Kandaçime (寒立馬?) – Yaponiyanın Aomori prefekturasının Şiriya burnunda yaşayan yarıvəhşi at cinsi. Bu atlar 18 noyabr 2001-ci ildə Aomori prefekturası tərəfindən təbiət xəzinəsi elan olunmuşdur.[1][2]
Kandaçime atlarının əcdadı hazırda mövcud olmayan Nanbu adlı at cinsidir.[3] XIX–XX əsrlərdə şimalda yaşayan müxtəlif yerli at cinslərinin anqlo-ərəb, ərəb, Hakne, Brabanson və Breton kimi xarici at cinsləri ilə cütləşdirilməsi nəticəsində bu at cinsi yaranmışdır.[4] "Kandaçime" sözü 1970-ci ildə Tsutomu İvasa adlı şəxs tərəfindən ortaya atılmışdır. Yapon dilində "kantaçi" (寒立ち?) sözü "qışa dözümlü" deməkdir.[2]
Kandaçime atları Yaponiyanın şimalında yerləşən və qışı sərt keçən Hiqaşidori kəndində yaşadıqları üçün soyuq iqlimə uyğun adaptasiyalara malikdirlər. Ayaqları qısa, bədənləri iri, xəzləri qalındır. Aprel–noyabr aylarında Şiriya burnunda otlayırlar.[1] Qış mövsümünü keçirmək üçün isə meşələrlə əhatə olunmuş Akata otlağına gedirlər.[3]
2024-cü ilin məlumatına əsasən Kandaçime atlarının populyasiyası 14-dür. Bu at cinsi insanlara öyrəşmiş at cinsi olsa da, yerli hökumət atlara arxada yaxınlaşmamaq və onlara yemək verməmək barədə xəbərdarlıq edir.[3]