Birinci Triumvirat (e.ə. 60-53-cü illər) — Roma Respublikasının üç məşhur siyasətçisi, Qay Yuli Sezar, Qney Pompey və Mark Krass arasında yaradılmış qeyri-rəsmi ittifaqdır. Bu ittifaq sayəsində Qay Yuli Sezar İlliriya və Qalliyanı beş illiyinə idarə etmək imtiyazına sahib oldu və Qalliyanın İşğalına başlaya bildi. E.ə. 56-cı ildə Triumvirat Lukka Yığıncağında yeniləndi. Beləliklə, Sezar Qalliyanı, Pompey Hispaniyanı, Krass isə Suriyanı növbəti dəfə 5 illiyinə idarə etmək imtiyazı qazandı. I Triumvirat E.ə. 53-cü ildə Krassın ölümü ilə başa çatdı və Sezarla Pompeyi qarşı-qarşıya gəlməsinə səbəb oldu.
Appiana görə e.ə. 60-cı ildə Sezar Hispaniyadakı valiliyindən qayıtmışdı və oradakı qələbəlrinə görə triumf keçirtməklə mükafatlandırılmışdı. O bunu qeyd etmək üçün şəhər divarlarından çöldə hazırlaşırdı. Sezar həmçinin növbəti il seçiləcək konsulluğa namizəd olmaq fikrində idi. Lakin, namizədlər özlərini şəhərin içində nümayiş etdirməli idilər, Sezar isə hələ də hazırlıqlarını bitirməmişdi. Namizədin şəhərə daxil olub, triumf üçün geri qayıtması isə qeyri-qanuni idi. Sezar onun əvəzinə başqasının iştirakı üçün icazə istədi, ancaq bu da qanunlara zidd hesab olundu. Namizədliyi elan etmək üçün son gündə, Sezarın əleyhdarlarından olan Gənc Kato çıxışını edən vaxt, Sezar triumfdan imtina etdi və şəhərə daxil olaraq öz namizədliyini irəli sürdü. Həmin vaxt Pompey şərqdə Üçüncü Mitridat Savaşlarında əldə etdiyi yaşayış məntəqələrinin istifadəsi üçün Senatın təsdiqini ala bilməmişdi. Bir çox senator Pompeyə həsəd apardıqları üçün bu addımı atmışdı, onlardan biri də Lusi Lisini Lukull idi. Krass bu məsələdə Lukull ilə əlbir olmuşdu. Senatın bu hərəkətinə qəzəblənən Pompey Sezarla dostlaşdı və konsulluq üçün ona dəstək verəcəyinə söz verdi. Sezar sonra Krass və Pompey arasındakı münasibətləri düzəltdi və bu üç ən güclü adam maraqlarını birləşdirdi.
Plutarx aydınlıq gətirir ki, zəfər qazananlar triumfa qədər şəhərdən kənarda, konsulluğa namizədlər isə şəhərdə olmalı idilər. Onun adından çıxış edən bir dostu vasitəsilə qiyabi qeydiyyatdan keçmə variantı rədd edildi və Sezar konsulluğa üstünlük verdi. Appian kimi, Plutarx da Katonun Sezarın ən sərt rəqibi olduğunu yazır. O, həm "Katonun Həyatı", həm də "Pompeyin Həyatı" kitablarında yazır ki aqrar qanun layihəsinin keçməməsindən sonra Pompey, plebey tribunlarından və gənc avantüristlərdən kömək istədi, onlardan ən pisi Publius Klodius Pulxer idi. "Sezarın Həyatı"nda o yazır ki, Sezar şəhərə daxil olduqdan az müddət sonra Krass və Pompeyi uzlaşdırmağa və konsulluq siyasətinə inandırmağa çalışırdı, çünki onlar ən nüfuzlu iki adam idi. Sezar onlara dedi ki, əgər üçünün də gücü onda birləşsə, hökumətin idarə formasını dəyişdirmək mümkün olar.
E.ə. 54-cü ildə Sezar Qalliyada, Krass isə Parfiyada hərbi səfərdə idi. Pompey triumviratın Romada qalan yeganə üzvü idi. Kato triumviratın əsas rəqibi idi və həmin il praetor seçilmişdi. Kato respublikadakı rüşvətxorluğu araşdırmaq üçün senatorlardan seçki təşviqatı xərcləri barədə hesabatı məhkəməyə təqdim etməyi tələb etdi. Bu həm seçilənləri, həm də pul alan əhalini hiddətləndirdi. Məhkəmə iclası zamanı Kato izdihamın hücumuna məruz qaldı, lakin çıxışı narahatlıqla da olsa sona çatdıra bildi. Kato daha sonra onu məşhur edəcək seçki təcrübəsi ilə bağlı bir razılaşma əldə etdi və sonra qanun pozuntularına qarşı seçkiləri izləmə hüququ əldə etdi. Pompey bunu gücünün azaldılması hesab etdi və tərəfdarlarını Katoya qarşı topladı. Buraya yenidən Pompeyin qatılan Klodius da daxil idi. E.ə. 54-cü ili Sentyabrında Sezarın qızı, Pompeyin həyat yoldaşı Yuliya doğuşdan bir neçə gün sonra vəfat etdi. Plutarx yazır ki, Sezar bu hadisənin Pompeylə yaxşı münasibətlərinin sonu olduğunu hiss etmişdi. Krassın Parfiyaya hərbi səfəri də xeyli çətin keçirdi. E.ə. 53cü ilin may ayında Krass Roma və Parfiya qoşunları arasında baş tutan Karr döyüşündə öldürüldü. Bu hadisə Birinci Triumviratın sonunu gətirdi. Növbəti illər respublikanın bu iki ən güclü şəxsi arasında Qədim Roma vətəndaş müharibəsi ilə keçdi.