Kamal Əhmədov (rəssam)

Kamal Əhməd oğlu Əhmədov (28 fevral 1940, Bakı29 noyabr 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).

Kamal Əhmədov
Kamal Əhməd oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janrlar Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 "Soltan Məhəmməd" mükafatı — 1993

Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir.[1]

O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur.[2]

Kamal Əhmədin "Ailə" tablosu, 1987-ci il

Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür. Uşaqları Bakıya aparıb, müxtəlif uşaq evlərinə verirlər. Bacısı iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Ə. Kamal isə on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. 1980-ci ildə ailə həyatı quran rəssamın Kamilla Əhmədova adlı bir qızı dünyaya gəlmişdir. Hətta həmin illərdə rəssam həyat yoldaşını təsvir edir, ailə səadətini təcəssüm etdirən tablolar yaradırdı. Kamal Əhmədin "Ailə" tablosu onun şah əsərlərindən biri hesab olunur. Bir tərəfdən əsərin dürüstlüyü, digər tərəfdən rəssamın fantaziyası heyrət doğurur. Məxməri gecə əsərin qəhrəmanlarını ağuşuna alıb, sənətkar onları dəniz sahilində, masa arxasında çay dəsgahı zamanı təsvir edib. Gur işıq mülayim ləpədöyəni və qızılı qum zolağını gecə zülmətindən qurtarmağa çalışır, o, həm də tamaşaçıya üz tutan, öz düşüncələrinə dalan, uzun-uzadı söhbət edən personajları işıqlandırır. Ön plandakı armudu çay stəkanlarının düzüldüyü əyriayaq masanı işıqlandıran bu mülayim sarı işıq rəssamın gözlərində yer alan qüssəni yumşaltsa da, qadının narahat baxışında qığılcım kimi sayrışır – ərinin üzündəki zahiri dinclik onu aldada bilmir. Taleyin zərbəsinin labüdlüyü qısa dinclik və xoşbəxtlik anına kolgə salır, qadını qorxu buxovlayır, o qızını möhkəm qucaqlayaraq iztirablardan qorumağa çalışır. Kamal isə hələ də tənhadır, onun palitrasından rənglər süzülür, boyakarlıq ona günəşi də, ayı da əvəz edir.

Səttar Bəhlulzadə ilə tanışlığı

[redaktə | mənbəni redaktə et]

Böyük fırça ustası Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Ə. Kamalı dərindən sarsıdır, Ə. Kamal da Səttar Bəhlulzadə kimi NizamiFüzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir. Gənc olan Kamal Əhməd Azərbaycan avanqardının banisi Cavad Mircavadovu da özünə müəllim sayırdı. Gələcəyin istedadlı rəssamı öz yolunun axtarışlarında bu iki sənətkarın təsviri metodlarını dərk etməyə çalışırdı.

Əgər B. Səttar ona Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyasını, abstrakt və ideal aləmi açmışdısa, Mircavad Ə. Kamala əsl Abşeronu bəxş etdi. Mircavad hesab edirdi ki, rəngkarlığı yalnız Abşeronda öyrənmək lazımdır. Digər abşeronlu rəssamlar kimi Kamal Əhməd üçün də, Abşeron torpağı və sakinləri əsas ilham mənbəyi idi, Amma Kamalın Abşeronu bir qayda olaraq lakonik, müxtəsər və sərtdir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yaşayıb və yaratmışdır. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər, evin qapısını köhnə də olsa parlaq boyalarını saxlamış kilim əvəz edir, elektrik cərəyanı olmadığından Kamal gecələr öz balaca otağında ağ neft lampası yandırmalı olurdu. Kamala da həmin nəslin əksər rəssamları kimi, Abşerondakı unikal qoruq olan Qobustan güclü təsir edir.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

O, Sovet sosial realizm məktəbinin göstərişlərinə əməl etməkdən imtina edərək incəsənətdə öz üslubunu yaratmışdır. Onun əsərləri çox vaxt tünd rənglərlə işlənmiş, qara fona malik simvollarla zəngindir. Onun obrazları qəribə, fantastik quşlar, itlər, uzunqulaqlar və digər heyvanlardır. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar rəssama xasdır. Kamal Əhməd 1968-ci ildə Rəssamlar İttifaqının üzvü seçilmişdir. O, 1969-cu ildə Moskvada Ümumittifaq bədii sərgidə iştirak etmişdir. Rəssamın 1987-ci ildə Bakıda ilk fərdi sərgisi keçirilmişdir. 1980-ci illərin sonundan başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, azərbaycanlı rəssamın fırçasından çıxan gözəl işlər muzey və şəxsi kolleksiyaları bəzəyir.

1989-cu ildə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirakı Ə. Kamalın yaradıcılıq bioqrafiyasında əlamətdar hadisə oldu. Sənətkarı oraya 1988-ci ildə Moskvada Ümumittifaq sərgidə onun əsərlərinə heyran qalmış italiyalı kuratorlar dəvət etmişdilər. Bu, SSRİ Rəssamlar İttifaqı ilə Vareze şəhərinin Villa Mirabello (Musei Civici di Villa Mirabello) bələdiyyə muzeyi arasında sərgi mübadiləsi ilə bağlı uzunmüddətli müştərək layihə idi. Muzeydə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Xaricə getməkdən məhrum olan, ölkəsində heç bir fəxri ad almayan dissident onun sitayiş etdiyi dahi rəssamların vətəni olan ölkəni görmək imkanı qazanır. Onun əsərləri böyük əks-səda doğurur, şəhər meri sərginin açılışında Kamal Əhməd haqqında şövqlə danışmış, azərbaycanlı rəssamı müasir incəsənət tarixində yeni şəxsiyyət adlandırmış, onun əllərindən belə öpmüşdür.[4]

  • "Ağac" (1970);
  • "Söhbət" (1979);
  • "İşığa doğru" (1980);
  • "Self-Portrait" (1980);
  • "Mirza Shafi and Mirza Alakbar Sabir visiting Pirosmani" (1980);
  • "Xeyir və Şər" (1986);
  • "Atın ay xiffəti"; (1986);
  • "The family" (Ailə, 1987);
  • "Moon night" (1990);
  • "Woman in Red" (Qırmızı qadın, 1990);
  • "Escape" (Xilas, 1991);
  • "The dogs" (1991);
  • "Leyli və Məcnun";
  • "Goradildə kanal";
  • "Goradil kəndi";
  • "Abşeronda bahar";
  • "Abşeronda Novruz bayramı";[3]
  • "Kompozisiya";
  • "Lampa ilə avtoportret" (1998);
  • "Rəssamın emalatxanasında" (1990-cı illər);
  • "Çılpaq"[1]

Tamamlamadığı əsəri

[redaktə | mənbəni redaktə et]
  • "Avtoportret. Çarmıxa çəkilmə" Bu əsər Ə. Kamalın tamamlaya bilmədiyi sonuncu əsəri oldu – o özünü başında tikanlı çələngi olan İsa obrazında təsvir edir. Bu, rəssamın güzgüdə öz əksini çəkdiyi adi avtoportret deyil. O, özünə təkcə kənardan baxmır, sanki həm də onun ölməz ruhu başqa aləmdən işgəncə verilmiş cismini, onun son iztirablarını seyr edir.

1988-ci ildə "Abşeron qadınları" rəsminə görə Moskvada keçirilən beynəlxalq bədii sərginin diplomu ilə təltif edilmiş, 1989-cu ildə "Salvador Daliyə İthaf" əsəri Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində Qran-pri mükafatına layiq görülür. O, 1993-cü ildə Bakıdakı Novruz bayramına həsr olunmuş "Rəssamın ailəsi" silsiləsinə görə I dərəcəli mükafata layiq görülmüşdür. Azərbaycan təsviri sənətini yeni meyllərlə zənginləşdirən Kamal Əhmədə yaradıcılıq uğurlarına görə 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.[5]

Kamal Əhməd 29 noyabr 1994-cü ildə vəfat etmişdir.

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamal Əhmədlə bağlı xatirələrini belə bölüşmüşdür:

" Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov: "Kamal Əhmədlə bağlı xatirələrim çoxdur. Çox təvazökar adam idi. Doğrudan da o illər mənim üçün ən dəyərli illər olub. Onda olan enerjiyə heyran idim. Gecə-gündüz rəsm haqqında fikirləşir, sənətlə yanırdı. Onun yaradıcılığının çox hissəsini əhatə edən bu kitab üçün çox şadam. Bu kitab onun haqqında çox söz deyəcək, oxuyanlar biləcək Kamal Əhməd kimdir. O mənim ürəyimin bir parçasıdır. Kamal ən böyük rəssama belə örnək ola biləcək ürəyi olan bir rəssam idi. Onun ən böyük muzeylərdə təmsil olunmağa, hər bir rəssam qarşısında öyünməyə ixtiyarı çatır. "

Tanınmış yazıçı-publisist Azər Abdulla:

" "Mən tanıdığım və tanımadığım bütün rəssamları sevirəm. Rəssamlıq mənim üçün möcüzəli bir sənətdir. Kamal Əhməd haqqında ilk dəfə yazını mən yazmışam. 1974-cü ildə Qobustan jurnalında işləyirdim, o vaxt dissident rəssamları sadəcə Qobustan jurnalı dərc edirdi. Kamal bəylə də Rəssamlar İttifaqının qarşısında görüşüb, avtobusla onun emalatxanasına, Goradilə getdik. Mən ömrümdə ilk dəfə su süzən daşı Kamalın emalatxanasında gördüm. O əsərlərini necə işlədiyini mənə danışırdı. İndi burda gördüyüm əsərlərin çoxu hələ yaranmamışdı. Kamal bəy Abşeron Rəssamlıq Məktəbinin ən gözəl simalarından biri hesab olunur. Dostları onu klassik ədəbiyyatı sevən biri kimi xatırlayır. Kamal Əhməd özündə Cənnətlə Cəhənnəmi birlşdirərək qaranlıqdan işığa doğru gedirdi. Və hər kəsi saflığa, aydınlığa aparırdı. Rəng, boya işlətmək bacarığına, rəng hissiyatına görə qeyri-adi bir rəssamıydı. Bu anadan gəlmə istedad idi. Haqqında yazı çıxandan sonra görüşdük, çox sevindi. O vaxt deyirdi ki, məni başa düşmürlər. İndi yanıb tökülürəm, kaş Kamal bu təqdimatı görəydi." "

Bakı İncəsənət Məktəbinin direktoru Rafael Gülməmmədli:

" "Kamal Əhməd Azərbaycan modern təsviri sənətində, avanqard incəsənətə ən çox təsir etmiş rəssamlardandır. Bu istiqamətdə biz onun adını Tofiq Cavad, Əşrəf Murad və Rasim Babayevlə birlikdə çəkə bilərik. Onun təsiri 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinə gəlmiş yeni nəsil rəssamların əsərlərində çox bariz görünürdü. Kamal Əhməd Azərbaycan təsviri sənətində ən dissident rəssamlardan biriydi. Əsərlərində yalançı pafos yoxuydu. Mövcud təsviri sənətə sırınan dəyərlərə qarşı özünün bir etirazı vardı. Filosof idi, mənim üçün Azərbaycan təsviri sənətində qara rənglə işləyən iki rəssam var ki, onların qarası başqa rəssmlarda yoxdur. Əşrəf Murad və Kamal Əhməd. O bilərək akademik təhsil almadı, özü-özünü yetişdirdi. 70-80-ci illərdə artıq öz simasını qazanmağa başlamışdı. Və Azəbaycan təsviri sənətində bənzərsiz yer tutdu. "Şərqin faciəsi" adlı məşhur bir əsəri vardı. Təsəvvür edirsinizmi, hələ 90-cı il olmamışdı, Sovet qoşunları Azərbaycana soxulub faciə törətməmişdi, o ana və qarşısında oğlunun meyiti əsərini yaratmışdı. Sanki rəssam gələcəkdə baş verəcək faciəni əvvəlcədən hiss etmişdi". "

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı:[6]

" "Kamal sadə adam deyildi, o istənilən yerdə ürəyindən keçən sözü rahatca deyirdi. Kifayət qədər fikrini söyləməyi bacaran adam idi. Qeyri-adi dərəcədə xeyirxah və mehribandı. Yaradıcı insanların çoxusu bu cür olur. O bir dəfə məni emalatxanasına dəvət edib, "bu şəkillərdən hansını istəyirsən seç götür" dedi. Mən "vaxt gələcək, bu əsərlər muzeylərdə olacaq, haqqım yoxdur götürməyə, onun dəyərinə uyğun pulum da yoxdur" dedim və götürmədim. Kamalın əsərlərində rənglərin simfoniyası var. Xüsusən narıncı və qırmızı və qara rəng. Onun əsərlərinin hər biri fəlsəfi miniatür kimidir. O qeyri-adi dərəcədə poeziyanı da sevən adamıydı. Kamalın çətin keçən uşaqlığı sayəsində onun əsərlərində tragediya daha çoxuydu." "

Şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu:

" "Mənim Kamal haqqında "Öz vaxtından qaçan adam" adlı bir şeirim var. Kamal zamanın, əsrlərdən - əsrlərə keçmə dəhlizlərini tanıyan adamıydı. O öz vaxtının içərisində duruş gətirə bilmirdi. Cəmilə xanım düz dedi, o doğrudan da kosmik maştablı bir adamıydı, dahiydi. Biz bəzən sahib olduqlarımızın qədrini bilmirik. Qəribədir, niyə biz doqquz iqlim qurşağımızla fəxr edirik, təbii sərvətlərimizlə fəxr edirik, amma unuduruq ki, bizim əsl böyük sərvətimiz yaradıcı insanlarımızdır? Yaradıcı insana şöhrəti diqtə etmək olmaz. O dahiydi, qəribə səxavəti vardı, dörd yaşında atasını itirmişdi, ailəsini itirmiş, Qobustan yetimxanasında elə bir mühitdə doğulub böyümüş adam həddindən artıq zəngin daxili aləmə malik idi. O bütün istedadını, daxili zənginliyini böyük bir səxavətlə bağışlayırdı. Fikir adamıydı. Onun rəngi təkcə qara deyildi, o qaranın altında neçə gizli qatlar var ki, o qatlar onun o dərin fikrini büruzə verirdi. Mənim şəxsi kolleksiyamda Azərbaycan və dünya rəssamlarının mindən çox işi var. Ən çox sevdiyim iki əsər Kamal Əhmədin öz əli ilə avtoqraf yazıb mənə bağışladığı işlərdir. Bir əsəri də Finlandiyadadır. Finlandiyanın məşhur şairi, yazıçısı, dramaturqu Azərbaycana öz ailəsi ilə qonaq gələndə onu Kamalın emalatxanasına aparmışdım. Kamal həddən artıq səxavətlə bütün əsərlərini sərgilədi və dedi ki, hansı iş xoşunuza gəlirsə onu götürün. Onlar pul ödəmək istəyəndə Kamal dedi ki, "siz bununla məni təhqir eləmiş olarsınız". Mən indi də o əsəri Finlandiyaya gedəndə Helsinkidə madam Aurik Olsiunkinin villasında seyr edirəm. Mənim dostlarım da mənimlədir. Allah onlara rəhmət eləsin". "

Sənətşünaslıq rektoru, professor Cəmilə Həsənzadə:

" "O, incəsənətin bütün sahələrini gözəl bilirdi, musiqini duyurdu. Onun yaradıcılığını təkcə Abşeron məktəbinə aid etmək olmaz. Kamalın istedadı sərhəd tanımırdı. Mən onun yaradıcılığını kosmik fəza kimi miqyassız hesab edirəm. Kamal dahiydi..." "
  • Şəxsi sərgi, "Abşeron" qalereyası, Bakı, Azərbaycan (2004-cü il)
  • E-phem·er·a –nın qrup halında sərgisi, Bakının müasir incəsənət muzeyi, Azərbaycan (2014-cü il)
  • "Xalq Əmanəti" layihəsi (2017-ci il, 19 may)
  1. 1 2 "Kamal Ahmad". 2018-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  2. "Kamal Əhməd (1940-1994)". 20 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  3. 1 2 "Xızıda Əməkdar incəsənət xadimi Kamal Əhmədin əsərlərinin sərgisi". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  4. "Kamal Əhməd (1949-1992)". 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  5. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  6. "KAMAL ƏHMƏD". 2017-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]