Kоmpyеn vaqonu

Kоmpyеn vaqonu

Kоmpyеn vaqonu (fransız tarixşünaslığında Wagon de l’Armistice — "barışıq vaqonu" da adlanır) — 1918-ci ildə birinci Kоmpyеn sülh sazişinin (1918) (Alman imperiyasının kapitulyasiyası) və ikinci Kоmpyеn sülh sazişinin (1940) (Fransanın kapitulyasiyası) imzalandığı dəmiryolu vaqonu.

Birinci Dünya Müharibəsi və sonrakı dövr[redaktə | mənbəni redaktə et]

Birinci Kompyen sülh sazişinin imzalanması

Vaqon 1914-cü ildə Saint-Denidəki Compagnie Internationale des Wagons-Lits şirkəti tərəfindən restoran-vaqon kimi istifadəyə verilmişdi. Lakin sonra Marşal Foşun qərargah-vaqonuna çevrildi və 1918-ci ildə marşal tərəfindən Almaniya ilə barışıq imzalamaq üçün seçilmişdi. Bu vaqonda I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində AntantaAlmaniya İmperiyası arasında barışıq imzalanmışdı.

Müharibələrarası dövrdə vaqon əvvəlcə prezident Millerandın şəxsi vaqonu kimi istifadə olunmuşdu. O, 1920-ci ilin dekabrında bu vaqonda Verdenə səfər etmişdi. Sonra isə vaqon Parisdə Əlillər Evində və "Barışıq Sahəsi"ndə nümayiş olunmuşdur. 1927-ci il noyabrın 11-də "Barışıq Sahəsi"ndə vaqon üçün xüsusi bina inşa edilmişdir[1].

İkinci Dünya müharibəsi[redaktə | mənbəni redaktə et]

Kompeyn vaqonu muzeyin divarı dağıdılaraq çıxarılır

1940-cı ilin iyununda fransız qoşunları Üçüncü Reyxin ordusu tərəfindən məğlub edildikdə, Adolf Hitlerin birbaşa əmri ilə vaqon bu binadan çıxarıldı, bunun üçün hətta divarı partlatmaq lazım gəldi. Fransanı alçaltmaq niyyətində olan Hitler Fransanın Almaniyaya faktiki təslim olmasını nəzərdə tutan İkinci Kоmpyеn sülh sazişinin imzalanmasının orada olmasını istədi. Sazişin imzalanmasından iki gün sonra 1940-cı il iyunun 24-də vaqon Berlinə aparıldı və burada bir həftə Brandenburg qapılarında ictimaiyyətə nümayiş olundu [2]. 1944-cü ildə Berlindən Türingiyanın Rula şəhərinə aparıldı və 1945-ci ilin aprelində Hitlerin əmri ilə SS əsgərləri tərəfindən yandırıldı.

İkinci dünya müharibəsindən sonra[redaktə | mənbəni redaktə et]

1950-ci il noyabrın 11-də 1913-cü ildə istehsal edilmiş eyni seriyadan olan vaqon bərpa edilmiş “Barışıq Sahəsində” quraşdırılmışdır. Lakin onun nömrəsi orijinal Kompyen vaqonunun nömrəsi ilə əvəz olunmuşdur. 1992-ci ildə məlum oldu ki, yandırılmış Kompeyn vaqonunun bəzi qalıqları hələ də qorunub saxlanılıb, bundan sonra Almaniya hökuməti onları Fransaya təhvil verdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Abri du Wagon dans lequel fût signé l’Armistice[ölü keçid]
  2. "Fiche de l'Université Paris I, «Le Wagon de l'Armistice à Compiègne»". 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.