Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də universitetin əməkdaşları ilə bir yerdə təcrübə apara biləckləri dünyada ilk elmi-tədris laboratoriyası kimi yaradılmışdır. Əvvəlcə laboratoriya Kembricin mərkəzində, Freye-Skul küçəsində yerləşirdi. XX əsrin 70-ci illərində şəhərin qərb kənarında laboratoriya üçün yeni binalar kompleksi tikilmişdir.
2013-cü il üçün laboratoriyanın rəhbəri professor Ceyms Stirlinqdir. Laboratoriyada ənənəvi Kavendiş professoru fəxri adı mövcuddur. Bu adı laboratoriyanın professorlarından biri daşıyır. Vaxtilə bu adı lord Reley, ser C.C. Tomson, lord Rezerford, ser Uilyam Breqq, ser Nevill Mott, ser Brayan Pippard, ser Sem Edvards kimi dünyaca məşhur alimlər daşımışdılar. 2013-cü il üçün Kavendiş professoru ser Riçard Frenddir.
Laboratoriyanın devizi Kavendiş laboratoriyasının ilk müdiri Ceyms Maksvellin dediyi ifadədir: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər." [1]
Belə bir yanlış fikir geniş yayılmışdır ki, guya Kavendiş laboratoriyası məşhur ingilis fizik və kimyaçısı Henri Kavendiş, 2-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb. Lakin bu, belə deyil. Laboratoriya özünün yaradıcısı, Uilyam Kevndiş, 7-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb. Laboratoriyanın yaradılması zamanı o, Kembric universitetinin kansleri idi və universitetin yanında bu elmi-tədris laboratoriyasının yaradılması üçün böyük məbləğdə ianə etmişdir.
2012-ci ilin məlumatlarına əsasən laboratoriyanın 29 tədqiqatçı-əməkdaşı Nobel mükafatına layiq görülmüşdülər.[2].