Kulturkampf[1] (alm. Kulturkampf — "mədəniyyət uğrunda mübarizə") — kansler Otto fon Bismarkın başçılığı ilə Almaniya imperiyası hökumətinin Roma-Katolik kilsəsi üzərində nəzarəti bərqərar etmək uğrunda kəskin mübarizə dövrü.
Bu termini ilk dəfə Prussiya dövlət xadimi və alim Rudolf Virxov 1873-cü ildə işlətmişdir.
Almaniyanın birləşdirilməsi nəticəsində vahid ölkədə müxtəlif mədəniyyətlərə sahib, fərqli dinlərə sitayiş edən, bəzən isə bir-biri ilə mübarizə aparan böyük icmalar yarandı. Katoliklər isə əsasən Almaniyanın yeni, cənub vilayətlərində (Bavariyada) yaşayırdılar. Onlar ümumən Almaniya imperiyasının əhalisinin üçdə birini təşkil edirdilər. Dövlət qarşısında birləşmiş Almaniyada böyük icmaya malik katolik kilsəsi ilə münasibətlər məsələsi çox ciddi şəkildə gündəmə gəldi. Bu zəmində Bismarkın Almaniyanın vahid mədəniyyəti uğrunda mübarizəsi başlayır.
Prussiya ənənəvi olaraq protestant bölgəsi idi. Ancaq çoxsaylı katolok icması vahid dövlətə narahatlıq yaradırdı. Eyni zamanda onlar arasında da yekdillik yox idi. Məsələn, "əvvəlki katoliklər" adlanan icma Vatikanın Papanın müqəddəsliyi barədə qərarını qəbul etmir və bunun özü də Almaniya-Vatikan münasibətlərinə gərginlik yaradırdı. 1864-cü ildə Papa IX Piy katoliklərə antiliberal əhval-ruhiyyəli müraciət göndərir, 1870-ci ildə isə Papanın Vatikan Sinodu Papanın müqəddəsliyi barədə qərar qəbul edir. Bismark ehtiyat edirdi ki, bununla da indiki və sonrakı papalar Avropa ölkələrinin daxili işlərinə qarışmağa çalışacaqlar. Buna görə də o digər Avropa hökumətləri ilə Papa seçkilərinə təsir imkanlarını müzakirə edirdi. Bir çox Avropa ölkələri bunu başa düşür və öz katolik kardinalları vasitəsi ilə bu məsələni nəzarətdə saxlamağa çalışırdılar.[2]
1870-ci ildə reyxstaqda mərkəzi katolik partiya olan güclü müxalifət yaranır. Müxalifət öz cərgələrinə milli azlıqların nümayəndələrini də cəlb edə bilir. Bismark olara müqavimət üçün o dövrdə reyxstaqda çoxluq təşkil edən milli-liberallarla yaxınlaşır. Bu partiyanın yaradıcısı burjuaziya ideologiyasının tərəfdarı və yəhudilərə tam iqtisadi azadlıq tələb edən Eduard Lasker idi. Kansler parlamentdə çıxışı zamanı bildirirdi ki, hətta tam həmrəylik olmayan partiyalarla belə ittifaqa getmək olar.[3]
Bismark Kulturkampf adı ilə tanınan antikatolik mübarizəsini başlayır. 1871-ci ildə Prussiya mədəniyyət nazirliyinin katolik departamenti ləğv edilir, 1873-cü ildə isə ölkədə katolik kilsəsinin nüfuzunu məhdudlaşdıran bir sıra qanunlar qəbul edilir. 1875-ci ildə kəbinlərin kəsilməsi kilsələrdən alınaraq dövlət orqanlarına verilir. Ancaq bu addımlar gözlənilənin əksinə olaraq katolik kilsəsinin mövqeyini daha da gücləndirir, ona görə də 1878-ci ildə Bismark Kulturkampf ideyasından əl çəkməli olur. Həmin ildə Papa IX Piy vəfat edir. Onun yerinə seçilən Papa XIII Lev daha praqmatik mövqe tutur və Bismarkla yaxşı münasibətlər qurmağa nail olur.[4][5]
Kulturkampf kampaniyası Bismarka ancaq bir müddətə siyasi stabillik gətirə bildi. İctimai fikir bu kampaniyanı müdafiə edən milli-liberalların əleyhinə yönəlir. Bu situasiyadan istifadə edərək Bismark onlardan uzaqlaşır. O 1879-cu ildə alman kənd təsərrüfatını və sənayesini xarici rəqiblərdən qorumaq üçün tarifləri qaldırır və bununla da parlamentdə mühafizəkar fraksiyaya yaxınlaşır.[6]