Krumlov qəsri

Krumlov qəsri və ya Çeski Krumlov qəsri (çex. Zámek Český Krumlov) — Çexiyanın Cənubi Bohemiya vilayətində, Praqadan 170 km cənub-qərbdə yerləşən qəsr. Öz böyüklüyünə görə, Praqa qəsrindən sonra Çexiyada 2-ci sayılır.

Krumlov qəsri
Hrad a zámek Český Krumlov
Xəritə
48°48′45″ şm. e. 14°18′55″ ş. u.HGYO
Ölkə  Çexiya
Şəhər Çeski Krumlov
Yerləşir Çeski Krumlov[1]
Tikilmə tarixi 1242
Üslubu İntibah memarlığı, barokko memarlığı, qotika
Rəsmi sayt zamek-ceskykrumlov.cz
zamek-ceskykrumlov.cz/en
TipiMədəni
Kriteriyavi
Təyin edilib1992
İstinad nöm.617
DövlətÇexiya
RegionAvropa
İstinad nöm.3-874
Krumlov qəsri (Çexiya)
Krumlov qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Krumlov qəsri, rəssam Bedrjix Havranek (1821-1899)

Qəsr çox güman ki, Krumlovlu Vitkoviçlər sülaləsindən olan feodal II Böyük Vitek tərəfindən salınmışdır. Krumlov qəsri haqqda ilk yazılı qeyd 1240-cı ilə təsadüf edir. 1253-cü ildə isə qəsr əsaslı şəkildə rekonstruksiya edilmişdi. 1274-cü ildə onun ətrafında Çeski Krumlov şəhərinin əsası qoyulmuşdur.

1302-ci ilin başlaması ilə əlaqədar qəsr bütün vərəsəlik hüquqları ilə Krumlovlu Vitkoviç sülaləsindən miras şəklində Rojmberkli (Rozenberqli) Vitkoviçlərin istifadəsinə verilmişdir. I Yindrjix Rozenberq sülaləsindən olan qəsrin ilk sahibi idi; məhz onun dövründə Aşağı qəsr genişləndirilmişdir. Onun oğlu Rojmberkli I Pyotr († 1347) Yuxarı qəsri inşa etdirmişdir, Rojmberkli II Oldrjix isə onu yenidən qurmuşdur. Krumlov qəsri 1602-ci ilə qədər, yəni düz 300 il Rozenberq sülaləsinin şəxsi mülkiyyəti olaraq qalmışdır. İnadcıl Rozenberqlər hətta Qusçular hərəkatı zamanında belə qəsri öz əmlakları kimi qoruyub saxlaya bilmişdirlər. Bundan əlavə bu vaxt onlar qəsr ərazisinə yeni iri torpaq massivlərini əldə edərək onu daha da genişləndirmişdirlər. Rojmberkli pan Vilemin və xüsusilə də onun qardaşı Pyotr Vokun həkimiyyəti dövründə, onların uğursuz siyasi oyunları bir nəticə olaraq, Rojmberk ailəsini müflisliyə qətirib çıxarır; onların dövlətə olan borcları o qədər artmışdır ki, Pyotr Vok Krumlov sonda öz qəsrini kral II Rudolfa satmaq məcburiyyətində qalır.

Daha 20 ildən sonra, 1622-ci ildə imperator II Ferdinand qəsri Krumlov Hersoqu titulu ilə birlikdə avstriyalı knyaz nümayəndələrindən olan Yan Oldrjix Eggenberqin mülkiyyətinə vermişdir. XVII əsrin ikinci yarısında Yan Kristian Eggenberq qəsrdə bir sıra təmir işləri görmüşdür, bu da ona barokko dövrünün prezentabelli iqamətgah görünüşünü vermişdir. Həmçinin qəsrin içərisində taxta teatr da tikilmişdir.

Eggenberq sülaləsi tezliklə sönərək yox olur və 1719-cu ildə bir zamanlar möhtəşəm sülalənin bütün mülkiyyətləri və titulları Şvartsenberq knyaz sülaləsinin mülkiyyətinə daxil edilmişdir. Yozef Adam Şvartsenberq böyük miqyasda rekonstruksiya işləri görür, bunun nəticəsində qəsr Vyana barokkosu üslubunda yenidən qurulmuşdur[2].

1947-ci ildə Krumlov qəsri bölgə mülkiyyətinə, bir müddət sonra isə Çexoslovakiyanın mülkiyyətinə verilmişdir[3]. 1992-ci ildə bütün tarixi kompleks UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Qəsrin təsviri, onun memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Yuxarı qəsrin həyəti.

Qəsr Vltava çayı ilə yuyulan dik qayalıq burun üzərində yerləşir. Qəsrə yol Müqəddəs Məryəm və Müqəddəs Yozefin heykəlləri ilə bəzədilmiş daş körpünün vasitəsilə keçir. Mövcud olduğu müddət ərzində qalanın xarici görünüşünə intibah və barokko üslubları əlavə edilərək bir neçə dəfə yenidən qurulmuşdu. Qəsr şimal tərəfdən planda düzbucaq şəklindədir, cənub tərəfində yerləşən tövlələr intibah üslubunda inşa olunub, duz anbarı və daş fəvvarə isə XV əsrin ortalarında tikilib. Ayı çuxuru üzərində yerləşən körpü Aşağı qəsrə gətirib çıxarır; onun sol (cənub) tərəfində qəsrin ən qədim hissəsi sayılan "Kiçik qala" yerləşir. Burada intibah dövrünə aid çox sayda rəsm əsərləri ilə bəzədilmiş və XIII əsrə inşa olunmuş qülləli köhnə saray yerləşir. Saray qülləsindən şəhərə gözəl mənzərə açılır. Şərq və şimal tərəfdə Aşağı qəsrin böyük həyəti və həmçinin 1578-ci ildə inşa olunmuş qraf palataları yerləşir. Qəsrin cənub qanadında sikkəxana, qərbində isə qotik qülləni görmək olar. Kiçik sarayın bütün fasadı intibah dövrünə aid sqrafitto və barokko üslublu freskalarla bəzədilmişdi. Saray həyətinin mərkəzində 1641-ci ildə tikilmiş daş fəvvarə yerləşir.

Aşağı qəsrdən Yuxarı qəsrə artıq başqa körpü aparır, elə həmin körpünün yanında 2 kiçik həyətli Rozenberqlərin sarayı yerləşir. Onun şərq qanadının birinci mərtəbəsində Rozenberqlərin yataq və istirahət otaqları vardı. Bu otaqların taxta tavanları intibah dövrü üslubunda hazırlanmışdı, onun interyerini isə kiçik sayda rəsm əsərləri və Brüssel şəhərindən olan çox incə və nəfis Flamand qobelenləri bəzəyir. Qəsrin cənub qanadında müqəddəs Yirji kapellası yerləşir. XIV əsrin kapellası əvvəllər qotik üslubda inşa olunmuşdu və daha sonralar barokko tərtzində yenidən qurulmuşdu. Qərb qanadındakı və Yozef Ledererin divar rəsmləri ilə bəzədilmiş Maskarad salonu qəsrin ən mühüm abidələrindəndi.

Qərb tərəfdə teatr ilə Yuxarı qəsri birləşdirən və dərin xəndək üzərindən salınmış qəsrin ən unikal abidəsi - Plaş körpüsü yerləşir. Üstüörtülü körpünün iki üst mərtəbəsi özündə saray dəhlizlərini və teatr bağlarını təşkil edir. Körpünün parapetindəki Paduanlı Antoninin, Kantaliçli Feliksin, Nepomutslu Yan və Vatslavın heykəlləri qəsr muzeyində nümayiş olunan heykəllərin surətləridir. Qərb istiqamətinə yönəldikdə atçılıq məktəbini və barokko üslublu parkı və XVIII əsrə aid kaskadlı fəvvarə görmək olar (parkın ərazisi 11 hektara yaxındı). Fəvvarənin ən yuxarı hissəsinə tritonlu Amfitritanın heykəli quraşdırılmışdı. Ondan aşağıda Neptunun önündə isə Nimfaların heykəllərini görmək olar. Fəvvarənin ballüstradası fəsillərin rəmzləri sayılan daş vazalar və heykəlciklərlə bəzədilmişdi. Parkın şimal tərəfində freskalarla bəzədilmiş XVIII əsrdə aid pavilyon yerləşir. XIX əsrdə parkın planlaşdırılması dəyişdirilmişdir və bunun nəticəsində klassik ingilis bağı yaranmışdı. Son illərdə başlanılmış bərpa işləri parka əvvəlki rokoko elementlərini qaytarmışdı. Saray parkının ən görkəmli abidəsi Bellariya - rokoko üslubunda 1757-ci ildə inşa edilmiş Yay Sarayı sayılır.

Yay festivalının keçirilməsi zamanı teatr auditoriyası üçün açıq pavilyonlar inşa olunmuşdu.

Qəsrin qaya üzərindəki həddindən artıq qəliz yerdə yerləşməsi səbəbindən, daxili odalara elektrik şəbəkəsi çəkilməyib.

Barokko üslublu qəsr teatrı

[redaktə | mənbəni redaktə et]

Dünya əhəmiyyətli abidə olan qəsr teatrı Krumlov qəsrinin ən görməli yeri sayılır. Bu Avropanın ilk barokko dövrünə aid qəsr teatrıdır. Öz orijinal forması qoruyub saxlayan və ən son texniki qurğu və avadanlıqlarla təchiz olmuş teatrın səhnəsi barokko üslubunun ən unikal nümunələrindən biri sayılır. Teatrda həmçinin o zamanlara aid səhnə qeyimləri, dekorasiya və digər rekvizitlər qorunub saxlanılmışdı. Teatrın tamaşaçı zalı süni yaradılmış işıqlandırmadan istifadə edərək kölgə imitasiyası yaradır. Salonun günbəzindəki rəsmlər tanrı və mifik heyvanlarla dolu gündüz və gecə səmasını təsvir edir. Səhnənin altında kulis və pərdələri idarə etmək məqsədilə maşin zalı yerləşir. Orkestr çuxuru üz-üzə oturan, iki qrup orkestr üçün hazırlanmışdı - qrupun birisi saray teatrın aktyorları üçün, digəri isə teatra gələn tamaşaçılar üçün oynayır.

Krumlov qəsrinin teatrı barədə ilk qeydlər XV əsrin sonuna aiddir. 1675-ci ildə qəsr zallarında teatr səhnəsi təşkil edilmiş və 1691-ci ilə qədər fəaliyyət göstərən peşəkar aktyor truppası, cəlb edilmişdi. Teatrın repertuarına Lope de Veqa, Vilyam Şekspir, Molyer, Jan Rasin, Kalderon de la Barka, Pyer Kornel kimi müəlliflərin əsərləri daxil edilmişdi. 1682-ci ildə, knyaz Kristian Eggenberqin əmri ilə, teatr üçün ayrıca bina inşa edilmişdir. Tikilinin layihəsi italiyalı memarlar Yakopo de Maci və Pyetro Spinetti tərəfindən hazırlanmışdı. Krumlov teatrını yalnız İsveç Kral teatrı ilə müqayisə etmək olar, lakin buna baxmyaraq İsveç teatrının bütün dekorasiyaları klassisizm xüsusiyyətlərinə malikdir[4].

XVIII əsrin ikinci yarısında, 1766-cı ildə Yozef Adam Şvartsenberqin əmri ilə teatr binasında böyük miqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Teatr dekorasiyaları üçün unikal dəst yaradılmışdır. O dövrdə, onun repertuarına opera, balet və dram daxil idi. XIX əsrdə tamaşalar yalnız təsadüfi hallarda səhnələşdirilirdi və 1898-ci ildə teatr təhlükəsizlik səbəblərdən bağlanılmışdı.

1966-cı ildə teatr binasının və avadanlıqların təhlükəli vəziyyətə düşməsi səbəbindən, bu günə kimi davam edən bərpa işlərinə start verilmişdi. Hazırda bərpa işlərinin artıq 95%-dən çoxu tamamlanıb və bu da turistlərin muzey kimi bu gün istifadə olunan barokko qəsr teatrına ziyarət üçün imkan yaradır.

  • E. Poche (red.), Umělecké památky Čech 1. Praha: Academia 1977, str. 214-218
  1. Památkový katalog NPÚ.
  2. "Státní hrad a zámek Český Krumlov web pages". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  3. "History of Český Krumlov castle". 2013-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  4. "Барочный дворцовый театр Чешский Крумлов, Чехия". 2013-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]