Mədəniyyət müharibəsi — istifadə edildiyi ərazi və tarixdən asılı olaraq, fərqli mənalara sahib termin. İlkin olaraq, termin Qərb dünyasında ənənəçi, klassik liberal və ya mühafizəkar dəyərlər ilə sosial-demokrat, tərəqqipərvər və ya sosial liberal dəyərlər arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibələri bütün dünya cəmiyyətlərində tarix, elm və digər mövzular üzrə debatlara səbəb olmuşdur.
Mədəniyyət müharibəsi termini Kanadada Qərbi və Şərqi Kanada, şəhər və şəhərətrafı ərazilərdə, mühafizəkarlıq və liberallıq arasındakı fərqliliyi təsvir etmək üçün istifadə edilir. Ölkələdə fransızdilli və ingilisdilli əhalinin bölünməsi də Kanada cəmiyyətinin inteqral hissəsi idi.
Mədəniyyət müharibəsi termini alman dilindəki Kulturkampf (azərb. Mədəni mübarizə) sözünün hərfi tərcüməsidir (kalka). Kulturkampf sözü 1871-ci ildən 1878-ci ilə qədər davam edən Almaniya imperiyasının kansleri Otto fon Bismark rəhbərliyindəki mədəni və dini qruplar ilə Roma Katolik Kilsəsi arasındakı münaqişəyə aid edilir.[1] Mədəniyyət müharibəsi sözünün ingilis dilindəki hərfi tərcüməsi – Culture war termini dövrün ABŞ qəzetlərində nəşr olunmuşdur.[2]