Kurisu Makise

Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu?)5pb.Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir.[3] Okabe onu tez-tez Kristina deyə çağırır.

Kurisu Makise
Orijinal oyundan görünüşü.
Franşiz(lər)"Science Adventure"
Yayın tarixi"Steins;Gate" (2009)
Yaradan5pb. və Nitroplus
Səsləndirənyaponca: Asami İmay
ingiliscə: Trina Nişimura[1]
Profil
Doğum tarixi25 iyul 1992[2]
Ləqəb(lər)iKristina
KomandalarıGələcəyin Alətləri Laboratoriyası
Lab. nömrəsi004

Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır.

Kurisu vizual romanla yanaşı manqa, ranobeanime adaptasiyalarında, eləcə də, 5pb.Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır. Anime serialında və videooyunda onu Asami İmay səsləndirmişdir.[1]

Hekayə[redaktə | mənbəni redaktə et]

Steins;Gate[redaktə | mənbəni redaktə et]

28 iyul 2010-cu ildə bir konfrans üçün Radio Kaykan binasına gələn Rintaro Okabe tanınmış gənc alim Kurisu Makisenin öldüyünü görür və bu barədə dostu Haşida İtaruya mesaj göndərir. Mesajı göndərəndə qəribə fenomenə məruz qalan Okabe növbəti gün Kurisunun sağ olduğunu görüb təəccüblənir. Okabenin nə dediyini başa düşməyən Kurisu onun laboratoriyasına yollanır və öyrənir ki, Okabe təsadüfən keçmişə mesaj göndərə bilən bir cihaz ixtira edib. Kurisu və digər laboratoriya üzvləri tezliklə öyrənirlər ki, zaman maşını ixtira etməyə çalışan SERN təşkilatı bir neçə dəfə keçmişə insan göndərməyə çalışsa da, uğursuz olub. Rintaro keçmişə mesaj göndərmək təcrübələrinə başlamaq qərarını verəndə Kurisu buna tərəddüdlə yanaşır, lakin laboratoriyanın 4 nömrəli üzvü olaraq ona kömək etməyə başlayır. Hətta keçmişə göndərilən mesajları D-poçt adlandırmağı o təklif edir.[4]

Tezliklə Kurisu xatirələri və şüuru keçmişə göndərmək üçün zamanda sıçrama cihazını ixtira edir. Cihazı sınaqdan keçirməzdən öncə məlum olur ki, Kurisunun atası ilə münasibətləri pisdir və Okabe vəziyyəti düzəltməkdə kömək edəcəyi barədə ona söz verir. Mayurinin öldürülməsindən sonra Okabe cihazdan istifadə etməli olur, lakin hər cəhdində uğursuz olur. Okabe məcbur qalıb Kurisuya dəfələrdə zamanda geriyə sıçradığını və Mayurinin öldüyünü açıqlayır. Bu zaman Suzuha onlara yaxınlaşıb gələcəkdən gəldiyini və Kurisunun gələcəkdə SERN üçün işlədiyini bildirir. Məlum olur ki, Mayurini xilas etməyin yeganə yolu göndərilən D-poçtların hamısını geri qaytarmaq və beləcə, Alfa dünya xəttindən Beta dünya xəttinə keçməkdir.[4]

Kurisu Okabeyə D-poçtların geri qaytarılmasında böyük kömək göstərir, lakin sonuncu D-poçtu geri qaytarmazdan qabaq Okabe başa düşür ki, Beta dünya xəttinə keçsə, Kurisunun öldüyü dünya xəttində olacaq. Kurisu ona Mayurini xilas etməyin daha vacib olduğunu başa salır, Okabe isə ona sevgisini etiraf edir. Okabe sonuncu D-poçtu geri qaytarıb Beta dünya xəttinə keçir. Okabe Suzuhanın zaman maşını ilə keçmişə qayıdıb Kurisunu xilas etməyə çalışır. Əvvəlcə uğursuz olsa da, 2025-ci ildəki Okabenin göndərdiyi mesajın köməkliyi ilə Kurisunu ölmüş kimi göstərir və öz keçmiş halını aldadır. Beləcə, Kurisunun yaşadığı Ştayns Qeyt dünya xəttinə keçid etməyə nail olur.[4]

Steins;Gate: Load Region of Déjà Vu[redaktə | mənbəni redaktə et]

Asami İmay
Trina Nişimura
Kurisunu səsləndirənlər: Asami İmay (yapon) və Trina Nişimura (ingilis).

Əsas hadisələrdən bir il sonra – 3 avqust 2011-ci ildə Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən görüşür. Növbəti gün Kurisunun qaldığı otelə müəmmalı şəxs daxil olur, ona üç şeyi unutmamasını deyir: mobil telefonu, mikrodalğalı sobanı və SERN-i. Daha sonra Kurisu Okabeyə "Reading Steiner" gücünə oxşar dejavülər gördüyünü deyir, əvvəlki dünya xətlərindən bir neçə şeyi xatırladığını deyir. Bu zaman Okabe onun gözünün qabağında qəflətən yoxa çıxır. Bundan əlavə, hər kəs Okabenin varlığını unudur, amma Kurisu hansısa şəxs haqqında zəif xatirələrini qoruyur.[5]

1 həftə sonra Kurisu Okabenin arxasınca buraxdığı çəngəli tapır, onun dediyi qəribə sözləri xatırlayır. Daru səbəbsiz yerə zamanda sıçrama alətini düzəldir. Kurisu bu alətlə zamanda sıçrayaraq 3 avqust gecəsinə yollanır. Orada Okabenin yoxa çıxdığını xatırlayır. Kurisu gələcəkdən gəlmiş Suzuha Amane ilə rastlaşır. Suzuha onlara başa salır ki, Okabe müxtəlif dünya xətlərini ziyarət etdiyindən onun Reading Steiner-i həddən artıq yüklənib. Okabeni xilas etməyin yeganə yolu zaman maşını ilə keçmişə səyahət etməkdir, amma Okabe bunu rədd edir. Okabe Kurisudan onu unutmasını xahiş edir və onu öpərək yoxa çıxır.[5]

Okabenin yoxa çıxdığı günün ertəsi Kurisudan başqa heç kim onu xatırlamır. Kurisu onun arzusunu yerinə yetirərək onu unutmağa çalışır. Suzuha yenə Kurisu ilə görüşür, Kurisuya hislərinin səmimi olmadığını bildirir, amma sonda onu zaman maşınına minməyə razı salır. O, Okabeni Ştayns Qeyt dünya xəttində saxlamaq üçün ona güclü xatirə yerləşdirməlidir. Kurisu əvvəlcə uğursuz olsa da, növbəti cəhdində ona ilk öpüşü verir. Bu, gənc Okabeyə Mayurini qorumaq üçün "çılğın alim" şəxsiyyətini qazandırır. Kurisu Okabenin yanına gələrək onu Ştayns Qeyt dünya xəttinə qaytarır.[5]

Steins;Gate 0[redaktə | mənbəni redaktə et]

Hadisələr Okabenin Kurisunu xilas edə bilmədiyi alternativ gələcəkdə baş verir. Bu gələcəkdə Kurisu ölü olsa da, onun xatirələri əsasında onun kimi davranan və düşünən Amadeus adlı süni intellekt yaradılıb. Okabe Amadeus vasitəsilə "Kurisu" ilə əlaqə saxlayır və ondan kömək alır.[6]

Hekayənin gedişində Okabe qısamüddətli olaraq Alfa dünya xəttinə qayıdır və burada hələ də həyatda olan Kurisu ilə qarşılaşır. Məlum olur ki, Beta dünya xəttində Okabe sonuncu D-poçtu geri qaytarmadığı üçün Kurisu yaşayır. Kurisu onun Beta dünya xəttindən gəldiyini başa düşür və keçmişə D-poçt göndərərək Okabeni Beta dünya xəttinə qaytarır. Okabe RusiyaABŞ-nin zaman maşını düzəltmək üçün Kurisunun yaddaş datasını axtardığını öyrənir. Buna görə də Amadeus ondan onu yox etməsini istəyir. Okabe istəməsə də, onun istəyini yerinə yetirməli olur.[6]

15 ildən sonra – 2025-ci ildə Okabe 2010-cu ildəki halına Kurisunu necə xilas edə biləcəyi haqqında mesaj yollayır, beləcə, Kurisunun yaşadığı Ştayns Qeyt dünya xəttinin yaranmasında iştirak edir.[6]

Profil[redaktə | mənbəni redaktə et]

Kurisu Makise kospleyi.

Görünüş[redaktə | mənbəni redaktə et]

Kurisu tünd qırmızı saçlı, tutqun bənövşəyi gözlüdür. Saçının rəngi bəzən qırmızı, bəzən isə şabalıdı rəngində olduğu təsəvvürünü verir. Adındakı "Kuri" sözü yapon dilində "şabalıd" deməkdir və buna görə də saçının rənginin şabalıdı olduğunu demək səhv deyil. Kurisu saçlarını yığmamağa üstünlük verir.

Kurisu dəblə maraqlanır. Əsasən qara rəngli şalvar və ağ köynək geyinməyə üstünlük verir. Qızıl toqqalı ağ kəmərdən istifadə edir. Qırmızı qalstuku ona bir az səliqəsiz görünüş verir. Ağ köynəyinin üzərindən xaki jaketi geyinir. Qara çəkmələrdən istifadə edir, çəkmələrinin sep-düyməsi qismən açıqdır.

Kurisu laboratoriya üzvü olduqdan sonra Okabe ona laboratoriya önlüyü vermişdir və ona görə də bəzən onu laboratoriya önlüyündə görmək olar.

Şəxsiyyət[redaktə | mənbəni redaktə et]

Kurisu Makise kamil və açıqfikirli şəxsiyyətə malikdir. Hətta onun qarşısında kimsə özündən çıxsa da belə, sakit və səbirli olmağa çalışır, amma bəzən öz utancaq və çəkingən tərəfini də nümayiş etdirir. Rintaro Okabe və İtaru Haşida dəfələrlə və dəfələrlə onu tsundere adlandırırlar, amma Kurisu təkidlə tsundere olmadığını bildirir.[7]

Kurisu tez-tez rişxəndlə danışır, bunun səbəbi Okabenin "çılğın alim" şıltaqlıqlarından acıqlanmasıdır. Kurisu kimsənin ona ləqəb taxmasından nifrət edir, Okabenin ona taxdığı ləqəblər onun əsəbləri ilə oynayır. Ən çox Okabe onu "Zombi" deyə çağıranda hirslənir. İstehzayana, Okabe nadir hallarda ona əsl adı ilə xitab edir. Okabe ona əsl adı ilə xitab edəndə, hansısa pis hadisənin baş verdiyini düşünür.

Gəncliyində əldə etdiyi uğurlara baxmayaraq Kurisu özünü ondan yaxşı hesab şəxslərə qısqanclıqla yanaşır. Buna görə də onun bu həssaslığını gizlədən "ağızbüzüşdürən" şəxsiyyətinə bürünüb. Qəlbində isə Kurisu hər şeylə maraqlanan qızdır, elmlə dərindən maraqlanır, maraqlı təcrübələrə qatılmaqdan özünü saxlaya bilmir.

Qəbul[redaktə | mənbəni redaktə et]

RiceDigital Okabe və Kurisu cütlüyünü vizual romanlarda ən yaxşı romantik cütlüklərdən biri adlandırmışdır..[8] Screen Rant onların münasibətini "animelərdə ən yaxşı 10 platonik münasibətdən biri" adlandırmışdır.[9] THEM Anime Reviews saytı Kurisunun ayrılıqda cəlbedici personaj olmadığını, lakin Okabe ilə birlikdə "əla kimya" yaratdığını qeyd etmişdir.[10]

Comic Book Resources Kurisunu "Ən yaxşı anime vayfuları" siyahısında 13-cü yerdə göstərmişdir.[11] 2013-cü ildə Biglobe tərəfindən keçirilmiş "Ən yaxşı ixtiraçı anime personajları" sorğusunda Kurisu 17-ci yerdə göstərilmişdir.[12] Biglobe tərəfindən 2012-ci ildə keçirilmiş başqa bir sorğuda Kurisu 17-ci ən yaxşı tsundere personajı seçilmişdir.[13] 2014-cü ildə Charapedia tərəfindən keçirilmiş "Ən yaxşı tsundere anime qızları" isə sorğusunda Kurisu 19-cu yeri tutmuşdur.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Behind the voice actors. "KURISU MAKISE" (ingilis). 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2016.
  2. "Happy Birthday to Steins;Gate's Kurisu Makise!". Crunchyroll (ingiliscə). 25 iyul 2012. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  3. Anime Characters DB. "Kurisu Makise" (ingilis). 2017-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2016.
  4. 1 2 3 Hiroşi Hamasaki, Takuya Sato (rejissorlar). Steins;Gate (anime serialı). White Fox. 2011.
  5. 1 2 3 Kanci Vakabayaşi (rejissor). Steins;Gate: Load Region of Déjà Vu (anime filmi). White Fox. 2013.
  6. 1 2 3 Keniçi Kavamura (rejissor). Steins;Gate 0 (anime serialı). White Fox. 2018.
  7. The Visual Novel Database. "Makise Kurisu (牧瀬 紅莉栖)" (ingilis). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2016.
  8. "Our 10 favourite visual novel couples". RiceDigital. 13 October 2020. 17 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2021.
  9. "The 10 Best Platonic Relationships In Anime". Screen Rant (ingiliscə). 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  10. "Steins;Gate". THEM Anime Reviews (ingiliscə). 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  11. "25 Best Anime Waifus Of All Time, Ranked". Comic Book Resources (ingiliscə). 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  12. "Otaku Pick Anime's Greatest Genius Inventors". Chrunchyroll (ingilis). 7 aprel 2013. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  13. "POLL: Japanese Fans Name Their Favorite Tsundere Characters". Chrunchyroll (ingiliscə). 2 may 2012. 19 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
  14. "10,000 Votes Cast in Favorite Tsundere Anime Girl Poll". Crunchroll (ingiliscə). 19 iyul 2014. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.