Balina (ing. The Whale) — ssenarisi 2012-ci ildə yayımlanmış eyniadlı pyes əsasında[5] Semuel D. Hanter tərəfindən yazılmış ssenariyə uyğun olaraq Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş və 2022-ci ildə təqdim edilmiş ABŞ psixoloji dram filmidir. Filmdə əsas rollar Brendan Freyzer, Sadi Sink, Honq Çau, Tay Simpkins və Samanta Morton tərəfindən canlandırılmışdır. Film, yeniyetmə qızı ilə münasibətlərini bərpa etməyə çalışan köklükdən əziyyət çəkən ingilis dili müəlliminin həyatından bəhs edir.[6]
Balina | |
---|---|
ing. The Whale | |
| |
Janr | dram filmi |
Əsas mövzu | Köklük, Münasibət |
Rejissor | Darren Aronofski |
Prodüserlər |
Ceremi Douson Ari Hendel Darren Aronofski |
Ssenari müəllifi | Semuel D. Hanter |
Əsaslanır | Semuel D. Hanterin "Balina" pyesi |
Baş rollarda |
Brendan Freyzer Sadi Sink Honq Çau Tay Simpkins Samanta Morton |
Operator | Metyu Libatiq |
Bəstəkar | Rob Simonsen |
Montajçı | Endryu Veysblum |
İstehsalçı | Protozoa Pictures |
Distribütor | A24 |
İlk baxış tarixi | 4 sentyabr 2022 |
Yayımlanma yeri | Venesiya |
Müddət | 117 dəq.[1] |
Büdcə | $3 milyon [2] |
Gəlir | $28.4 milyon[3][4] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyuberq[d] |
IMDb | ID13833688 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin premyerası 4 sentyabr 2022-ci ildə 79-cu Venesiya Beynəlxalq Film Festivalında baş tutmuş, 9 dekabrdan filmin ABŞ-də məhdud yayımına başlanılmış, 21 dekabrdan isə A24 filmin geniş yayımına start vermişdir. Aktyor ifası, xüsusilə Freyzer və Çaunun performansı yüksək qiymətləndirilsə də, film tənqidçilərin fikirlərini iki hissəyə ayırmışdır.[7] 3 milyon ABŞ dolları büdcəsi olan film, yayım zamanı 42 milyon ABŞ dolları gəlir toplamışdır.
Filmdə canlandırdığı rola görə Brendan Freyzer Ən yaxşı kişi rolu nominasiyasında Oskar mükafatı, eyni zamanda Tənqidçilərin seçimi mükafatı və Ekran aktyorları gildiyasının mükafatını qazanmış, Qızıl qlobus və BAFTA mükafatlarına namizəd göstərilmişdir. "Balina" filmi həm də Ən yaxşı qrim və saç düzümü nominasiyasında Oskar mükafatı qazanmış, Ən yaxşı ikinci plan qadın roluna görə (Çau) isə Oskar mükafatına namizəd göstərilmişdir. Həmçinin "Balina" filmi Ən yaxşı teatral film nominasiyasında Amerika Prodüserlər Gildiyasının mükafatına namizəd göstərilmişdir.
Artıq çəkidən əziyyət çəkən və özünə qapalı insan olan ingilis dili müəllimi Çarli, kollecdə onlayn dərs deyir, lakin xarici görünüşündən utandığına görə həmişə kameranı sönülü saxlayır. Onun yeganə dostu və baxıcı tibb bacısı olan Liz, ciddi ürək çatışmazlığı riski olduğuna görə, Çarlini xəstəxanaya müraciət etmək üçün yola gətirməyə çalışır, lakin Çarli bu təklifdən imtina edərək, müalicədən yaranacaq maliyyə borcunu heç vaxt ödəyə bilməyəcəyindən qorxduğunu bildirir. Çarlinin ruhunu xilas etməyə çalışan "Yeni Həyat" kilsəsinin missioneri Tomas da, tez-tez onu ziyarət edir. Çarli tez-tez pizza sifariş edir və bu zaman həmişə eyni qaydaya riayət edir, kuryer xidmətini həyata keçirən Den çatdırılmanı qapıya edir və poçt qutusundan ödənişi götürür, bununla belə, onların münasibəti hal-əhval tutmaqdan artığa çatmır.
Çarli 8 yaşından bəri üzünü görmədiyi yeniyetmə qızı Elli ilə münasibətlərini bərpa etməyə çalışır. Buna görə də, anasının xəbəri olmadan hər günü onunla vaxt keçirməsi qarşılığında bank hesabında olan 120.000 ABŞ dollarını Elliyə verəcəyini vəd edir. Məktəb tapşırığını yazmağa kömək edəcəyini eşitdikdə, Elli yumşalır, lakin Çarli qızına qeyd dəftərçəsi verərək ondan da yazmasını tələb edir. Liz, Tomasın tez-tez Çarlinin yanına gəlməsindən narahat olur və onunla danışaraq, Çarlinin xilasa ehtiyacı olmadığını deyir. Liz deyir ki, "Yeni həyat"ın baş keşişinin qızıdır, dini günah hiss edərək intihar etməsindən sonra Çarlinin sarsılaraq həddən artıq yemək yeməyə başladığı sevgilisi Alan onun qardaşı olmuşdur. Lizin etirazına baxmayaraq, Tomas hələ də inanır ki, onun missiyası Çarliyə kömək etməkdir.
Frikadelli buterbrodla boğulduqdan sonra, Çarlinin səhhəti daha da pisləşir, buna görə də, Liz onun evdə hərəkətini asanlaşdırmaq üçün əlil arabası gətirir. Bir gün Elli, atası üçün hazırladığı buterbroda gizlincə yuxu dərmanı qatır. Çarli yuxuya getdikdən sonra Tomas gəlir, gənclər birlikdə marixuana çəkməyə başlayırlar və bu zaman Elli oğlanı sorğu-suala çəkir. Tomas etiraf edir ki, özünü qeyri-məmnun hiss etdiyinə görə gənclər qrupundan pul oğurlayaraq ailəsindən və mənsub olduğu kilsədən qaçmışdır. Elli bu zaman onun etirafını gizlincə telefona yazır. Liz, Çarlinin keçmiş həyat yoldaşı və Ellinin anası Merini evə dəvət edir və bu zaman Çarli və Ellinin gizlin görüşlərinin üstü açılır. Mübahisə zamanı, Liz bütün bu müddət ərzində aldadıldığını öyrənərək əsəbləşir və evdən gedir. Təklikdə qalan Meri və Çarli ailə münasibətlərinin dağılması və valideyn kimi uğursuz olmalarını müzakirə edirlər. Meri getməyə hazırlaşarkən, Çarli göz yaşları içində etiraf edir ki, Ellinin bir gün yaxşı insan olacağına və beləcə bütün ömrü boyu heç olmasa bircə dəfə yaxşı nəsə etmiş olacağına ümid etdiyini deyir.
Çarlini ilk dəfə görən kuryer Den, onun görünüşünə ikrah hissi ilə reaksiya verir. Bu görüş Çarliyə çox pis təsir edir və o, həddən artıq qida qəbul etməyə başlayır. Tələbələrinə qeyri-normativ leksika tərkibli mesaj göndərən Çarli, əla elmi işi kənara qoyub nəsə dürüst bir şey yazmağı xahiş edir. Çarlini sonuncu dəfə ziyarət edən Tomas, bildirir ki, Elli onun videoya çəkilmiş etirafını gənclər qrupuna və ailəsinə göndərib, ailəsi və qrup onu bağışlayaraq evə qayıtmasını xahiş ediblər. Tomas Çarlini sakitləşdirməyə çalışaraq onun ölümündə kilsənin yox, homoseksual olmasının günahkar olduğunu deyir. Növbəti dərs zamanı, Çarli xəbər verir ki, bir neçə şikayət əsasında onu başqa bir müəllimlə əvəz edəcəklər və bundan sonra təhvil aldığı işlərdən bir neçəsini oxuyur. Tələbələrin dürüstlüyünə cavab olaraq Çarli ilk dəfə kameranı yandırır və tələbələr heyrətə gəlirlər. Dərsini bitirən Çarli, noutbukunu soyuducuya tərəf ataraq sındırır.
Çarlini atdığına görə özünü günahlandıran Liz, onun yanına qayıdaraq ölümqabağı onu sakitləşdirməyə çalışır. Qəfildən atasının yanına gələn Elli köüçürülmüş ev tapşırığına görə onun üstünə qışqırır. Çarli deyir ki, onun köçürdüyü esse, əsalində Ellinin səkkiz yaşında ikən yazdığı Mobi-Dik haqqında essedir və o, bu esseni həyatı boyunca oxuduğu ən dürüst esse hesab edir. Çarli sonuncu dəfə qızı ilə barışmağa cəhd edərək, göz yaşları içində olan Elli atasına məzəmmət edir. Çarli ayağa duraraq kənar kömək olmadan qızına doğru irəliləməyə çalışır və bu zaman Elli könülsüz şəkildə esseni oxuyur. Elli oxumağı bitirdikdə Çarli ağ işıqlar içində yoxa çıxmağa başlayır. Sonuncu kadr ailənin birlikdə dəniz kənarına səyahətini göstərir.
Aronofski deyir ki, on ildən artıq müddətdə filmi çəkmək istəsə də, hər nə qədər axtarsa da, Çarlini canlandıracaq uyğun aktyor tapa bilmədiyinə görə, istədiyini edə bilmirdi. 2006-cı ildə təqdim edilmiş "Gecənin sərhəddinə səyahət" filmindən Brendan Freyzerin aktyor ifasını gördükdən sonra, rejissor qərara gəlir ki, Freyzer yaxşı seçim ola bilər.[8]
Orijinal tamaşa ilk dəfə 2009-cu ildə səhnələşdirilmiş, lakin 2016-cı ildə yenilənmişdir, çünki, Hanter hadisələri ciddi "seysmik dəyişikliklər"dən əvvəl baş vermiş kimi göstərmək istəyirdi, bu həm də tamaşada hadisələrin COVID-19 pandemiyasından əvvəl baş verdiyini göstərir.[9] Orijinal tamaşada Tomas yevangelik xristian-missioner deyil, missioner-mormondur.[9] Orijinal tamaşada Liz adlı personajın etnik məncubiyyəti və ya irqi göstərilməmişdir.[10] Personajı canlandırmaq üçün filmə seçilmiş aktrisa Çau isə Asiya mənşəlidir. Çau bildirir ki, ssenaridə Lizin təsviri onun baxımsız xarici görünüşü və xarakterinə uyğun tatulara malik olmasından ibarət idi.[11]
11 yanvar 2021-ci ildə A24 şirkətinin Darren Aronofski tərəfindən çəkiləcək və baş rolda Brendan Freyzerin rol alacağı "Balina" filminin qlobal yayım hüququnu əldə etdiyi xəbər verilir.[12][13][14] Həmin ilin fevral ayında[15] Honq Çau, Sadi Sink və Samanta Morton, mart ayında[16] isə Tay Simpkins filmin aktyor heyətinə qoşulur. İstehsal prosesi zamanı naməlum vaxtda filmin aktyor heyətinə Satya Şridharan da qoşulur.[17]
Daha əvvəl film Tom Fordun rejissorluğu ilə çəkilməli, əsas rolu isə Ceyms Korden canlandırmalı idi, lakin Ford fikir ayrılığına görə layihəni tərk etmişdi. Daha sonra qısa müddət Corc Kluni filmi çəkmək haqqında düşünmüş, lakin tezliklə layihəni tərk etmişdi.[18]
Filmin əsas çəkilişləri 2021-ci ilin 8 martından 7 aprel tarixinə kimi Nyu-York ştatının Nyuburq şəhərində keçirilmişdir. Həmin il aprelin sonlarında filmin post-prodakşn işləri başlamışdır.[19][20]
Filmdə canlandırdığı rola hazırlaşmaq üçün, Freyzer, 136 kq (300 ft) ağırlığında olan protezin bədəninə quraşdırılmasına hər gün 4 saat vaxt sərf etmişdir. Çəkilişlərə başlamazdan əvvəl, Freyzer Yağlanmaya qarşı mübarizə koalisiyası ilə məsləhətləşmələr aparmış, artıq çəkidən əziyyət çəkən personajın necə hərəkət edəcəyini müəyyənləşdirmək üçün isə, çəkilişlərin başlamasından bir neçə ay əvvəl rəqs instruktoru ilə məşqlərə başlamışdır.[21]
Hanter bildirir ki, izləyici final səhnədə Çarlinin həqiqətən yeriməyə başladığını, yoxsa nəhayət ki, azad olduğunu özü müəyyənləşdirməlidir.[22] Sink, canlandırdığı personajı təsvir edərkən qeyd edir ki, onun personajı psixoloji zədəyə malikdir və Çarli, yalnız Elli ilə aralarında olan baryerin arasından qızına boylana bilir.[23]