Johnnie Walker (şotland keltcəsi: Seonaidh Walker) — Britaniyaya məxsus Diageo şirkəti tərəfindən Şotlandiyada istehsal edilən şotland viskisi brendi. Brend 1820-ci ildə Şotlandiyanın Kilmarnok şəhərində Kilmarnoklu baqqal Con Uolker tərəfindən yaradılmışdır. Johnnie Walker, demək olar ki, hər ölkədə satışda olmaqla dünyanın ən çox satılan şotland viskisidir. Brend 2016-cı ildə 223,7 milyon ədəddən çox 700 ml. həcmli şüşə ekvivalentində satış etmişdir.[1]
Johnnie Walker 2012-ci ilə qədər bir vaxtlar dünyanın ən böyük qablaşdırma zavodu olan Kilmarnokdakı Hill Street zavodunda istehsal olunmuş və qablaşdırılmışdır. 2009-cu ildə Diageo şirkəti tərəfindən zavodun bağlanması barədə qərar verilmiş və 2012-ci ildə zavodun bağlanması ilə brend ilə Kilmarnok şəhəri arasındakı 190 illik əlaqə sona çatmışdır.[2]
Con Uolker 25 iyul 1805-ci ildə Kilmarnok yaxınlığında, fermer ailəsində anadan olub.[3][4] Onun atası 1819-cu ildə ölmüş və ailə fermanı satmışdır. Bu satışdan əldə edilən 417 funt sterlinq məbləğindəki gəlir Şotlandiyanın Kilmarnok şəhərindəki "High Street" adlı yerdə yerləşən anbar, ərzaq məhsulları, şərab və spirtli içkilər mağazasına yatırılıb.[2] Uolker 1820-ci ildə, 14 yaşında ikən bu mağazanın ərzaq məhsulları, şərab və spirtli içkilər seqmentini idarə edib.[3] Şotlandiyada 1823-cü ildə Aksiz aktının qəbul edilməsi ilə viskinin distillə edilməsinə dair sərt qanunlar yumşaldıldı və viskinin distillə edilməsinə və satışına qoyulan ağır vergilər əhəmiyyətli dərəcədə azaldıldı.[5] Uolker 1825-ci ilə qədər rom, brendi, cin və viski də daxil olmaqla spirtli içkilərin satışı ilə məşğul olub.[3]
Uolker qısa müddətdən sonra əsasən viski ticarəti ilə məşğul olmağa başladı. Onun satdığı viskilər müştərilərin xüsusi istəklərinə uyğun olaraq qarışdırılır və xüsusi sifarişlə hazırlanmış viski kimi satılırdı, çünki onun özünə məxsus brendi yox idi.[6] İllər sonra Uolker adından etiketlərdə istifadə etməyə başlayır və Walker's Kilmarnock Whisky (azərb. "Uolkerin Kilmarnok viskisi") adı altında viski satır.[2]
Viskiyə adını verən Con Uolker olsa da, brendin böyüməsi və məşhurlaşması Uolkerin oğlu Aleksandr Uolkerin adı ilə bağlıdır. Aleksandr Uolker 10 fevral 1837-ci ildə anadan olub. O, atasının biznesinə 1856-cı ildə qoşulur və atasını pərakəndə satışdan topdansatışa keçməyə təşviq edir.[4] Con Uolker 1857-ci ildə vəfat edir.[3] O öldükdən sonra onun biznesindən oğlu Aleksandr Uolker məsuliyyət daşıyır.
1860-cı ildə Şotlandiyada qəbul edilmiş Spirt aktı ilə taxıl viskilərinin səməni (malt) viskiləri ilə qarışdırılması qanuniləşdi və bununla qarışıq şotland viskisinin müasir dövrünün başlanğıcı qoyuldu.[3][7] Yüngül və daha şirin dada malik qarışıq şotland viskisi bazarda daha geniş auditoriyaya satıla bilirdi. Edinburqdan olan Endryu Uşer qarışıq viski istehsal edən ilk şəxs olsa da, Uolkerlər vaxtında bu ticarətə qoşula biliblər.[8]
Aleksandr Uolker 1860-cı ildə brendin imzasına çevriləcək olan kvadrat formalı şüşəni təqdim edir.[3] Şüşələrin bu formada olması yığıldığı yerə (xüsusən də qatarların yük vaqonuna) daha çox şüşənin yerləşməsi və daha az şüşənin qırılması demək idi.[4]Walker's Kilmarnock Whisky şüşəsinin digər özünəməxsus xüsusiyyəti isə onun üzərindəki etiket idi. Belə ki, şüşənin üzərindəki etiket həmin ildən etibarən soldan sağa, 24 dərəcə yuxarıya doğru meyilli olmaqla tətbiq edilir və bu, mətnin daha böyük və görünən olmasına imkan verir.[9] Bu fərqli xüsusiyyət həm də istehlakçıların məhsulu uzaqdan tanımasına imkan verir.[4] Brendin xeyrinə olan əsas amillərdən biri dünyanı gəzən ticarət gəmilərinə mal daşıyan dəmir yolunun Kilmarnokdan keçməsi olub. Aleksandrın işgüzarlığı sayəsində o dövrdə hələ də "Walker's Kilmarnock" adı altında satılan viskinin satışı 1862-ci ilə qədər ildə 100.000 qallona (450.000 litr) çatıb.[3]
Aleksandr 1865-ci ildə brendin ilk kommersiya məqsədli qarışıq viskisini yaratdır və onu Old HighlandWhisky adlandırdı.[3] O, 1867-ci ildə öz etiketini London şəhərindəki Stationers' Hall-da qeydiyyatdan keçirdi.[3] Bu etiketin dizaynı müasir Johnnie Walker Black Label-in etiketinin dizaynı ilə, demək olar ki, eyni idi.[4]
Con Uolkerin dövründə viski satışı firmanın gəlirinin səkkiz faizini təşkil etdiyi halda, Aleksandr şirkəti öz oğullarına ötürməyə hazır olanda bu rəqəm 90–95 faizə yüksəlmişdi.[4][10]
1889-cu ildə Aleksandr Uolker ölür və şirkəti oğulları II Aleksandr və Corc Uolker idarə etməyə başlayır. 1893-cü ildə brendə məxsus qarışıq viskilərdə istifadə edilən səməni viskisinin istehsalı üçün Kardhu içki zavodunu satın alırlar.[3] Bu addımla onlar həm də Kardhuda istehsal edilən tək səməni viskisini bazardan çıxarmış olurlar.[9]
1906–1909-cu illərdə şirkətin bazarda üç qarışıq viski brendi var idi: 5 illik Old Highland, 9 illik Special Old Highland və 12 illik Extra Special Old Highland.[3] Bu üç brendin yeganə fərqi etiketlərinin rəngi idi: onlar müvafiq olaraq ağ, qırmızı və qara etiket daşıyırdılar. Odur ki, ictimaiyyətdə onlara adətən etiketlərinin rəngləri ilə müraciət edilirdi.[4] Şirkət 1909-cu ildəki rebrendinqin bir hissəsi olaraq[11] məhsulların rəng adları ilə daha çox tanındığını nəzərə alaraq məhsulları yenidən adlandırdı: Old Highland-ın adı dəyişdirilərək Johnnie Walker White Label edildi və yaşı 6 il olaraq dəyişdirildi,[12]Special Old Highland-ın adı dəyişdirilək Johnnie Walker Red Label oldu və yaşı 10-a yüksəldildi, Extra Special Old Highland-ın isə yaşı saxlanıldı, adı isə Johnnie Walker Black Label olaraq dəyişdirildi.[4]
Johnnie Walker-in artan populyarlığı və satışı daha çox səməni viskisi istehsalı tələb edirdi. 1915-ci ildə Uolkerlər Koulbern içki zavodunun, 1916-cı ildə isə Klineliş və Deyluin-Teliskr zavodlarının səhmdarı olurlar.[3] Onlar 1923-cü ildə strategiyanı davam etdirərək Mortlaç içki zavodunu da satın alırlar.[13] Bu zavodlar da Kardhu zavodu kimi səməni viskisi istehsalı üçün nəzərdə tutulmuşdu və zavodların məhsullarının böyük hissəsi Johnnie Walker qarışıqlarında istifadə edilirdi.
Johnnie Walker White Label-in istehsalı Birinci Dünya müharibəsi zamanı dayandırıldı.[3] II Aleksandr 1932-ci ildə Johnnie Walker Swing-i məhsullar arasına əlavə etdi. "Swing" ingilis dilində yellənmək deməkdir və bu ad şüşənin onun irəli-geri yellənməsinə imkan verən qeyri-adi formasından qaynaqlanır. II Aleksandr 1940-cı ildə biznesi tərk etmiş və 1950-ci ildə vəfat etmişdir.[3]
Şirkət 1925-ci ildə Distillers Company şirkətinə qoşuldu. 1986-cı ildə isə Distillers Company,Guinness şirkəti tərəfindən satın alındı və Guinness və Grand Metropolitan şirkətləri 1997-ci ildə birləşərək Diageo-nu yaratdılar. Həmin il qarışıq səməni viskisi olan Johnnie Walker Pure Malt təqdim edildi. Bu viskinin adı 2004-cü ildə dəyişdirilərək Johnnie Walker Green Label adlandırılmışdır.[14]
2009-cu ilin iyulunda brendin hazırkı sahibi olan Diageo şirkəti brendin Kilmarnokdakı bütün əməliyyatlarının 2012-ci ilə qədər dayandırılmasına qərar verdi. Bu qərar yerli əhalinin, siyasətçilərin və Şotlandiyanın ovaxtkı birinci naziri Aleks Salmondun reaksiyası ilə üzləşdi. Petisiyalara, ictimai kampaniyalara və Kilmarnok ətrafında edilmiş gmiqyaslı yürüşə baxmayaraq, Diageo bu qərarını icra etməyə davam etdi.[15][16] Kilmarnokdakı Johnnie Walker zavodu 2012-ci ilin martında qapılarını bağladı və binalar bir il sonra söküldü.[17]
2020-ci ilin iyulunda Johnnie Walker 2021-ci ilin əvvəlindən etibarən kağızdan hazırlanmış yeni ekoloji təmiz şüşə buraxmağı planlaşdırdıqlarını elan edib.[18]
Johnnie Walker 2021-ci ilin oktyabr ayında içki zavodunun ilk qadın mütəxəssisi tərəfindən Jane Walker adlı yeni etiketin yaradıldığını elan etdi.[19][20][21]
Johnnie Walker tarixçəsinin böyük bir hissəsində yalnız bir neçə qarışıq təklif edib. Brendin əsrin əvvəlindən bəri bir çox xüsusi və məhdud sayda istehsal edilmiş qablaşdırması olub.
Red Label: Yaşı bildirilməmiş qarışıqdır.[22] Bu, 1945-ci ildən bəri dünyada ən çox satılan şotland viskisidir.[23][24][25] Əsasən qarışıq içkilərin hazırlanması üçün istifadə olunur.[26][27]Red Label 40 fərqli zavodda istehsal edilmiş taxıl və səməni viskilərinin qarışığından ibarətdir.[22]
Black Label: 12 illik viskidir, dünyanın ən çox satılan şotland viskilərindən biridir.[28]
Double Black: Bu viski üçün Black Label əsas götürülmüş, ona daha torflu səməni viskisi əlavə edilmiş və viski bu dəfə olduqca kömürləşmiş köhnə palıd çəlləklərdə saxlanılmışdır.[29][30]
Johnnie Walker Swing: Bu viski fərqli bir şüşədə istehsal edilir: dibi düz olmadığı üçün şüşə irəli-geri yellənir. Bu tip şüşə dizaynı əslən yelkənli gəmilərdə istifadə edilmişdir. Johnnie Walker Swing, II Aleksandır Uolkerin təqdim etdiyi son qarışıq idi.
Green Label: İlk dəfə 1997-ci ildə Johnnie Walker Pure Malt etiketi ilə 15 illik viski kimi təqdim edilmiş,[31] 2004-cü ildə isə adə dəyişdirilərək Johnnie Walker Green Label adlandırılmışdır. Green Label qarışıq səməni viskisidir, yəni taxıl viskisi əlavə edilmədən, səməni viskilərinin qarışdırması ilə hazırlanır.[32] Bu qarışıqda istifadə olunan bütün viskilərin minimum 15 yaşı var.[33][34][35] Diageo 2012-ci ildə Green Label-in istehsalının qlobal miqyasda dayandırdı (qarışıq səməni viskisinə tələbatın çox yüksək olduğu Tayvan istisna olmaqla). Brend 2016-cı ildə yenidən təqdim edilib və dünya miqyasında satışı yenidən mövcuddur.[36]
Gold Label: 15-dən çox səməni viskisinin qarışığından hazırlanan bu viski Conni Uolkerin yüz illiyini qeyd etmək üçün II Aleksandr Uolkerin şəxsi qeydlərindən istifadə edilərək hazırlanmışdır. Gold Label əvvəlcə 18 illik viski kimi "Yüzillik qarışıq" etiketi ilə istehsal edilmişdir.[37] 2013-cü ildə Gold Label-in adı "Gold Label Reserve" olaraq dəyişdirilib və artıq yaşı qeyd edilmir.[38]
Platinum Label: İlk dəfə Asiya bazarında orijinal Gold Label-i əvəz etmək üçün təqdim edilmiş və Gold Label Reserve ilə birlikdə satılmışdır. 2017-ci ilin ortalarında Platinum Label adı "Johnnie Walker Aged 18 Years"[39] ilə əvəz edilmiş, lakin Platinum Label adı daha sonra bərpa edilmişdir.[40]
Blue Label:Johnnie Walker-in premium qarışığıdır. Johnnie Walker Blue Label 19-cu əsrdə yaradılmış ən qədim viski qarışıqlarının bəzilərinin xarakterini və dadını yenidən yaratmaq üçün hazırlanıb.[41] Yaşı qeyd edilməyib. Bu viskinin şüşələri ardıcıl olaraq nömrələnir və orijinallıq sertifikatı ilə birlikdə ipək astarlı qutuda satılır. Johnnie Walker Blue Label 174–450 ABŞ dolları aralığındakı qiyməti ilə bazardakı ən bahalı qarışıq şotland viskilərindən biridir.[42] Bu günə qədər brendin 25-dən çox Blue Label əsaslı məhdud buraxılışı istehsal edilmişdir.
Johnnie Walker məhsul xətləri, ən ucuzdan ən bahalıya doğru
Uolkerlər əsas marketinq strategiyalarını 1908-ci ildə, ingilis karikaturaçı Tom Braunun yaratdığı və brendin bu günə qədər istifadə edilən maskotu olan "Striding Man"-in əks edildiyi və "Johnnie Walker: 1820-ci ildə anadan olub, hələ də güclüdür" şüarının istifadə edildiyi reklamlarla yaratdılar. 1930-cu illərdə reklamlardakı təsvirləri fotoşəkillər əvəz etdi və 1939-cu ildə "Striding Man" miniatürləşdirilərək rəngli loqoya çevrildi. Bu loqo Johnnie Walker etiketlərində ilk dəfə 1960-cı ildə yer alıb. 1990-cı illərin sonlarında "Keep Walking" (azərb. Yeriməyə davam et) kampaniyasının bir hissəsi olaraq "Striding Man"-ın istiqaməti dəyişdirildi.[11]Striding Man ikonunun təsviri ən son 2015-ci ildə yenilənib.[43]
2009-cu ildə Bartle Bogle Hegarty (BBH) reklam agentliyi Johnnie Walker brendinin tarixini əks etdirən "The Man Who Walked Around the World" (azərb. "Dünyanı gəzmiş adam") adlı yeni qısametrajlı film yaratdı. Rejissorunun Ceymi Rafn olduğu filmin baş rolunda şotland aktyor Robert Karlayl oynayırdı.[44]
Johnnie Walker-in spirtli içkiləri beynəlxalq alkoqollu içkilərin reytinqi müsabiqələrində və spirtli içkilərə baxan orqanlar tərəfindən yüksək qiymətləndirilib. Green Label 2005 və 2007-ci illər arasında San-Fransiskoda keçirilən Dünya Spirtli İçkilər Müsabiqəsində üç dəfə ikiqat qızıl medal alıb.[45]Gold Label isə bu müsabiqənin 2008 və 2009-cu illərində ikiqat qızıl medal, 2010-cu illində isə qızıl medal qazanıb.[46]Johnnie Walker Gold Label Reserve 2018-ci ildə "World Whiskies Awards"-da "dünyanın ən yaxşı qarışığı–ən yaxşı şotland qarışığı" mükafatını qazanmışdır.[47]
Johnnie WalkerFormula 1-in rəsmi viskisi[48] və McLaren və Racing Point F1 komandalarının sponsoru olmuşdur. Johnnie Walker 2018-ci ildə Belçikanın Spa şəhərində keçirilən F1 Qran Pri yarışının başlığında yer alıb.[49] Brend 2009-cu ilə qədər Asiya-Sakit Okean qolf turniri olan Johnnie Walker Classic-ə və 2013-cü ilə qədər Şotlandiyada keçirilən Johnnie Walker Championship-ə sponsorluq etmişdir.[50]
Vinston Çörçillin ən çox sevdiyi viski Johnnie Walker Red Label idi. Çörçil onu çox miqdarda su ilə qarışdırır və gün ərzində içirdi.[51]
Vanity Fair-in yazıçısı Kristofer Hitçens Johnnie Walker Black Label-in Perrier brendinin qazlı mineral suyu ilə qarışığını çox sevirdi.[52]
"New York Jets" Amerika futbolu komandasının oyunçusu Co Namat 1960-cı illərin sonlarında şöhrətinin zirvəsində ikən demişdir: "Qızlarımı sarışın, Johnnie Walker-imi isə qırmızı sevirəm".[53]
Johnnie Walker Blue Label ABŞ prezidenti Riçard Niksonun sevimlisi idi; Nikson onu zəncəfilli qazlı su və laym ilə içirdi.[54]
2007-ci ildə çəkilmiş "The Man from Earth" filmində baş qəhrəman Con Oldman bir şüşə Johnnie Walker Green Label istehsal edir və dostları onun keyfiyyəti haqqında danışır.
1982-ci ildə çəkilmiş "Ülgüc üzərində qaçan" filmində Harrison Fordun oynadığı Rik Dekard personajı Johnnie Walker Black Label-i içərkən görünür. Bu personaj "Ülgüc üzərində qaçan 2049" (2017) filmində də bu içkini içir. Johnnie Walker brendi "Ülgüc üzərində qaçan 2049" filminin buraxılışı ilə eyni vaxtda Black Label-in "Director's Cut" adlı yeni versiyasını buraxmışdır.[57]
↑ 12345678"Walking Tall". Cigar Aficionado (ingilis). M. Shanken Communications, Inc. 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.