Kirayəçi-fermer mübahisələri (Yaponiya)

Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi?) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib.[1]

Edo dövründəMeyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.[1]

Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər. Mübahisələrin çoxu hökumət tərəfindən 1924-cü ildə qəbul edilmiş "kirayəçilik barışdırma sistemi" vasitəsilə kompromislə həll edilmişdir. Qalan mübahisələrin çoxu isə kirayəçi-fermerin xeyrinə başa çatmışdır.[1]

Kirayəçi-fermer mübahisələri müxtəlif cür şərh olunur. Kozaha iqtisadi məktəbinin baxış bucağına görə uzun müddət davam edən torpaq mülkiyyətçiliyi izlərinin müasir kirayəçi–mülkədar münasibətlərinə mənfi təsir göstərmişdi. Ronoha iqtisadi məktəbinin baxış bucağına görə isə feodal azlıqların kapitalist bazar iqtisadiyyatı tərəfindən sıxışdırılması müsbət olmayan nəticələr doğurmuşdu. Hər iki məktəb də kəndlilərin yoxsullaşmasının bu mübahisələrin yaranmasında əsas faktor olması barədə razılaşırlar.[1]

Mübahisələrə səbəb kimi başqa faktorlar da göstərilir.[2] Bu faktorlardan biri müasirləşmənin mülkədarlar və kirayəçi-fermerlər üzərindəki təsiridir.[2] Müasir mülkədarlar daha kapitalist olmuş, qeyri-kənd təsərrüfatı torpaqlarını investisiya üçün satmış və ənənəvi praktikalarını tərk etməyə başlamışdılar.[2] Kirayəçilər isə daha təşəbbüskar olmuşdurlar.[2] Daimi və daha sonra azalan kirayə haqqı sayəsində yeni toxumlar, alətlər və gübrələrdən istifadə olunmağa başlanmış, daha böyük məhsul müxtəlifliyinə maraq oyanmış və kirayəçi-fermerlərin gözləntiləri artmışdır.[2] Sosial aktivizm, kəndlilərin savadlanması, şəhər əməyi də mübahisələrin yaranma faktorları arasındadır.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. səh. 3-4. ISBN 0-87011-628-2. İstifadə tarixi: 23 iyul 2022.