Laos Xalq İnqilabı Partiyası


Laos Xalq İnqilabı Partiyası (LXİP; laos ພັກປະຊາຊົນປະຕິວັດລາວ, Phak Pasaxon Pativat Lao; fr. Parti révolutionnaire populaire lao) — Laos Xalq Demokratik Respublikasının qurucu və yeganə hakim partiyası. Partiyanın dövlət hakimiyyəti üzərində monopoliyası Laos Konstitusiyasının 3-cü maddəsi ilə təmin edilir və o, iqtisadiyyat və ordu üzərində mərkəzləşdirilmiş nəzarəti olan unitar dövləti saxlayır.

Laos Xalq İnqilabı Partiyası
Quruluş tarixi 22 mart 1955
Baş qərargah
İdeologiya Sol milliyətçilik
İdeoloji spektr solçuluq

Partiyanın əsası 22 mart 1955-ci ildə (o vaxtadək Hind-Çin Kommunist Partiyasının Laos bölməsi kimi fəaliyyət göstərmişdir) Samnıa şəhərində, keçirilmiş 1-ci (təsis) qurultayında qoyulmuşdur və Laos Xalq Partiyası (LXP) adlanmışdır. 1956-cı ildə ildə LXP-nin rəhbərliyi ilə yaradılmış Laos Vətənpərvər Cəbhəsi Laos xalqının xarici qüvvələrə və yerli rəqiblərinə qarşı mübarizəsinin təşkilində mühüm rol oynamışdır. 1972-ci ilin fevralında keçirilmiş 2-ci qurultay partiyanı Laos Xalq İnqilabı Partiyası adlandırmağı qərara almışdır. Qurultayda qəbul olunmuş siyasi proqram kapitalizm inkişaf mərhələsini keçmədən birbaşa sosializmə keçid üçün bütün zəruri şərtlər hazırlamağın Laos inqilabının başlıca vəzifəsi kimi irəli sürülmüşdür. LXİP-nin rəhbərliyi ilə Laos kommunistlərinin yerli rəqiblərə və onların amerikalı müttəfiqlərinə qarşı müvəffəqiyyətli mübarizəsi 1973-cü ilin fevralında Laosda sülhün bərpa olunması və milli razılıq əldə edilməsi haqqında sazişin imzalanması ilə nəticələnmişdir. 1975-ci ilin dekabrında LXİP ölkədə bütün hakimiyyəti ələ almışdır. LXİP-nin təşəbbüsü ilə çağırılmış Laos xalq nümayəndələriin Milli konqresi monarxiya quruluşunun devrildiyini və Laos Xalq Demokratik Respublikasının (LXDR) yaradıldığını elan etmişdir. Laosda sosializm quruculuğu strategiyasını işləyib hazırlayan LXİP-nin 4-cü plenumu eyni vaxtda üc inqilabın (istehsal münasibətləri, elm və texnika, ideologiya və mədəniyyət sahələrində) həyata keçirilməsi ideyasını irəli sürmüşdür. LXİP-nin 7-ci (1979) və 8-ci (1980) plenumları ilk beşillik plan (1981–1986) işləyib hazırlamaq haqqında qərar qəbul etmişdir. Yeni quruluşu möhkəmləndirmək, sosial-iqtisadi dəyişikliklər, sosializm quruculuğunu ardıcıllıqla həyata keçirmək beşilliyin başlıca məqsədi elan edilmişdir. LXİP marksizm–leninizm və proletar beynəlmiləlçiliyi prinsipləri əsasında Sov. İKP və digər kommunist və fəhlə partiyaları ilə əməkdaşlıqları inkişaf etdirmişdir. Sov. İKP və LXİP rəhbərlərinin 14 avqust 1980-ci ildə keçirilmiş Krım görüşündə hər iki partiya, sovet və Laos xalqları arasında qardaşlıq əlaqələrinin və hərtərəfli əməkdaşlığın da inkişaf etdirilməsi zəruriliyi qeyd olunmuşdur. LXİP-nin mətbuat orqanı "Pasason" qəzetidir.[1]

  1. Лаос Халг Ингилабы Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 157.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
Kitablar
Məqalələr
Dissertasiyalar
Hesabatlar