Keyxosrov (avest. Kavi Husravah, pəhl. Kay Husraw, fars. كی خسرو — Kavi Xaosrova, Kavi Xosrav, Kay Xusroy)[1] — Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarından biri, Siyavuşun oğlu.
Keyxosrov — qədim İran padşahlarından Keylər sülaləsinin üçüncü hökmdarıdır. Firdovsinin "Şahnamə"sinə görə, Keyxosrov Siyavuşun oğlu və Keykavusun nəvəsi olmuşdur; Siyavuş öz ögey anasının ona atdığı böhtan nəticəsində atası Keykavusdan acıq edib, Turana qaçmış, Turan padşahı Əfrasiyabın qızı Firəngizlə evlənmişdir. Orada da yenə böhtana düşüb, Əfrasiyab tərəfindən öldürülmüşdür. Sonralar Firəngiz Səyavuşdan Keyxosrovu doğanda Əfrasiyab uşağı öldürmək istəmiş, lakin, onu qaçırıb, dağda çobanlar arasında böyütmüşlər. İranlılar Turana gələrək, Keyxosrovu tapmış və onu aparıb babası Keykavusa çatdırmışlar. Keykavus atəşpərəstlərə məxsus bir təntənə ilə Keyxosrovu öz yerinə taxta çıxararaq, şah etmişdir.