir düşdün "

. Cavab belə oldu:

" Mən bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən toplardan düzəldilən istehkama atılıb bununla da özünü bu dünyada da, o dünyada da rüsvay edəcəksən... "

Göründüyü kimi, I Şah İsmayıl odlu silah tətbiqini insanlıqla bir araya sığışdırmır, qorxaqlıq və cəsarətsizlik təzahürü sayırdı. Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və döyüşün aparılması taktikasında Avropa sistemini də mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdır.[30]

Çaldıran Səfəvilər dövlətinin hərbi – siyasi nüfuzuna ciddi zərbə endirdi və son nəticədə onun Kürdüstanda geniş əraziləri itirməsinə gətirib çıxardı. Kürd tayfaları və əyanları o vaxta qədər I Şah İsmayılın və onun canaşinlərinin hakimiyyətini qismən tanısalar da, Çaldırandan sonra kömək üçün I Sultan Səlimə müraciət edərək, açıq–aşkar qızılbaş hakimlərinə qarşı çıxış etməyə başladılar. Kürdüstanın əsarət altına alınmasına yönəldilmiş Osmanlı ilhaqçı siyasətinin sadiq nümayəndəsi və yayıcısı İdris həkim Bidlisi kürd tayfalarının sultanın tərəfinə keçməsində çox böyük rol oynadı. Kürdlərin siyasi təmayülünün dəyişməsində onların Osmanlı türkləri ilə ümumi olan sünnilik ideologiyası heç də az rol oynamadı.

Çəhəl Sütun Sarayının interyerində Çaldıran döyüşünü təsvir edən XVII əsrə aid divar rəsmi

Hicri 920 (1514–1515)-ci ilin qışını Amasyada keçirən Səlim İstanbul istiqamətində hərəkət etdi. O, yolüstü Kəmaxı tutdu.[28] Ərzincanın qızılbaş hakimi Nurəli Xəlifə Rumlu Trabzonun Osmanlı hakimi Bıyıklı Məhəmmədin (farsdilli mənbələr onu Mustafa paşa Bığlı Çavuş adlandırırlar) qoşunları ilə döyüşdə məğlubiyyətə uğradı və həlak oldu. Ərzincan isə osmanlılar tərəfindən tutuldu.

Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və Mardinə geri çəkilsin. 1516-cı ilin əvvəlində Mardinin cənubunda Qoçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan öldürüldü, qızılbaş qoşunu darmadağın edildi. Nəticədə, şimalda Harbutda Bitlisə kimi başlayan, cənubda isə Rəqqədan Mosula kimi uzanan geniş ərazi Osmanlı türklərinin əlinə keçdi.[31]

Sultan Süleymanın Azərbaycana ilk yürüşü

[redaktə | mənbəni redaktə et]

Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanın Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və xondkarın (yəni sultanın) qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini böyük vəzir İbrahim paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.

Üləma ilə əlaqəsi olan bəzi qızılbaş əyanları Səfəvilərə xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan Mosullunun[32] vəziri Xacə Şahqulu öz adamlarını sultanın yanına göndərərək onu Təbrizə dəvət etmişdi. Qəfildən yaxalanmış Musa Sultan qoşunların arasında yayılmış taun xəstəliyi üzündən paytaxtı tərk etməyə məcbur oldu.[33] Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı sərkərdəsi Xosrov paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri osmanlılar tərəfindən tutuldu.[34]

Türk mənbələrinə görə, Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim paşanın hərbi hissələri hicri 940-cı il zilhiccənin 1-i (1534-cü il iyunun 13-də) Təbrizə daxil olmuşdular.[35][36] Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri iə şəhərə sentyabrın 27-də çatdılar.

Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Osmanlı əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi qanuniləşdirirdilər.[37]

Düşmənin basqını barədə məlumat alan şah Xorasandan hərəkət etdi və Reyə çatdı. Qızılbaşların atları və dəvələri məsafəni sürətlə qət edərək gücdən düşmüşdülər. Bu üzüntülü yol onların bir çoxunu sıradan çıxarmışdı. Üstəlik də şah qoşununun sayı 7 min nəfərdən çox deyildi. Halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi. Şah Qəzvinə, oradan isə Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi:

"Bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına çıxa bilmərik". Şah I Təhmasib ona belə cavab verdi: "Məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür."[38]

Sultan Süleyman Şah I Təhmasibə göndərdiyi məktubda onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah cavabında yazdı ki,

" o,ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün dayandığı qeyri – bərabər şəraitdə düşmənlə vuruşa bilməz.[39] "

Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında İbrahim paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt KuhKiluyə (Fars) hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni keçərək Sultaniyyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli anda qızılbaş əmirləri arasında ixtilaflar baş verdi. Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin tərəfinə keçdilər. Şah,Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə vuruşa girməkdən çəkinməyə məcbur edirdi. Payızın sonunda Sultaniyyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddətli soyuqlar və azuqə çatışmazlığı üzündən böyük itkilər verdi. Osmanlılar qızılbaşların artilleriyanı ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər topu yollarda yandırdılar.[40] Sultan qışlamaq üçün Bağdada tərəf döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək cəhdini əsirlərdən öyrənən Şah Təhmasib Təbrizə hərəkət etdi. Bu vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı.[41][qeyd 1]

Qızılbaşların qalanı tutması ərəfəsində şaha, xondkarın "öz oğlu" adlandırdığı və "Əcəm" hakimi kimi tanıdığı qardaşı Sam Mirzənin xəyanəti haqqında xəbər verdilər. Buna görə də şah mühasirədən əl çəkdi, tələsik Azərbaycana yola düşdü.

Bu zaman Süleyman böyük çətinliklərlə Şəhrizurdan keçərək Bağdada yaxınlaşdı. Şəhərdəki iğtişaşlar onun hakimi Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət göstərmədən türklərə verməyə məcbur etdi. Həmin hadisələrin iştirakçısı olmuş Budaq Qəzvininin dediyinə görə, Süleymanın yaxınlaşması barədə xəbərlər alındıqda Məhəmməd xan öz "ağalarını" bir yerə toplayıb yaranmış vəziyyət haqda məlumat verdi. Təqribən 3 min nəfər olan təkəli tayfası şaha imtina etdi, lakin bildirdi ki, Bağdadı sultandan müdafiə edəcəkdir. Onları yola gətirməyin mümkün olmadığını görən Məhəmməd xan bildirdi: türklərin tərəfini saxlayanlar, arvad – uşaqları və əmlakı ilə şəhərdən çıxmalıdırlar. 700-ə qədər ailə şəhəri tərk etdi. Yerdə qalanlara ümid bəsləyən xan yenidən adamlar müraciət etdi və bu dəfə də o etirazla qarşılandı. Təkəli tayfası şahdan üz döndərmişdi. Belə olanda xan iğtişaş və ədavət salanlardan yaxa qurtarmaq üçün hiyləyə əl atdı. O bildirdi ki, şahın yanına getmək arzusundan əl çəkmişdir və qalanı türklərə təslim etmək istəyir. Xana tabe olmayan başçılar məktub və və qala açarları ilə Sultanın yanına göndərildi. Bundan sonra Məhəmməd xan ona sadiq olan adamlardan ibarət dəstə ilə qaladakı ehtiyatlar od vurdurdu, qalan əmlakı çapıb – talayaraq döyüşə-döyüşə Dəclə çayının sağ sahilinə keçdi.[42]

XVI əsrdə Çaldıran döyüşünü təsvir edən Osmanlı miniatürü.

Sultan Süleymanın Azərbaycana II yürüşü

[redaktə | mənbəni redaktə et]

Hicri 941 (1534–1535)-ci ilin qışını Bağdadda keçirən Sultan Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma kanalları və kəhrizlər torpaqqla doldurulmuşdu. Taxıl (qəllat) və əkinlər (məzruat) yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyyəyə çəkildi. Onun arxasınca osmanlı qoşunları Təbrizə daxil oldu. Şah sultan və İbrahim paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə öz səfirlərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah qoşunları Sultaniyyədən Dərəcəzinə gedən yolda əkinləri yandırdılar. Türk ordusu Sultaniyyə ərazisinə çatanda aclıq və baş verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi. Burada (Dərəcəzində) qızılbaşların irəlidə olan hissələri (çərxçiyan) Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə rumluların qoşunları ilə toqquşdular. Osmanlılar qızılbaşlara hücum etdilər, lakin məğlub oldular. Ağır vəziyyətə düşən türk qoşunları geri çəkilməyə başladılar.[43]

Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan, Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə İbrahim paşanı təqib etmək üçün göndərildi. Halbuki, şah özü Van qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş osmanlılara yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd paşanı və Üləmanı 2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan şah qorçiləri ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.

Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq, Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yeniçəriləri ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı. Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından olan qorçılər dəstəsi ilə düşmənə hücum etdi. Həsən bəy Rumlunun sözləri ilə desək;

" “bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı”. "

Sultanın bir neçə əyanı əsir alındı. Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər.[44] Onlar böyük qənimət ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar. Qızılbaşların hücumuna davam gətirməyən osmanlılar qalaya çəkilib sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə osmanlı məhv edildi. Onların başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, VanƏrciş əraziləri şahın əlinə keçdi.[45]

Sultan Süleymanın Azərbaycana III yürüşü

[redaktə | mənbəni redaktə et]

Həsən bəy Rumlunun xəbər verdiyi kimi, hicri 955 (1548)-ci ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan bütün ölkələrdən- Macarıstan, Əflak (valaxiya), Bosniya, Serbiya, Moreya, Moldaviya, Anadolu, Məntəşə eli,Qaraman, Mərəş, Hələb,Suriya,Misir,Hicaz,Yəmən,Diyarbəkir, Ərəb İraqı və Kəfədən toplanmış böyük ordu ilə Azərbaycana soxuldu.

Şərəf xanın verdiyi məlumata görə, Sultanı Səfəvilər üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki, Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər. Lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa başladılar.[46] Böyük türk ordusuna qarşı çıxmaq üçün kifayət qədər qoşunu olmayan Şah I Təhmasib Təbrizi tərk etdi və Şəmbi Qazana çəkilərək orada üç ay müddətində qoşun topladı. Burada Şirvan bəylərbəyi İsmayıl Mirzə və digər hakimlər öz qoşunları ilə onunla birləşdilər.

Qızılbaşlar türk ordusnun hərəkətini çətinləşdirmək üçün Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi olaraq viran qoydular. Burada düşmənə "bir toxumcuq, ot saplağı" belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını (qənov və kəhrizləri) elə bağladılar ki, "hətta özlərinin içməsi üçün belə lazım olan qədər su qalmasın".[36]

Osmanlı-Səfəvi müharibəsinin sonunda Sultan Süleymanın Naxçıvana ordu ilə yürüş etməsini əks etdirən Süleymannamə miniatürü. 1554-cü ilin yayı

Xainlər- Üləma bəy və Əlqas Mirzə Sultan ordusunu müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi.[47][48] Üləma osmanlıların dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla Xoydan hərəkət edəcək bir sıra paşaları (o cümlədən Əlqas Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini tərk etdi, onunla Xuzistan, Fars, Kirman və İraq əmirlərinin birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi. Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem olmadığına görə türklərin 5 min atı, dəvəsi və qatırı tələf oldu.[49]

Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Həsən bəy Rumlu yazır: "Xalq nalə və fəryad səsini göylərə ucaltdı". Hicri 955-ci il rəbi əs-saninin 24-ü (1548-ci ili iyunun 2-də) Sultan Təbrizi tərk etməyə məcbur oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Salnaməçi söyləyir: "Təbrizin qara camaatı və pozğun ünsürləri (yəni əhalisi -O. Ə.) özlərinin qisasını atlardan və sultanın yaxın adamlarından alaraq onları öldürdülər".[50]

Qızılbaş qoşunları da düşmənə aman vermirdilər. Onlar gündüz və gecə düşmənin ətrafında dövrə vurur və ayrı-ayrı dəstələri əsir alırdılar. İsgəndər bəy Münşi qeyd edir ki, qızılbaşlar qəfil hücumları ilə türkləri elə qorxutmuşdular ki, "onlar özlərinə yemək əldə etmək üçün dayandıqları yerdən kənara bir addım da ata bilmirdilər".[51][52]

Azərbaycan əhalisinin getdikcə artan müqaviməti, ərzaq çatışmazlığından yaranan ağır vəziyyət və şah qoşunlarının hücumları Osmanlı qoşunlarının Təbrizdə qalmasını qeyri-mümkün etmişdi. Sultan Kürdüstandan keçərək Vana çəkildi,Van qalasını ələ keçirdi və onu İsgəndər paşaya verdi. Özü isə Diyarbəkirə döndü. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli vuruşmada onlar böyük tələfat verildi.[53][54]

Osmanlı ordusu geri çəkildikdən sonra şah Xoya daxil oldu. Burada İbrahim xan və başqa əmirlər öz qoşun dəstələri ilə ona qoşuldular. Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud xan Əfşar da şahın qoşunları ilə birləşdilər. Bu zaman Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək üçün göndərmişdir. Təhmasibin böyük oğlu İsmayıl Mirzə Göyçə Sultan Qacarla birlikdə ona qarşı göndərildi. Şahzadə qəfil hücumla 2 min nəfərədək döyüşçünü, həmçinin bərpa işləri aparmaq üçün Amasiya, Tokat, Sivas, Akşehir, Ərzincan, Bayburt, Kəmax, Tərcan, Ərzurum və başqa yerlərfən qovulub bura gətirilmiş 5 min kəndli və sənətkarı məhv etdi.[55][56] Onların bir hissəsi qalada gizlənərək canlarını xilas etdilər, lakin üç gündən sonra qızılbaşlara təslim oldular. Osman Çələbi özü ilə 600 nəfər götürərək şahzadənin qərargahına gəldi və qəflətən qılıncını sıyıraraq ona hücum etdi. Osmanın adamları da onun kimi hərəkət edərək qızılbaşlara hücum etdilər. Lakin İsmayıl Mirzə soyuqqanlılıq göstərdi, özünü itirmədi. Türklərdən bir nəfər də salamat qalmadı. Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı. Yenə həmin ildə Şahqulu Sultan böyük qoşunla Osmanlıların sərhəd rayonlarını viran etmək üçün göndərildi. Onalr Əxlat ərazisində tayfaları soyub taladılar və təqribən 5 minədək at,100 min qoyun və 50 min qaramal sürüb apardılar.[57]

Şah Xınıs bölgəsini viran edib yandırdı və Pasinə yola düşdü. Burada şahzadə İsmayıl və Bəhram Mirzə şaha qoşuldular. İsgəndər bəy Münşi göstərir ki, qızılbaşların əsas qüvvələrini məqsəddən yayındırmaq və özünün başlıca qüvvələrini itkisiz çəkib aparmaq üçün Sultan Süleyman Əlqası və Üləmanı qoşunlarla müxtəlif istiqamətlərə yolladı. Əlqas Mirzə beş min nəfərlik qoşunla Şəhrizurdan İraq tərəfə, Üləma isə Ərzurum və Sivas paşaları ilə otuz minlik qoşunla sultanın əmrinə əsasə, Ərzurumu müdafiə etmək üçün göndərildi. Süleyman özü isə Bilisi sürətlə keçdi və Diyarbəkirə çatdı.

Sultan Süleyman Qanuni Səfəvi-Osmanlı müharibəsinin (1532–1555) nəticəsində İran körfəzinə çıxış əldə etdi. Osmanlı imperiyası üçün sabit bir şərq sərhədi qurdu.

Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə Əxlat, Gözəl Dərə, Adilcəvaz və Muş ərazilərini viran qoymaq üçün göndərdi. Üləmanın Tərcanda olması xəbərini alan şah, Sufiyandan keçib onun arxasınca hərəkət etdi. Lakin Üləma tələsik qaçdı. Onda şah Tərcandan Ərzincan istiqamətinə irəlilədi. Şahzadə İsmayılın irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Tək oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və qaçdılar. Ərzincan tutuldu və talan edildi. Noyabrın əvvəlində şah İrəvana yollandı və Üçkilsədə düşərgə saldı.

Şah Ərzincanda olarkən Əlqas Mirzə beş min nəfərlik dəstə ilə Kürdüstandan Həmədana, sonra isə Qum üzərinə yeridi. Bunun ardınca o, Kaşana daxil oldu. Əlqas Mirzə şahın yaxınlaşması xəbərini alan kimi tələsik cənuba, İsfahana hərəkət etdi. Şəhər əhalisi müdafiəyə hazırlaşdı. Bəhram Mirzənin və İbrahim xanın dəstələri Kaşana çatdılar. Əlqas təqibçilərdən yaxa qurtarmaq üçün Fars tərəfə döndü, Yezdxas (Şiraz-İsfahan yolunda) qalasını aldı və müdafiəçiləri qılıncdan keçirdi. Sonra o, Şirazı keçib Bəhbəhana, Dizfula daxil oldu. Oradan isə Bayat qalasından çıxıb Bağdadın hüdudlarına çıxdı.[58]

Səfəvilərin Osmanlı ərazilərinə soxulması

[redaktə | mənbəni redaktə et]

Hicri 959 (1552)-cu ildə Şah I Təhmasib Osmanlı ərazilərinə daxil olaraq fəal hücum əməliyyatlarına keçdi. Ərzurum hakimi İsgəndər paşanın qızılbaşların Çuxursəəd (İrəvan) vilayətinə basqınları bu hücumlar üçün bəhanə oldu. 1552-ci ilin əvvəlində İsgəndər paşa Xoy ərazisində Səfəvilərin hüdudlarına soxuldu, sonra isə Çuxursəədə keçib şəhər bazarını yandırdı və geriyə qayıtdı. Ərzurum paşası qızılbaş əmirlərinə lovğalıqla yazdığı, hədələrlə dolu məktublarda özünü Şirvan və Gürcüstan hakimi adlandırmışdı.[59]

Yavuz Sultan Səlimin atası və 8. Osmanlı padşahı II. Bəyazid

1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər:

  1. Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.).
  2. Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və Ədhəm bəy Rumlu).
  3. Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu xan Əfşar, Çıraq Sultan). Dəvilə[qeyd 2] (Bayram bəy Qacar, Toygün bəy Qacar və gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov).[61]

Bu hərbi əməliyyatın məqsədi Osmanlı Türkiyəsinin sərhəd ərazilərini viran qoymaqdan, həmçinin hərbi qənimət ələ keçirməkdən ibarət idi. Qızılbaşlar düşmənin yeni basqını qarşısında osmanlı ordularının bu ərazilərdən gəlib – getməsini çətinləşdirmək niyyətində idilər. Bu əməliyyatda Şah I Təhmasib şəxsən iştirak edirdi. Məsələn, Ahlat ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bitlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin bölgələri oddan – qılıncdan keçirildi. Döyüşlərdə çoxlu osmanlı və kürd məhv edildi. Qızılbaşlar yürüşdən xeyli qənimətlə qayıtdılar.[62]

Ərzurumun "dikbaş" hakimi olan İskəndər paşanı "cəzalandırmaq" qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin başçılığı altında ordunu ona qarşı göndərdi.[63] Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər, "min Tehran və altı yüz Naxçıvan qorçisi" bu yürüşdə iştirak edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan (Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon, Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına gəldi. Türklər şəhərin yarım fərsəxliyində (3–4 km) döyüşə hazır oldular.

Qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu. Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin üstündə durmuşdu. Osmanlılar qızılbaşların hücumuna davam gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar. Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada osmanlılar qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girı bildi. Cəsur şahzadə İsmayıl şəxsən döyüşə atılırdı. Lakin qorçilər buna imkan vermirdilər. Xəndəyə düşüb ölənlərdən başqa 2576 osmanlı öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar.[64][65]

Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə "qazilər" böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal) ələ keçirdilər. Şah hicri 960-cı ilin rəbi əs-sanisində 1553-cü ilin mart-aprelində) Naxçıvan yürüşündən qayıtdı.[66]

Həmin ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini[67][qeyd 3] sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan "Şərqin və Qərbin" padşahına (yəni I Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına qayıtdılar.[68]

Sultan Süleymanın Azərbaycana IV yürüşü

[redaktə | mənbəni redaktə et]
Süleymannamə də yer alan I Süleymanın Naxcıvan səfəri sırasında gösteren bir miniatür
Süleymannamə də yer alan I Süleymanın Naxcıvan səfəri sırasında gösteren bir miniatür

Sultan Süleyman hicri 961 (1554)-ci ilin yazında böyük ordu ilə Azərbaycana yeridi və Naxçıvanı tutdu. Öz taktikasına sadiq qalan Şah I Təhmasib düşmənin başlıca qüvvələri ilə gözlənilən toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. Şah Bazarçay (Arazın qolu) yaylaqlarına tərəf çəkildi. İskəndər bəy Münşinin yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələriqılıncdan keçirir və əsir alırdılar.[21]

Şahın əmrilə qızılbaşların bir hissəsi İsmayıl Mirzənin, Məsum bəy Səfəvinin və Şahqulu Xəlifənin başçılığı altında Van və Vostan bölgələrinə, digəri isə Sultan Hüseyn Mirzənin (Bəhram Mirzənin oğlu) və Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi ki, "həmin diyarda abadlıqdan əsər-əlamət qalmasın".

Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə — Ərzuruma qayıtdı. Qızılbaş qoşunları (İskəndər bəy Münşiyə görə, sayı təqribən min nəfər) geri çəkilən türklərin ardınca osmanlı ərazilərinə qədəm qoydular. Qızılbaşlar bir döyüşdə türklərin böyük dəstəsini darmadağın edərək, osmanlı sultanının yaxın adamlarından biri olan Sinan bəyi əsir aldılar.[69]

Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh danışıqlarına başlamağa razı olduğunu bildirdi.[22]

Amasya sülh müqaviləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Amasya sülh müqaviləsi
Amasya sülh müqaviləsi
1555
Səfəvi İmperiyası ilə Osmanlı İmperiyası arasında bağlanan 1555-ci il sülh sazişi

Osmanlı ilə Səfəvilər arasında olan Səfəvi-Osmanlı müharibəsi (1532-1555) nəticə vermədikdən sonra Osmanlı sultanı Süleyman Qanuni Səfəvilərlə sülh danışıqlarına başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu barədə baş vəziri Məhəmməd paşaya müvafiq göstərişlər vermişdi. Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub göndərərək Səfəvilərin başçısı I Şah Təhmasibdən Sinan bəyi azad etməyi və danışıqlar aparmaq üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının ağsaqqallarından Şahqulu bəydə yola düşdü.[70][71] Şahqulu bəy qayıtdıqdan sonra, Sultan Süleyman Amasyada olarkən özünü ona çatdırmış[72] "Qaradağ sufilərinin" ağsaqqallarından biri – Səfəvilərin eşikağası Fərruxzad bəy, Səfəvi elçisi kimi Osmanlı sultanının yanına göndərildi. Burada aparılmış danışıqlar nəticəsində "Amasya sülhü" adı altında məşhur olan sülh müqaviləsi bağlandı.

Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Həsən bəy Rumlunun Əhsən ət-Təvarix əsərində, Qəffarinin və Əli Zeynalabdinin salnamələrində Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri-qəməri təqvimi ilə 961-ci ilə aid edilir.[73][74] İsgəndər bəy Münşi onun tarixini xronoqram ilə verir (yəni 1+30+90+30+8+600+10+200), bu da hicri 969-cu il edir.[75]. Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır[7].

Yozef fon Hammer bu müqaviləni Osmanlı ilə Səfəvilər arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır. Mənbələrdə Çaldıran döyüşündən sonra I Şah İsmayılla Sultan Səlim arasında sülhə dair hər hansı məlumata təsadüf edilmir. Buna baxmayaraq, bəzi əsərlərdə 1515-ci ildə onların arasında sülh əldə edildiyi barədə yoxlanmamış və əsaslandırılmamış fikirlər var.[76][77].

Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartli, Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşürdü.[8]

Şərqi Anadoluda olduğu kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu.[78] Qars neytral elan edildi və mövcud qalası dağıdıldı.[11][79]

Osmanlılar, qızılbaş zəvvarlarının müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə, habelə İraqdakı şiə müqəddəs ziyarət yerlərinə getmələrinə zəmanət verdi.[80]

Oqtay Əfəndiyev özünün Azərbaycan Səfəvilər dövləti kitabında yazır ki, Türk tarixçi İsmayıl Haqqı Uzunçarşılının belə bir iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan (Təbriz də daxil olmaqla) Osmanlı dövlətinin hökmranlığı altına düşmüşdür[18][81]

  1. "Silsilat əl-nəsəbi Səfəviyyə"yə görə Məsum bəy Şeyx Heydərin qardaşının nəvəsi olmuşdur.
  2. İsgəndər bəy Münşinin əsərindən aydın olur ki, I Təhmasib vəfat edəndə eyni zamanda iki nazir var idi - Mirzə Salman və Xacə Əbülqasım. Həm də əgər birinci əksəriyyət büyutatların naziri idisə,ikinci bir neçə büyutata nəzarət edirdi.[60]
  3. V.F.Minorski anonimtarixə əsaslanaraq qeyd edir ki, İsmayıl Gilanda düşmənlərindən gizlənəndə,ona xidmət edən təriqət qəraragahı onun lələsindən əlavə xəlifət əl-xülafadan,abdaldan,dədə və xadimdən ibarət olmuşdur
  1. Roger M. Savory, Iran under the Safavids, Cambridge, 1980, p. 41.
  2. 1 2 McCaffrey, Michael J. ČĀLDERĀN // Arxivlənmiş surət. Encyclopaedia Iranica, Vol. IV, Fasc. 6. 1990. 656–658. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  3. 1 2 Keegan & Wheatcroft, Who's Who in Military History, Routledge, 1996. p. 268.
  4. 1 2 Encyclopedia of the Ottoman Empire, ed. Gábor Ágoston,Bruce Alan Masters, page 286, 2009
  5. Ágoston, Gábor. Firearms and Military Adaptation: The Ottomans and the European Military Revolution, 1450–1800 // Journal of World History (ing.) . 25 (journal) (ingilis). 2014. 110.
  6. Savory, Roger (2007). Savory, Roger (ing.). Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512. р. 42.
  7. 1 2 J. Hammer. Histoirc de L’Empire Ottomane, c. VI, səh. 70
  8. 1 2 Tarix-i aləm aray-i Abbasi, səh. 87
  9. Ateş, Sabri. Ottoman-Iranian Borderlands: Making a Boundary, 1843–1914. Cambridge: Cambridge University Press. 2013. səh. 20. ISBN 978-1107245082.
  10. Mikaberidze, Alexander Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine ABC-CLIO, 31 jul. 2011 ISBN 1598843362 p 698
  11. 1 2 Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015. səh. xxxi. ISBN 978-1442241466.
  12. Səfəvi-Osmanlı müharibələri — Amasya sülh müqaviləsi və Səfəvilərin savaş taktikasıhttp://olke.az/news/detail/sefevi-osmanli-muharibeleri-amasya-sulh-muqavilesi-ve-sefevilerin-savas-taktikasi-86316/[ölü keçid]
  13. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 26
  14. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 26-27
  15. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 27-28
  16. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 28
  17. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 29
  18. 1 2 3 4 Səfəvilər dövləti (PDF) // Azərbaycan tarixi. III ("CBS-PP" MMC 25000 nüs.). Bakı: Elm. O.Əfəndiyev. 2007. səh. 186. ISBN 978-9952-448-39-9.
  19. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 31
  20. NİZAMİ SÜLEYMANOV, 2018. səh. 32
  21. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 202
  22. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 138-141
  23. Təzkirət əl-mülük, səh.125–126
  24. R.M.Savory. The office of Khalifat al-Khulafa under the Safawides. Baltimore: Journal of the American Oriental Society,vol.85. 1965. səh. 497-502.
  25. Təzkirət əl-mülük, vər.29b
  26. Təzkirət əl-mülük, səh.132
  27. Təzkirət əl-mülük, səh.121–122
  28. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 167
  29. Təzkirət əl-mülük, vər.41a
  30. Təzkirət əl-mülük, vər.37a
  31. Şərəfnamə, I.cild, səh.450
  32. Həsən bəy Rumlu, 2017. səh. 374
  33. Həsən bəy Rumlu, 2017. səh. 189
  34. Budaq Münşi Qəzvini. Cəvahir əl-əxbar. 1576. səh. vər 298b,299a.
  35. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül–əxbar. Ərdəbil. 1570. səh. vər257a.
  36. 1 2 Həsən bəy Rumlu, 2017. səh. 244
  37. Tarix-i elç-i Nizamşah, Britaniya muzeyinin nüsxəsi, N-23,513, vər 474a
  38. Tarix-i elç-i Nizamşah, Britaniya muzeyinin nüsxəsi, N-23,513, vər 476a
  39. Həsən bəy Rumlu, 2017. səh. 274
  40. Həsən bəy Rumlu, 2017. səh. 375-376
  41. Həsən bəy Rumlu, 2017. səh. 315
  42. Həsən bəy Rumlu, 2017. səh. 357
  43. Oqtay Əfəndiyev, 2007. səh. 82-83
  44. Oqtay Əfəndiyev, 2007. səh. 84
  45. Həsən bəy Rumlu, 2017. səh. 411
  46. Həsən bəy Rumlu, 2017. səh. 234
  47. Həsən bəy Rumlu, 2017. səh. 278
  48. Şərəfnamə, II cild, səh 188
  49. Oqtay Əfəndiyev, 2007. səh. 933
  50. Həsən bəy Rumlu, 2017. səh. 398
  51. Qaffari, Tarix-i Cahan Ara, səh. 253
  52. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül–əxbar, vərəq 274a
  53. Qaffari, Tarix-i Cahan Ara, səh.303
  54. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül–əxbar, vərəq 274b
  55. Qaffari, Tarix-i Cahan Ara, səh.308
  56. Həsən bəy Rumlu, 2017. səh. 419
  57. Həsən bəy Rumlu, 2017. səh. 491-492
  58. İsgəndər bəy Münşi, 2010. səh. 226-227
  59. Təzkirət əl-mülük, səh 29–30,118–119, fars mətni, vər 19b
  60. İsgəndər bəy Münşi, 2010. səh. 164
  61. Təzkirət əl-mülük, səh.118, fars mətni, vər 13a
  62. Təzkirət əl-mülük, səh.118, fars mətni, vər 40a
  63. İsgəndər bəy Münşi, 2010. səh. 206
  64. İsmayılın anonim tarixi, vər.204–206
  65. Həbib əs-siyər, IV cild, səh.521–522
  66. Təkmilat əl-əxbar.vər.260b
  67. Təzkirət əl-mülük, səh.125
  68. Zəndəgani-i şah Abbasi, səh.202
  69. Oqtay Əfəndiyev, 2007. səh. 103
  70. Əhsən ət-təvarix, səh.379
  71. Tarix-i cahan-ara, səh. 302
  72. Əhsən ət-təvarix, səh. 384
  73. Tarix-i cahan-ara, səh.302
  74. Təkmilat əl-əxbar. vər. 273a
  75. Tarix-i aləm aray-i Abbasi, səh. 79
  76. Л.Крымский. История Турции. Киев, 1923, стр.125
  77. И.П.Петрушoвский. Азербайджан н XVI-XVI1 вв.. етр. 241
  78. Ateş, Sabri. Ottoman-Iranian Borderlands: Making a Boundary, 1843–1914. Cambridge: Cambridge University Press. 2013. səh. 20. ISBN 978-1107245082.
  79. Mikaberidze, Alexander Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine ABC-CLIO, 31 jul. 2011 ISBN 1598843362 p 698
  80. Shaw, Stanford J. (1976), History of the Ottoman Empire and modern Turkey, Volume 1, p. 109. Cambridge University Press|ISBN|0-521-29163-1
  81. İ. H. Uzunçarşılı. Osmanlı tarihi, II cilt, İstanbulun fethinden Kanuni Sultan Süleymanın ölümüne kadar. Ankara, 1949. s. 349–356.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: ”Şərq-Qərb”. 2007. 444 səh + 8 səh. (illüstrasiya). ISBN 978-9952-34-101-0.
  • İsgəndər bəy Münşi Türkmən. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı: ”Şərq-Qərb” Nəşriyyat evi. 2010. 1144 səh. ISBN 978-9952-34-620-6.
  • Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər). Bakı. "Elm". 2007. ISBN 978-9952-448-39-9 [1]
  • NİZAMİ SÜLEYMANOV. A Z Ə R B A Y C A N SƏFƏVİ DÖVLƏTİ 1501- 1736-cı illər. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. 2018. 214 səh. ISBN 978-9952-34-620-6.
  • Həsən bəy Rumlu. Ehsenüt Tevarix (Tarixlerin ən yaxşısı). Kastamonu. 2017. 662 səh. ISBN 978-605-638-641-5.
  • Бакиханов Аббас-Кули Ага. Гюлистан-Ирам. Баку. 1926.
  • Бакиханов А. Гюлистани-Ирам. — Баку, 1988.
  • Барбаро и Контарини о России. — Л., 1971.
  • Бартольд В.В. Краткий обзор истории Азербайджана. Соч., т. П, Л. -М., 1963.
  • Бартольд В.В. Турецкий эпос и Кавказ. Соч., т. V. — М., 1968.
  • Бартольд В.В. Историко-географический обзор Ирана. Соч., т. VII.- М., 1971.
  • Мамедов С.А. Азербайджан по источникам XV-первой половины XVIII вв. — Баку, 1993
  • Махмудов Я.М. Взаимоотношения государств Аккоюнлу и Сефевидов с западноевропейскими странами. — Баку, 1991.
  • Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв. — Л., 1949.
  • Петрушевский И.П. Государства Азербайджана в XV веке. ССИА, вып. I, Баку, 1949.
  • Петрушевский И.П. Азербайджан в XVI–XVII вв. ССИА, вып. I, Баку, 1949.
  • Minorsky V. La Perse au XV-e siecle entre L'Empire ottoman et Venice. Sosiete des Etudes iranienncs, № 8, Paris, 1933.
  • Minorsky V. A civil and military review in Fars in 881/1476, BSOS, 19Z8, Х/1.
  • Minorsky V. The poetry of Shah is mail, BSOS, 1942, XI

П:  Azərbaycan tarixi portalı