Cavad Mirhaşım oğlu Mircavadov (19 yanvar 1923[1], Bakı – 24 iyun 1992, Tiraspol) — azərbaycanlı rəssam[2], Azərbaycan SSR əməkdar incəsənət xadimi (1988)[3]. Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.[4] Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
Cavad Mircavadov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. [5]
1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşamış, Dövlət Ermitajında fəhlə kimi çalışmışdır.[3]Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.
1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan – metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayıb. Daha sonra dostları ilə Qobustana yollanan rəssam bir müddət burada yaradıcılıqla məşğul olur. Daha sonra Buzovnada 10 il müddətində tərki dünya həyat tərzi yaşadıqdan sonra Mircavadov 1966-cı ildə yenidən Bakıya qayıdır.
O Lyubov Mircavadova ilə ailə həyatı qurmuş, cütlüyün bu evlilikdən Xəzri adlı oğlu dünyaya gəlmişdir.[6]
Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:
"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.
Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı.
İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də.
“Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı."
1992-ci ildə o Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib[3].
O rəssam Tofiq Cavadovun qardaşıdır.
Cavad Mircavadov bir çoxları tərəfindən Azərbaycan rəssamlığında müasir istiqimətin banisi kimi tanınır. Bu rəssam Azərbaycan rəssamlıq məktəbinin ən parlaq novatorlarından biridir.
Cavad Mircavadovun ən erkən rəngkarlıq əsəri 1967-ci il tarixi ilə qeyd olunur. Bu əsərin adı “Yırtıcı”dır. Bizim qarşımızda ayaqları sarılı, arxası üstə atılmış qoyun, yaxında isə – hansısa canlı, dişini ağartmış, torbasayağı gövdəsi olan qeyri-adam təsvir olunub. Burada rəssamın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən mühitə alleqorik yanaşması aydın görünür.[7]
Rəssamın Buzovnadan Bakıya qayıtmaq qərarı onun rənkarlığında yeni bir mərhələnin başlanğıcı sayılır. Buna baxmayaraq Buzovnada rəsm etdiyi az sayılı əsərləri Mircavadov yaradıcılığında mühüm yerə malikdir. Bu əsərlər əsasən kağız üzərində təsvir edilmiş qrafika nümunələri idi. Onlardan bəziləri mürəkkəbli qələmlə, bəziləri isə qara qələmlə icra edilmişdir. Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:[7]
"Mircavadov əsərlərində şeytanı dramatikləşdirmiş, onu güclü və bənzərsiz miqyasda təsvir etmişdir. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb etmişdir. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."
Rəssam həmin illərdə heykəltəraşlıq sənəti ilə fəal məşğul olduğu üçün onun rəsm əsərlərində əşyaların “həcmli-plastik” təhlilini əksini görmək mümkündür. Onun qrafika əsərlərinə “Mavi kompozisiya”, 1957, (100х80 sm), “Mistik” 1960, (200х150 sm), “Heykəltəraşlıq üçün eskiz” 1958, (150х150 sm), “Notr-Dam”, 1958, (280х180 sm) , “Texno Erotik” 1958, (45х45 sm), “Yük atı” 1959, (100х80 sm), “Fizioloji niyyət”, 1959, (40х30 sm), “Bədənin quruluşu”, 1960 (200х160 sm) kimi rəsmləri misal göstərmək olar.[7]
Mircavadovun tamamilə intuitiv və instinktiv şəkildə yaratdığı “gülünc obrazları” onun öz dəyər sistemi daxilində bir bütövlük təşkil edir.
Onun təsvirləri, ilk növbədə, insana bənzər nəhəng, div obrazıdır. Rəssam bu anlayışlara ənənəvi mifologiyadan fərqli olaraq öz dünyalarına uyğun məna verib. O, “div” obrazını xeyirxah-zalım, qəddar, cəsur, bəzən də qorxaq kimi təsvir etmişdir. Rəssam insanda ola biləcək bütün alçaq və rüsvayçı cəhətlərlə birləşdirərək şəxsi anlayışına sadiq qalaraq əsərlər yaradıb.[8]“Div” obrazı ilə yaradılan kompozisiyalar bir çox rakursdan incələndikdə onların əxlaqsız, oyunlara və boş əyləncələrə düşgün təsvir edildiyi görünür. Cavad əsərlərindəki insanpərvər, qəddar, şəhvətli və kor-koranə gücə sahib “divlərini” heyvan kimi təsvir edirdi. “Divlərin hiylələri” (1980, 220x240 sm), “Arena” (1981, 220x260 sm), “Ehtiras” (1983, 160x200 sm), “Ölümlə dialoq” (1976, 100x80 sm), “Qasırğa” ( 1984, 300x400 sm) rəsmləri bu qəbildən olan əsərlərdir.[8]
C.Mircavadovun yaradıcılığında daha bir sabit obraz qadındır. Burada qadın xeyirxah-mərhəmətsiz, səbirli, gözəl, ağıllı və həssas təsvir edilir. “Toy” (1973, 130x180 sm), “Şaman-Qadın” (1983, 70x80 sm), “Sakitlik və sərinlikdə” (1984, 80x60 sm), “Çılpaq qadın” (1984, 90x70 sm), “İris ilə qız” (1986) “Uzanan qadın” (1987, 100x120 sm), “Ümid işığı” (1982, 200x250 sm) və bir çox başqa əsərlərində özlərinin müxtəlif təzahürləri qadın obrazları təqdim olunur.[9]
O, bəzi əsərlərində məzmuna uyğun olaraq hər dəfə eyni sxemdən, rənglərdən məharətlə istifadə etmiş, hər hansı bir həyat və ya cari hadisənin rəvayətini təqdim etmişdir. Məsələn, “Şubanada” (1984, 75x80 sm) və “Naxır” (1986, 60x80 sm) əsərləri, “Dəvə üstündə” kimi bir neçə kompozisiya onun bu qəbilədən olan əsərləridir.[10]
Cavad Mircavadovun elə əsərləri var ki, rəssam bunların üzərində bir neçə il işləmişdir. “Müxtəlifliyin vahidlik panoramı” (1985-1987) adlı əsərində rəssam şərti olaraq müxtəlif xalq və tayfalara məxsus olan simaların nümunəsində bəşəriyyətin ümumi problem və qüsurlarla yükləndiyini nümayiş etdirməyə çalışmışdır.[10] “Əsrin himni” və “Şərq miniatürü mövzusunda improvizasiya” bu qəbildən olan əsərlər silsiləsinə daxildir. “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsindən olan – “Atlılar” (1984), “Lüt-üryan” (1984), “Günəşli atlı” (1984), “Sarayda” (1985), həmçinin “Gəzinti” (1981), “Uşaq arabası” (1985) əsərləri də bu üslubda yaradılmışdır.[11]
Rəssamın yaradıcılığında iki əsər xüsusi yer tutur. Bunlar “Məxfi gecə” (1982) və “Ümid işığı” (1982) tablolarıdır.[11]
Məşhur sovet sənətşünası, rus və Avropa incəsənəti tarixinə dair bir çox əsərlərin müəllifi M.V. Alpatov Mircavadov haqqında yazırdı: "Mircavadov böyük gücə və böyük nəfəsə malik rəssamdır. Onun əsərlərində əzbərlənmiş üsul yoxdur".
Cavad Mircavadov 1975-ci ildə SSRİ Rəssamlıq İttifaqına üzv qəbul olunsa da, sovet incəsənət qurumları onu persona non qrata elan etmişdi və sonrakı illərdə də bu vəziyyət dəyişmədi. Mircavadov zaman-zaman Mədəniyyət Nazirliyi, Azərbaycan KP MK kimi dövlət qurumlarında, hətta Rəssamlar İttifaqında fərdi sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, rəssam hər dəfə rədd cavabı alırdı.[12]
1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
1999-cu ildə Danimarkanın “Hyörning” muzeyində Cavadın fərdi sərgisinin kataloqunda fəlsəfə elmləri doktoru, professor Teddi Brunies “Müasir incəsənətin şamanı” adlı məqaləsində yazır:[13]
“O, saçlarında daha çox ağlıq olan həmin nəcib canavara bənzəyirdi. Əsrlərin şahidi Cavad fırçasının sərt və güclü boyalarından doğan yaradıcı çalışmaların mövzusu sərhəd tanımırdı.”
Sərginin açılışında “Hyörning” (Danimarka) muzeyinin bədii rəhbəri Torben Tutusen demişdir:[13]
“Cavad Mircavadov sovet dövründə həmişə hökumətlə qarşıdurmada olan rəssamlar nəslinin nümayəndəsi idi. Cavad sənətində daim tamaşaçıya nüfuz edir, dini və qadağan olunmuş mövzulara müraciət edir. Cavad öz kətanında insan və bioloji hadisələri təsvir etməklə onu sırf insan varlığı məsələsi ilə üzləşməyə təhrik etmişdir. Cavadın həddindən artıq ifadəli üslubunda belə çılğın motivlərlə uyğun gələn əsərləri var”.
Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.[4]
2013-cü ildə Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən “Məkkəyə səyahət” adlı əsəri məşhur “Sotbis” Hərracına çıxarılıb. Əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib. 1985-86-cı illərə aid əsər skandinaviyalı kolleksiyaçısının şəxsi kolleksiyasından seçilib.[3]
Bundan əlavə, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində rəssamın 90 illik yubiley sərgisi keçirilib. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988-ci il