Köhnə tüfəng (film, 1975)

"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir.

Köhnə tüfəng
fr. Le vieux fusil
Janr dram
triller
müharibə
Əsas mövzu İkinci Dünya müharibəsi
Rejissor Rober Enriko
Ssenari müəllifləri Rober Enriko
Paskal Jarden
Klod Veyo
Baş rollarda Filipp Nuare
Romi Şnayder
Operator Etyen Bekker
Bəstəkar Fransua de Rube
İstehsalçılar Mercure Productions
Les Productions Artistes Associés
TIT Filmproduktion GmbH
İlk baxış tarixi 22 avqust 1975
Filmin digər adı Köhnə silah
Filmin növü bədii film
Müddət 103 dəqiqə
Ölkələr Fransa Fransa
Almaniya AFR
Dil fransız dili
İl 1975
Rəng rəngli
Çəkiliş yeri Paris
IMDb ID0073864

1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir.

Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır. O, uşaq olarkən atası ilə ov etdiyi köhnə tüfəngi götürüb, almanları bir-bir öldürməyə başlayır. Onlar elə fikirləşir ki, çoxlu partizanlar tərəfindən mühasirəyə alınıblar və faktiki bir nəfərin qəsr içində bildiyi gizli keçidlərdən istifadə etməsini anlamırlar. O, SS əsgərlərindən birini ölümcül döyür, onların bəzisini güllələyir və ikisinin isə xilas olmasının qarşısını almaq üçün toru bağlayıb quyuda boğulmalarına səbəb olur.

Tüfəng üçün patronlar bitəndən sonra o, həyat yoldaşının ölümünə səbəb olan alovsaçanı tapır və ondan istifadə edərək ikitərəfli güzgünün qarşısında duran SS zabitini öldürür. Film, Fransa Müqavimət Hərəkatı tərəfindən həmin kəndin azad edilməsi ilə başa çatır.

  • Filipp Nuare — Julyen Dandyö
  • Romi Şnayder — Klara Dandyö
  • Jan Buis — Fransua
  • Yoaxim Hansen — SS zabiti
  • Robert Hoffman — Leytenant
  • Karl Mixael Voqler — Doktor Müller
  • Madlen Ozyere — Julyenin anası
  • Karolin Bonomm — Florans Dandyö, 8 yaşında
  • Katrin Delaport — Florans Dandyö, 13 yaşında
  • Antuan Sen-Jon — mətbəxdə öldürülmüş əsgər
  • Jan-Pol Sizif — polis rəisi