Kaura həbsdən qaçışı (ing. Cowra breakout) – 5 avqust 1944-cü ildə Avstraliyanın Kaura qəsəbəsi yaxınlığındakı həbs düşərgəsində saxlanılan yapon müharibə əsirlərinin həbsdən qaçış cəhdi.[1] Bu, İkinci dünya müharibəsinin ən böyük həbsdən qaçış hadisələrindən biridir.[2]
1944-cü ilin avqustunda Avstraliyanın Kaura qəsəbəsi yaxınlığında yerləşən 12 saylı həbs düşərgəsinin B bölməsində 1104 yapon müharibə əsiri saxlanılırdı. Həmin düşərgədə yaponlarla yanaşı italyan və koreyalılar da var idi. Yaponlara Cenevre konvensiyasının şərtlərinə uyğun münasibət göstərilsə də, 22-ci garnizon batalyonunun mühafizəçiləri ilə yaponlar arasındakı münasibətlər pis idi.
Yaponlar 1944-cü ilin avqustuna qədər həbsdən qaçış planları yox idi. Lakin onlar yapon müharibə əsirlərinin bir hissəsinin Hey həbs düşərgəsinə transfer ediləcəyini öyrənəndə kütləvi qaçışa cəhd etmək qərarına gəlmişdirlər.
5 avqust 1944-cü ildə, səhər saatlarında Avstraliya ordusunun personalı minlərlə yaponun səsinə oyanmışdır.[1] Bağbanlıq ləvazimatları, beysbol çubuqları, baltalar və bıçaqlara silahlanan 1104 yapon düşərgənin hasarlarına hücum etmiş və düşərgədən qaçmışdır.[1] Növbəti günlərdə başlayan insan ovu nəticəsində düşərgədən qaçmış 231 yapon və 4 avstraliyalı öldürülmüş, 103 yapon yaralanmışdır.[1] Sağ qalanların bir hissəsi yenidən tutulmuş, bir hissəsi isə intihar etmişdir.[1]
1963-cü ildə Avstraliya hökuməti hadisənin baş verdiyi yerin yaxınlığında müharibə qəbiristanlığı yaratmışdır.[2] İnsident nəticəsində ölmüş yaponların qalıqları buraya köçürülmüşdür.[2] 1978-ci ildə Kaurada Cənub yarımkürəsinin ən böyük yapon bağı yaradılmışdır.[2] Bağ Ken Nakacima tərəfindən dizayn edilmişdir.[2]