Kuzari

Kitabın 1880-ci il Varşava çapının ilk səhifəsi

Kuzari (ərəb. كتاب الخزر"Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır.

Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur.

Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur. Yəni aptekdə xeyli dərman vardır, lakin yalnız həkim onlardan hansının xəstənin müalicəsi üçün istifadə etməyin qaydalarını bilir. Eynilə bunun kimi, çoxlu sayda dinlər vardır, ancaq Tanrı onların hansının faydalı, həqiqi olduğunu bilər. Öz-özünü müalicə etməyə çalışan xəstə kimi, ağlının köməyilə doğru dini tapmağa cəhd edən insan da yanlış yola düşəcəkdir. Burada dinlərin müxtəlif olduğu üçün, insanların onları anlamaqda çətinlik çəkəcəyi və düzgün yolu tapmaq üçün yalnız Tanrının köməyinin vacibliyindən bəhs edilmişdir. Haləvi ağlın sərhədləri olduğunu, dinin isə fəlsəfənin xidmətçisi olmadığını vurğulamışdır. Kitabda iudaizmin başqa dinlərdən üstünlüyü irəli sürülmüş, bu barədə bir sıra mülahizələr səsləndirilmişdir. Burada bütün bəşəriyyətin həmişə qoz qabığı və qozun özü kimi iki hissəyə bölündüyü bildirilmiş, yəhudilər qoz özülü, digər insanlar da qoz qabığı ilə müqayisə edilmişdir. Peyğəmbərlər yalnız yəhudilərin içərisindən çıxa bilər bu da onun "seçilmiş xalq" olduğunun sübutudur. Yəhudi xalqının həqir vəziyyəti onun haqsız olduğunun isbatı deyil, əksinə bütün dinlər əziyyət çəkdikləri dövrlərlə fəxr edirlər. Mütəfəkkir həmçinin Aristotelin dünyanın həmişə mövcud olması barədə fikirlərini rədd edərək, onun yaradılmış olduğu fikrinə tərəfdar çıxırdı.