Kəhriz və ya su lağımı (fars. كاريز) — arid zonalarda qrunt sularını, bəzi hallarda isə layarası suları toplamaq və öz axarı ilə yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı qurğu sistemidir.
Su lağımını peşəkar kənkanlar qazır. Maili lağım (hündürlüyü 1–14 m, eni 0,5–0,8 m) şəbəkəsindən ibarət olan bu sistem müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımları bir-biri ilə şaquli quyuların vasitəsilə birləşdirilir. Əvvəlcə baş quyu(gümana quyusu),sonra isə qalan quyular qazılır[1]. Baş və gümana quyusu bu quyuların ən dərini, eləcə də, ilk quyuları isə ən dayazı və sonuncusudur. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür Sistemə toplanan qurunt suları son quyunu keçməklə yer səthinə çıxır. Bəzən lağımın suyunu çoxaltmaq üçün su verən baş quyudan neçə istiqamətdə lağım atılır. Lağımın suyundan su təchizatında və suvarmada istifadə olunur. Lağım suyu təmiz və durudur. Lağımlar fəsillərdən asılı olmayaraq müntəzəm su verir. Lağım Yaxın Şərq, Orta Asiya və Yuxarı Qafqaz üçün daha səciyyəvidir.
Kəhriz su mənbəyi kimi minillər boyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb etmişdir. Əhalini içməli su ilə təmin edən kəhrizlərdən dəyirmanları işlətmək,əkinləri,bağ və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə etmiş,yay zamanı içərisində üzüm,yemiş,qarpız,ət-süd məhsulları və s. saxlamışlar[1].
Yaxın Şərqdə və Mərkəzi Asiyada bəzi hallarda relyef şəraiti imkan vermədikdə və suların öz axarı ilə səthə çıxarılması mümkün olmadıqda sonuncu, ən dayaz quyuya toplanan su mexaniki yolla işçi heyvanların və çarxların köməyi ilə yer səthinə çıxarılır.
Kəhriz sistemləri Peruda pakios və ya faques, Böyük Britaniyada drenaj, Səudiyyə Ərəbistanında fala, Tunisdə faqqara, Meksikada mambo və ya alkavar, Əfqanıstanda, Çində və Pakistanda karez, İordaniya və Suriyada qanat romani, Mərakeşdə kettara, İspaniyada qaleriya və ya pozeziya, Omanda və Birləşmiş Ərəb Əmirliklərində falaj, Belçikada kahn, Ukraynada katakom adlanır.
Azərbaycanda lağım sistemi e.ə. I əsrdən mövcuddur. Təbriz, Zəncan, Gəncə, Qarabağ, Ordubad, Naxçıvan və Bakıda geniş yayılmışdır. Həmdullah Qəzvini (XIV əsr) Təbrizdə və onun ətrafında 900 lağım olduğunu bildirir. XIX əsrin sonu — XX əsrin əvvəllərində Gəncədə 30-dan çox, Ordubadda 40-a yaxın lağım olmuşdur. Bakıda vaxtilə İçərişəhər əhalisini içməli su ilə təmin edən 3 lağım aşkar edilmişdir. Orta əsr Şahbuz yaşayış yerindən vaxtilə Naxçıvan şəhərinin su təchizatında mühüm rol oynamış kəhriz bulaqlarının qalıqları aşkar edilmişdir[1]. XX əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 lağım olmuşdur. Lakin bir çoxu baxımsızlıq üzündən sıradan çıxmışdır.
Hazırda 353 Kəhriz fəaliyyətdədir; 151-i Şərur, 80-i Babək, 71-i Ordubad, 28-i Culfa, 8-i Şahbuz rayonlarında, 15-i isə Naxçıvan şəhərindədir. Bu hidrotexniki qurğularda quyuların sayı 3671-ə, tunellərin ümumi uzunluğu 142362 m-ə, ümumi su sərfi isə 2003 l/san.çatır. Mövcud kəhrizlərin suyu ilə 1800 ha-dan artıq əkin sahəsini su ilə təmin etmək mümkündür[1].
Suvarma sistemində artezian quyularının geniş tətbiqi lağımlardan istifadəni arxa plana çəkmişdi. Lakin son dövrlərdə aparılmış araşdırmalar, lağımın suyu ilə suvarılan torpaqların verimliyinin artezaianlara nisbət daha çox olduğunu göstərib. Ona görə də artıq lağımların təmiri və onlardan istifadə olunmasına diqqət artırılmışdır.