Kenninq (kenning, qədim Norveç mənşəli sözdən törəmişdir (kenna- “bilmək”, “tanımaq”, “hiss etmək”), müasir island tələffüzündə [cʰɛnːiŋk]) — skandinav skaldik poeziyası üçün, habelə ingilis-sakson və kelt poeziyası üçün səciyyəvi olan azı iki isimdən ibarət məcaz növüdür. Kenninq hər hansı əşyanın və ya şəxsin adi adını əvəz etmək üçün istifadə edilir. Məsələn, “Odinin oğlu” Toru bildirir, “Dalğa qabanı” deyəndə dəniz, “Arı canavarı” (Beovulf) deyəndə ayı nəzərdə tutulur. Kenninqlərin quruluşu prinsipləri və çoxsaylı nümunələrinə Kiçik Eddada və digər saqalarda rast gəlmək olar.
Rudolf Mayssnerin və Andreas Xoyslerin əsərlərindən qaynaqlanan müasir kenninq nəzəriyyəsinə uyğun olaraq, kenninq “özül” (Grundwort) və “təsvir”dən (Bestimmung) ibarət ikiüzvlü isimləşmiş parafrazdır. Kenninq adi isimlər və ya poetik isimlər (heiti) vasitəsilə qurula bilər. Heitiyə misal olaraq hökmdar mənasında işlədilən “hilmir” (hərfi tərcüməsi “dəbilqə paylayan”) sözünü göstərmək olar.
Kenninqlə adları da əvəz etmək mümkündür. XI əsrdə yazılmış “Həyat mahnısı”nda Grettir öz qardaşı Dromund ləqəbli Torsteyni “uzaq dənizin böyük gəmisi (stórskip rauðahafs), polad ilahının qatili Reginin evi(stálgoðs bani ok Regins skáli)” adlandırır. Əgər bu “tapmaca”nı təhlil etsək görərik ki, “drómundr” sözü “uzaq səyahət üçün nəzərdə tutulmuş gəmi”ni bildirir, “polad ilahının qatili” ilah Tora aid kenninqdir, Torun adı Torsteyn adının birinci hissəsini təşkil edir. “Reginin evi” kenninqi isə “daş”(steinn) mənasını verir və Torsteyn adının ikinci hissəsinə aiddir.
Mürəkkəb kenninqlər də mövcuddur. Məsələn, “Qılınclar fırtınasının göyrüşü” (“Qılınclar fırtınası”- “döyüş”; “döyüşün göyrüş ağacı”- “əsgər”) və ya “Körfəzlərin marallarının torpağındakı alovun cökəsi” (“Körfəz maralı”- “gəmi”, “dəniz alovu”- “qızıl”, ).
Ən uzun kenninq “Xoşxasiyyətli Hakon haqqında Saqa”da işlədilən aşağıdakı yeddiüzvlü kenninq sayılır: ləpə şalbanının günəşinin Menya zənginin çarpaz atanı. “Ər/Döyüşçü/Toralv” mənası verən bu kenninqi belə izah etmək olar: ləpə şalbanı – gəmi, gəminin günəşi- qalxan, Menya- dişi nəhəngin adı, Menyanın zəngi- döyüş, döyüş çarpazı- ox.[1]
Originalda altı üzvdən ibarət digər “ər/döyüşçü” mənası verən digər uzun kenninq XI əsrdə yaşamış skald Tord Sereksson tərəfindən tərtib edilmişdir və belə səslənir: “nausta blakks hlémána gífrs drífu gimsløngvir”, yəni “gəmi tövləsinin atını gizlədən ayın dişi nəhənginin alovlu çovğununu atan”
Burada “gəmi tövləsinin atı” gəmini, “gəmini gizlədən ay” qalxanı, “qalxan dişi nəhəngi” təbərzini, “təbərzin çovğunu” döyüşü, “döyüş alovu” qılıncı, “qılınc atan” isə döyüşçünü bildirir
Əgər kenninqlərin iyerarxiyasını piramida şəklində təsəvvür etsək, görərik ki, piramidanın zirvəsini saqaların əsas qəhrəmanı olan kişi-döyüşçü kenninqi tutur (ən uzun kenninqlər də məhz kişi-döyüşçü kenniqnləridir). “Kiçik Edda”da Snorri Sturluson yazır: “Kişi üçün hansı kenninqlər var? Kişini onun işlərinə görə adlandırırlar. Onu sahibliyində olan əmlaka, hədiyyə etdiyi əmlaka görə, əcdadlarına və sələflərinə görə adlandırmaq olar” [2]
Qadınlara və hətta ilahlara və hökmdarlara aid kenninqlər daha aşağı mövqedədir. Daha sonrakı mövqe döyüş, silah, qızıl və gəmi (“Dəniz xizəyi”, “Qripnirin atı” və s.) kenninqlərinə aiddir. Növbəti mövqe döyüş quşu (qarğa) və döyüş heyvanı (canavar) kenninqlərinə, qan və meyid kenninqlərinə aiddir. Piramidanın aşağl “mərtəbə”lərini dəniz və səma, od və ilan, poeziya və skald (aşıq) kenniqləri, özülünü isə əl, sinə, ruh, ürək, torpaq, daş və s. kenninqlər tutur.[3]
X əsrin sonu- XI əsrin əvvəllərində xristianlığın qəbulu yeni kenninqlərin meydana çıxmasına səbəb oldu. Xristian Allahını təsvir edən ilk kenninqlər arasında “Səma günəşi knyazı” (himins roðla oðlingr), “Roma konunqu” (Róms konungr), “Rahibləri sınayan” (munka reynir) kenninqlərini nümunə göstərmək olar. Məryəm Ananı (Bakirə Mariya) təsvir etmək üçün “Müqəddəs ruhun olduğu yer” (heilags anda sæti), “arvadların konunqu” (vífa konungr), “Qadınların höfdinqi” (snóta hofðingi) və hətta “Günahlardan azad edən” (bols léttir) kimi kenninqlərdən istifadə edilirdi.[3]
Kenninqlərin tərcüməsi elə də çətin deyil, çünki onlar şablon qaydada qurulur. Məsələn, “palıd”, “kötük”, “dirək” kimi sözlər bir qayda olaraq kişini bildirən kenninqlərdə istifadə edilir. “Mübahisə” sözünün arxasınca zəncir kimi uzanan sözlərin sayından asılı olmayaraq, bir qayda olaraq, “müharibə” kimi tərcümə olunacaq məcaz alınacaq.[4]