Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir.[1][2]
Nevşəhərli İbrahim Paşa külliyəsi | |
---|---|
41°00′47″ şm. e. 28°57′28″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul, Fateh rayonu |
Tikilmə tarixi | 1718 - 1730 |
Üslubu | Osmanlı memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir.
Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir.
Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir. Bunların arxasında isə külliyəyə aid məscid yerləşir. Əsas girişi Dədəəfəndi küçəsində olan məscid kvadrat planlıdır və üzəri təqribən 10 metr enindəki gümbəzlə örtülüdür. Küncdəki çeşmənin tam arxasında yüksələn minarə isə sonralar dağılmış, məscidin bugünkü minarəsi və minbər bölümü, Sultan Əhmədin digər kürəkəni kaptan-ı dərya Sinək Mustafa Paşa tərəfindən sonralar inşa olunmuşdur. Məscid sadə vəzərif bir üslubla bəzədilmişdir.
Ləğvindən az əvvəl, 2 sentyabr 1914-cü ildə tərtiblənmiş siyahıya görə, mədrəsə 20 otaqdan ibarət olmuş, bunlardan üçü sonradan əlavə olaraq inşa edilmişdir. Otaqlar torpaq səviyyəsində inşa olunsalar da, arxaya açılan pəncərələr səbəbilə azrütubətlidir və 2 nəfərin yaşaya biləcəyi böyüklükdədir. Ortada qalan meydançanın iki tərəfini tağlar və onların arxasında yerləşən otaqlar təşkil edir. Hər ikisinin də üzəri gümbəzlərlə örtülüdür. Ümumi sayı 13 olan bu gümbəzli otaqlardan həzirəyə (məzarlıq) bitişik 3 otaq kvadrat planlıdır və bunların önündə tağ yoxdur. Bu səbəblə bu otaqların mədrəsə üçün nəzərdə tutulmadığı anlaşılır. Mədrəsənin sol küncündə yerləşən dar koridorun sonunda isə 3 tualet otağı yerləşir.
Şair Nədimin 19 beytlik bir qəsidəsində özünün də hafiz olaraq təyin edildiyi bu kitabxana əsas girişdən solda yerləşir və həm memarlı, həm də dekorasiya baxımından məscidlə simmetriya təşkil edir. Kvadrat planlı kitabxana binası məsciddə olduğu kimi, eyni böyüklükdəki vahid gümbəzlə örtülüdür. Padşah imamı Ərəbzadə Əbdürrəhman Əfəndi tərəfindən yazılan kitabəsinə görə, inşası hicri 1132-ci ildə (miladi 1719-1720) tamamlanmışdır. Kitabxanaya aid dəyərli əlyazmalar və kitablar (təqribən 1171 əl yazılı və 4 çap edilmiş kitab) 1914-cü ildə Sultan Səlim, 1918-ci ildə isə bu gün də saxlanıldığı Süleymaniyə kitabxanasına köçürülmüş, bu səbəblə boş qalan bina başqa işlərə təsis edilmişdir.
Səbilin yanında və məscidin yan divarı önündə ana küçəyə parallel yerləşən həzirə araları bəzəkli dəmir konstrulsiya ilə örtülü daş sütunların üzərində dayanan tağlarla əhatə edilmişdir. Nevşəhərli İbrahim Paşanın parçalanan cəsədindən qalanlar əvvəlcə Süleymaniyə məscidi yaxınlığında qızının köşkünün həyətinə dəfn edilmiş, daha sonra isə cənazə bu həzirəyə köçürülmüşdür. Eyni həzirədə 1737-ci ildə vəfat edən oğlu Sultanzadə Mehmed bəy ilə bacanağı Sinək Mustafa Paşanın qəbirləri yer alır.[3]
Külliyənin 2 küçənin kəsişdiyi küncündə 5 pəncərəli və geniş saçaqlı səbili yerləşir. Zəngin qabartmalarla bəzəli səbilin pəncərələrin üzərində yazı qurşağı yerləşir. Səbilin solunda məscid divarının altında isə çeşmə yer alır.
Külliyəyə maddi dəstək təmin etmək məqsədilə Şahzadəbaşı küçəsi boyunca 2 sıra halında dükanlar inşa olunmuşdur. Bunlardan mədrəsəyə bitişik olan 37 dükan günümüzə qədər qalmış, ancaq qarşı tərəfdəki 45 dükan XIX əsrin ikinci yarısında dağılmışdır.