Kusakabe Kimbey

Kusakabe Kimbey (日下部 金兵衛?, 1841, Kofu1934, Kobe)Yaponiya fotoqrafı. 1880-ci illərdə Yokohamanın tanınmış fotoqraflarından biri idi. Onun fotoları Qərb dünyasında daha çox tanınır.

Kusakabe Kimbey
yap. 日下部金兵衛
Doğum tarixi 27 noyabr 1841(1841-11-27)[1], 24 noyabr 1841(1841-11-24) və ya 15 oktyabr 1841(1841-10-15)[2]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1934(1934-04-19)[2][1] (92 yaşında) və ya 19 aprel 1932(1932-04-19) (90 yaşında)
Vəfat yeri
Fəaliyyəti fotoqraf
Fəaliyyət illəri 1863–1913
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kusakabe Kimbey 1841-ci ildə Kofu şəhərində parça ticarəti ilə məşğul olan ailədə doğulmuşdur. Ailə adı Matsuya idi. 18 yaşı olanda rəssam olmaq üçün Yokohama şəhərində köçmüşdür.[5]

Kusakabe 1860-cı illərin sonunda fotoqraf Feliçe Beatonun şagirdi olmuşdur. O, əvvəlcə ona fotoların əllə rənglənməsində kömək etsə də, daha sonra köməkçisi olmuşdur. 1867-ci ilin payızında Beatonun Şanxay səfərində onu müşayiət etmişdir. 1870-ci illərdə fotoqraf Baron Raymund fon Stillfridin köməkçisi olmuşdur. 1880 və ya 1881-ci ildə Yokohamanın Bentendori küçəsində öz fotostudiyasını və ya fotodükanını açmışdır. Fotoqrafik məhsulların və ənənəvi kostyumların satışı ilə məşğul olmuşdur.[5] 1885-ci ildə Beato və Stillfridin neqativlərini alaraq biznesini genişləndirmişdir.[6] 1889-cu ildə studiyasını şəhərin Honçodori küçəsinə köçürmüşdür.[5]

Kusakabe Yaponiya mənzərələrini və gündəlik həyatı əks etdirən fotolar çəkmişdir. Yaponiya qadınları və geyşalar onun sevimli mövzularından biri olmuş, əsərlərində ukiyo-e elementlərindən istifadə etmişdir. O, Tokionun Şinbaşi bölgəsindən olan O-en, Ponta, Momoko, Tsumako, Azuma və Miyako kimi məşhur geyşaları modeli kimi istifadə etmişdir.[7] Kusakabenin studiyası 1892-ci ildə 2000 mənzərə fotosu və kostyum təklif edirdi, eləcə də, fənər slaydlarının satışı ilə məşğul olurdu. 1897-ci ildən etibarən kollotipiya və çapla məşğul olmağa başlamışdır. 1901-ci ildə fotoqrafik bəzədilmiş ipək yelpiklərin satışına keçmişdir.[8] Yokohamada fəaliyyət göstərən digər fotoqraf Tamamura Kozaburo ilə rəqabət aparmışdır.[9] Əsasən Yaponiyadakı əcnəbilər üçün işlədiyi üçün "Kimbey" adından istifadə etməyə üstünlük vermişdir, çünki əcnəbilər bu adı daha rahat tələffüz edirdilər.[5] O, hazırladığı fotoalbomları turistlərə satdığı üçün Qərb dünyasında daha çox tanınmışdır.[6] Onun fotostudiyası 1901-ci ildə Yaponiyada ən böyük fotostudiyalardan biri idi.[9] Kusakabe 1885-ci ildə Yokohama Kayqan Kilsəsində vəftiz olunaraq xristianlığı qəbul etmişdir.[5]

Son illəri və ailəsi

[redaktə | mənbəni redaktə et]

Kusakabenin oğlu atasının biznesini idarə etməklə maraqlanmadığı üçün kürəkəni Oqava Saşiçi varisi olmuş, lakin o, 1909-cu ildə ölmüşdür. Kusakabe 1913-cü ildə təqaüdə çıxmış, 1930-cu ildə Aşiya şəhərinə köçərək nəvəsi Uçida Tama ilə yaşamağa başlamışdır. O, son illərində rəssamlıqla məşğul olmuşdur. Oqavanın qızı olan Tama 1995-ci ilə qədər yaşamış, 1923-cü ildə Böyük Kanto, 1995-ci ildə Böyük Hanşin zəlzələsindən sağ çıxmışdır.[8]

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 3 online image library Nederlands Fotomuseum.
  3. RKDartists (nid.).
  4. Artists + Artworks (ing.).
  5. 1 2 3 4 5 Bennett. səh. 205
  6. 1 2 Tucker. səh. 349
  7. Wakita, Mio. "Selling Japan: Kusakabe Kimbei's Image of Japanese Women". History of Photography (ingiliscə). 33 (2). 2009: 209–223. doi:10.1080/03087290902768149. İstifadə tarixi: 7 dekabr 2024.
  8. 1 2 Bennett. səh. 210
  9. 1 2 Bennett. səh. 317