Huraqua AES (isp. Central Nuclear de Juragua) — 1983-cü ildə SSRİ-nin dəstəyi ilə Kubanın Senfueqos şəhəri yaxınlığında tikilməyə başlanmış Atom elektrik stansiyası. 1992-ci ildə SSRİ-nin dağılması və sovetlərdən gələn dəstəyin kəsilməsi səbəbindən AES-in tikinti prosesi dayandırılmışdır. 1990-cı illərin ortalarında Rusiya və Kuba tərəfi AES-in tamamlanması və işə salınması üçün üçüncü bir ölkənin prosesə cəlb olunması barədə ilkin razılıq əldə etsə də, 2000-ci illərin əvvəllərində razılıq pozulmuş və AES-in tikintisi yarımçıq saxlanılmışdır.[1]
Huraqua AES | |
---|---|
isp. Central Nuclear de Juragua | |
| |
Ümumi məlumatlar | |
Tikilmə tarixi | 1983 |
İstismardan çıxarılıb | 1992 |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 880 MVt |
Yerləşməsi | |
22°04′00″ şm. e. 80°30′33″ q. u.HGYO | |
Ölkə | Kuba |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kuba nüvə enerjisinin dinc formada istismar olunması ilə 1956-cı ildən etibarən maraqlanmağa başlamışdır. ABŞ və Kuba arasında imzalanmış Atom enerjisinin dinc məqsədlər üçün istifadəsi ilə bağlı əməkdaşlıq müqaviləsi Kuba tərəfinə öz ölkəsinin sərhədləri daxilində yeni bir atom elektrik stansiyası inşa etməyə və işə salmağa imkan yaratmışdır. Amerika Birləşmiş Ştatları ilə əldə edilmiş razılıq, Kuba tərəfinə nüvə reaktorlarının dizayn edilməsi və mümkün istismar yollarının öyrənilməsinə də köməklik göstərməli idi.[2] 1959-cu ildə Kuba inqilabının Batista Rejiminin məğlubiyyəti ilə başa çatması və 1962-ci ildə Karib böhranının baş verməsi ABŞ və Kuba arasındakı bütün münasibətləri sonlandırmışdır və nəticədə ABŞ tərəfi Kubaya sözügedən AES-in tikilməsində hər hansısa bir yardım göstərməkdən imtina etmişdir.[3]
Kubada hakimiyyət dəyişikliyi ölkənin SSRİ-yə daha da yaxınlaşması ilə nəticələnmişdir. SSRİ və Kuba arasında Atom elektrik stansiyalarının alt bazasının formalaşdırılması barəsindəki ilkin razılıq 1967-ci ildə əldə olunmuşdur. Həmin il paytaxt Havana şəhərində SSRİ-nin sponsoprluğu ilə "Sülh Məqsədləri üçün Atom Enerjisi" adlı fotosərginin keçirilməsi barədə razılıq əldə olunur. Sərgi Kuba Milli Elmlər Akademiyasının əsas binasında təşkil edilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən doqquz ay ərzində SSRİ tərəfi Kubaya eksperimental və tədris məqsədləri üçün tədqiqat reaktorlarının göndərilməsini tamamlamalı və göndərilmiş avadanlıqların montajı və istismarına yardım etmək barədə məsuliyyəti üzərinə götürmüşdür.[4]
1975-ci ildə tərəflər arasındakı nüvə təhlükəsizliyi üzrə əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi adına Nüvə Enerjisinin Sülh İstifadəsində Əməkdaşlıq və Nüvə Enerjisindən İstifadəyə Doğrudan Elmi-Texniki Əməkdaşlığın Yaranması haqqında müqavilələr imzalanmışdır.[3] 1976-cı ildə Kuba və SSRİ arasında Atom elektrik stansiyasının tikilməsi ilə bağlı konkret razılıq əldə olunur. Razılığa əsasən SSRİ tərəfi Kubanın cənub hissəsində yerləşən Senfueqos şəhəri yaxınlığındakı Huraqua kəndinin ərazisində 440 meqavatlıq gücə sahib AES-in tikinti işlərinə nəzarəti öz üzərinə götürəcəkdi.[5]
12 reaktordan ibarət olacaq AES-in müəyyən hissələri Puerto Esperanza bölgəsində yerləşdirilməsi planlaşdırılmışdır. Huraqua AES-nin ilk reaktoru tam işə düşəndən sonra Kuba ərazisində olan enerji təlabatının 15% ödəyə biləcəyi hesablanmışdı. Kuba hökuməti Huraqua AES-nin ilk reaktorunun tamamlanmasını ölkə iqtisadiyyatının neftdən olan aslılığının aradan qaldırılması yolunda əsas çıxış yolu olduğunu görmüşdür.[6]
VVER-440 V318 tipli iki reaktordan ibarət olacaq Huraqua Atom Elektrik Stansiyası qərb yarımkürəsində tropik iqlimlərdə tikiləcək ilk sovet nüvə stansiyası olmaq özəlliyini daşımaqda idi. VVER Sovet İttifaqı tərəfindən hazırlanmış təzyiqli su reaktorlarının bir modelidir. Hər biri 220 MVt olan iki turbinin ümumi gücü 440 Megavat olmaqla, reaktor 1,375 Mt-lik ümumi istilik enerjisinə malik idi. Kubada tikilməsi planlaşdırılan AES ağır qəzaların baş verəcəyi təqdirdə radioaktiv hissəciklərin sərbəst buraxılmasını maneə törətmək üçün qübbəsi polad materialından olmaqla tikilməsi nəzərdə tutulmuşdur.[7]
Huraqua AES-nin tikintisi Kuba inqilabının rəhbərlərindən və ölkənin dövlət başçısı olmuş Fidel Kastronun böyük oğlu nüvə fizikası üzrə mütəxəssis Fidel Kastro Diaz-Balartın rəhbərliyi və nəzarəti altında aparılmışdır. 1983-cü ildə ilk reaktorun tikinti işlərinə başlanılmışdır, 1985-ci ildə isə ikinci reaktorun tikintisi start götürmüşdür. Mülki tikinti materialları istisna olmaqla reaktor hissələrinin əksəriyyəti tərəflər arasında imzalanmış müqavilələrə əsasən Sovet İttifaqı tərəfindən gəmilər vasitəsi ilə Kubaya çatdırılmaqda idi. İlk reaktorun 1993-cü ildə işə salınması planlaşdırılsa da, texniki səbəblərdən birinci reaktorun açılışı müvafiq olaraq 1995 və 1996-cı illərə doğru təxirə salınmışdır. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində Huraqua AES-nin tikintisi dayanmaq həddinə çatmışdır.
Belə ki, tikinti materialları və təhcizat əsasən SSRİ tərəfindən təmin edilməkdə idi və imperiyanın rəsmən dağılmasının ardından atom elektrik stansiyasının tikintisində çalışan rus və digər sovet nüvə mütəxəssisləri öz ölkələrinə qayıtmalı olmuşdular.[8] Proseslərdə SSRİ-nin sələfi kimi çıxış edən Rusiya Federasiyası 1992-ci ildən etibarən Kuba ilə AES-in tamamlanması istiqamətində əməkdaşlığa başlamışdır. Rusiya tərəfi prosesə üçüncü bir şirkəti cəlb etməklə qısa zamanda AES-i tamamlamağı və istifadəyə verməyi düşünürdü. Bu münasibətlə alman şirkəti olan Siemens AG ilə danışıqlar aparılmışdır. Rusiya Federasiyası, hələ SSRİ-nin mövcud olduğu dövrdə sözügedən alman şirkəti ilə birlikdə Finlandiyanın Lovisa şəhərində yerləşən Lovisa AES-nin yenidən qurulması və modernləşdirilməsi prosesində uğurla əməkdaşlıq etmişdi və Kubadakı AES-nin tamamlanmasında da Siemens şirkəti ilə əməkdaşlıq etməyi planlaşdırırdı. Siemens şirkətinin nümayəndələrinin vəziyyəti öyrənmək üçün Kubaya etdikləri səfərdən sonra alman şirkəti Rusiya və Kubadan AES-in hər iki reaktorunun tam gücü ilə işə düşməsi üçün 21 milyon ABŞ dolları həcmində vəsaitin tələb olunduğu bildirmişdir.
SSRİ-nin yeni dağılması, Rusiya Federasiyasında olan problemlər səbəbindən Rusiya tərəfi həmin məbləğin hamısını birdən ödəmək gücündə olmadığını açıqladı və Kuba tərəfidə əllərində o qədər maliyyə vəsaitinin olmadığını alman şirkətinə bildirdi. Kubanın dövlət başçısı Fidel Kastro 1992-ci ilin 5 sentyabr tarixində mətbuata vermiş olduğu açıqlamasında maliyyə çatışmamazlıqları səbəbindən Huraqua AES-ində tikinti prosesinin yarımçıq dayandırıldığını rəsmən elan etmişdir.[9] Kastro özünün bir başqa çıxışında, AES-in tikintisinə başlandıldığı ilk gündən etibarən ümumilikdə 1.1 milyard ABŞ dolları həcmində maliyyənin tikinti prosesinə cəlb edildiyi məlumatını vermişdir.[10]
1992-ci ildə GAO təşkilatı tərəfindən hazırlanmış hesabatda Huraqua AES-ində görülmüş işlərlə bağlı ətraflı məlumatlar verilmişdir. Hesabata görə ilk reaktorda tikinti və montaj işlərinin 90–97% başa çatmışdır, ancaq reaktorda olan qurğuların cəmi 37% işlək vəziyyətə gətirilmişdir. İkinci reaktorda isə işlərin cəmi 20–30% tamamlana bilmişdir. Əsas komponentlərin quraşdırılmadığı və AES üçün həyati əhəmiyyət kəsb edən və SSRİ tərəfindən göndəriləcəyinə razılıq verilmiş nüvə yanacağı hələ Kubaya göndərilməmişdir. 1995-ci ildə Rusiya mətbuatında çıxan xəbərlərə görə Rusiya tərəfi nüvə yanacağının və ən azı bir buxar turbinin Kuba tərəfinə təhvil verildiyini iddia etmişdir.[11]
1980-cı ildən etibarən ABŞ tərəfi Kubada SSRİ-nin yardımları ilə bir Atom elektrik stansiyasının tikilməsinə qarşı çıxmışdır. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ rəsmiləri Kubanın tək başına bir atom AES-ni idarə edə bilməyəcəyini və mümkün qəzanın baş verməsi nəticəsində bölgə üçün böyük fəlakata səbəb ola biləcəyini bildirmişdir. Belə ki, ABŞ rəsmiləri radioaktiv tullantıların külək vasitəsi ilə cəmisi 3 gündən sonra Florida sahillərinə çata biləcəyini hesablamışdılar.[12]
Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton 1993-cü ilin aprel ayında ABŞ-nin təhlükəsizliyi ilə bağlı etmiş olduğu çıxışı zamanı Huraqua AES-nin vəziyyətinə toxunmuşdur. Prezident çıxışında Kuba tərəfinin Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləni ratifikasiya etmədiyini və AES-in tamamlanmasında israrlı davrandığını və bu vəziyyətin ölkəsi üçün təhlükəli ola biləcəyini ifadə etmişdir. Amerikalı nüvə mütəxəssisləri Kubadakı AES-də olan avadanlıqların qeyri-kafi şəraitdə saxlanıldığını və AES-in belə vəziyyətə işə düşəcəyi təqdirdə ikinci bir Çernobıl faciəsinin yaşana biləcəyi xəbərdarlığı etmişdilər.[13]
1992-ci ilin sentyabr ayında ABŞ Konqresi tərəfindən Huraqua AES-i ilə bağlı bir hesabat yayımlanmışdır. Hesabat Kuba sürgünü zamanı Amerika Birləşmiş Ştatlarına sığınmaq məcburiyyətində qalmış atom və nüvə mütəxəssislərinin şahid ifadələri əsasında hazırlanmışdır. Kuba inqilabından sonra 1 milyondan çox kubalı rejimin devrilməsi və sosializm sisteminin yaradılmasına etiraz olaraq ölkəni tərk edərək, əsasən Florida ştatında məskunlaşmışdır. Atom və nüvə mütəxəsislərinin ifadələrinə görə Huraqua AES-ində bir çox ciddi problemlər mövcud idi və həmin problemlərin bir çoxu da rəsmilərə məruzə edilmişdi. Kubalı mütəxəssislərin dediklərinə görə SSRİ tərəfindən 1988-ci ildə göndərilmiş birinci reaktor üçün nəzərdə tutulan ehtiyat hissələrin arasında çatışmamazlıqlar olmuşdur və bu barədə rəhbərliyi və sovetlər tərəfinə lazım olan məruzlər edilmişdir.
Bir digər mütəxəssis isə beş mindən çox birləşmə nöqtəsinin 10–15%-də ciddi problemlərlə malik olduğu və bu barədə rəhbərliyin məlumata sahib olduğunu ifadə etmişdir. Reaktorlarla bağlı bir digər problem isə sovet mütəxəssisləri tərəfindən kubalı reaktor operatorlarının hazırlanması ilə bağlı idi. Belə ki, kubalılar SSRİ alimlərinin onlara cəmisi 5 aylıq bir təlim keçdiklərini və təlimin atom elektrik stansiyasına bənzəməyən simulatorda aparıldığını bildirmişdilər.[6]
1995-ci ildə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası "Rosatom" 1998-ci ildə Siemens, Ansaldo və Électricité de France adlı beynəlxalq konsorsiumların maliyyələşdirilməsi əsasında Huraqua AES-nin tamamlanması üzərində çalışdıqlarını bildirmişdir. Ancaq yuxarıda adı keçən şirkətlər bu iddiaları rədd edərək, açıqlamanın ABŞ-yə qarşı Rusiyanın apardığı siyasətin bir parçası olduğunu açıqlamışlar.[14]
AES-in yarımçıq qalmasına ABŞ tərəfindən Kubaya qarşı tətbiq edilmiş embarqo siyasəti də əhəmiyyətli dərəcədə rol oynamışdır. 2000-ci illərdə aparılmış təxmini hesablamalara əsasən Huraqua AES-nin tamamlanıb, tam gücü ilə işə düşməsi üçün 300–750 milyon ABŞ dolları həcmində vəsait tələb olunmaqdadır. 1997-ci ildə Kubanın dövlət başçısı Fidel Kastro, Kuba tərəfinin AES-in tikintisi və tamamlanması prosesində maraqlı olmadığını və ölkəsinin enerji təlabatının ödənilməsi üçün başqa alternativləri nəzərdən keçirdiyini bildirmişdir. 2000-ci ilin dekabr ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kubaya rəsmi dövlət səfəri gerçəkləşmişdir. Səfər çərcivəsində kubalı həmkarı Fidel Kastro ilə görüşən, Vladimir Putin qarşı tərəfə 8000 milyon dollarlıq yatırım əvəzində AES-in 6 il ərzində tamamlanması ilə bağlı təklif irəli sürmüşdür.[15]
Kuba rəsmiləri Huraqua AES-nin işə salınmasında maraqlı olmadıqlarını bir daha ifadə etmişdilər. Mütəxəssislər belə bir qərarın verilməsində Kubanın, SSRİ-yə olan yüksək borclarının və ABŞ faktorunun əsaslı rol oynadığını ifadə etməkdədirlər. 2004-cü ildə Huraqua Atom elektrik stansiyasının əsas turbini Guiteras termoelektrik stansiyasında zədələnmiş bir turbinin əvəz edilməsi üçün çxarılmışdır.[16]