Latviya Yəhudiləri Muzeyi (latış. Muzejs „Ebreji Latvijā”) – Latviyanın paytaxtı Riqada yerləşən muzey. Muzey Latviyada yəhudilərin tarixinə həsr olunmuşdur. 1989-cu ildə yaradılmış bu muzeydə Latviyanın yəhudi icmasına aid kolleksiyalar nümayiş etdirilir. Muzey Latviyanın yəhudi icması tərəfindən idarə olunur və Latviyada dövlət tərəfindən akkreditə olunmuş bir neçə özəl muzeydən biridir.[2] 2008-ci ildən etibarən muzeyin direktoru Latviya tarixçisi İlya Lenskisdir.[3][4]
Latviya Yəhudiləri Muzeyi | |
---|---|
Muzejs "Ebreji Latvijā" | |
Əsası qoyulub | 1989[1] |
Ölkə | |
Yerləşir | Riqa |
Kolleksiyası | 15.071[1] |
Telefon | +371-67-283-484 |
56°57′22″ şm. e. 24°06′58″ ş. u.HGYO | |
jewishmuseum.lv/en/ ebrejumuzejs.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey tarixçi Marqers Vestermanisin başçılığı altında, Holokostdan sağ çıxan bir qrup tərəfindən 1989-cu ildə açılmışdır. İlk illərdə muzey sənədləşdirmə mərkəzi rolunu oynayırdı, lakin 1996-cı ildə muzeydə ilk kiçik və daimi sərgi təşkil olunmuşdur.[5] Hazırda muzey 3 zaldan ibarətdir və Latviya yəhudilərinin XVI əsrdən 1945-ci ilə qədərki tarixini əks etdirir. Muzeydə mühazirələr, təhsil proqramları və müxtəlif mədəni tədbirlər keçirilir.
Muzeyin sərgisi üç hissədən ibarətdir: 1918-ci ilə qədərki Latviya yəhudiləri, 1918–1941-ci illərdəki Latviya yəhudiləri və nasist işğalı altında olan Latviyada yaşayan yəhudilər. Sərgi yəhudilərin XVI əsrdə Latviya ərazisinə gəlməsindən XIX əsrə qədərki erkən tarix dövrünü nümayiş etdirməklə başlayır. Sərgi yəhudilərin sosial, iqtisadi, siyasi, intellektual və dini həyatı, onların leqal statusu və ölkədəki tarixi hadisələrdə iştirakı barədə məlumat verir. Üçüncü zal Latviyadakı Holokostdan bəhs edir. Xüsusi bir bölmə yəhudiləri Holokostdan xilas edən latviyalılara həsr olunmuşdur.[6]
Fransız film istehsalçısı Filip Labrun muzey sərgisindəki bir fotoda yəhudi bir qızı görmüş və onu araşdırmağa qərar vermişdir. O, həmin qızın Sorella Epşteyn olduğunu kəşf etmiş və onun haqqında sənədli film çəkmişdir. Film 2015-ci ildə Fransada yayımlanmışdır.[7]
Muzeyin yerləşdiyi bina Riqa yəhudi icmasının binasıdır. Bu tarixi bina yəhudi klubu və teatrı kimi istifadə olunmuşdur. Bina 1913–1914-cü illərdə memarlar Edmund fon Rrompovski və Paul Pandelştamm tərəfindən tikilmişdir. 1926-cı ildə binada yəhudi teatr truppası performanslar sərgiləməyə başlamışdır və bina yenilənmişdir. Binada müxtəlif ictimai təşkilatlar və yəhudi kitabxanası fəaliyyət göstərmişdir. Məşhur yəhudilər binada toylar, mühazirələr, şoular və görüşlər keçirmişdirlər. Latviyanın Almaniya tərəfindən işğalı dövründə binada alman zabitlərinin klubu yerləşirdi. SSRİ dövründə bina təhsil məqsədilə istifadə olunmuşdur: Kommunist Partiyasının konqresləri keçirilmişdir. 1990-cı illərin əvvəlində bina yəhudi icmasına qaytarılmışdır. Hazırda bina dövlət tərəfindən memarlıq abidəsi kimi qorunur.[8]