Liza Muxtarova Tuqanova

Liza Muxtarova Tuqanova (1865, Vladiqafqaz, Terek vilayəti, Rusiya imperiyası – 1950-ci illər, Paris, Fransa)[1]Azərbaycanın multi-milyonçusu, neft sahibkarı, mesenatı Murtuza Muxtarovun xanımı, ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur sahibkar.

Liza Muxtarova
Doğum tarixi 1865
Doğum yeri
Vəfat tarixi 1950
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı
Milliyyəti Osetin
Fəaliyyəti

İlk Azərbaycan Qadın Xeyriyyə Cəmiyyətinin ilk fəxri sədri
Uşaqlara Yardım Bürosunun sədr müavini

"Murtuza Muxtarov" səhmdar cəmiyyətinin idarə heyətinin üzvü
Fəaliyyət illəri XIX əsrin sonları, XX əsrin əvvəlləri
Tanınır Xeyriyyəçi, sahibkar, M.Muxtarovun həyat yoldaşı

Murtuza Muxtarovun həyat yoldaşı, nəslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) Vladiqafqazda doğulub yaşamışdır. Onun valideynləri general Hambi Tuqanov və Paşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə mənsub idilər. Murtuza Muxtarovla olan tanışlığı da onun Vladiqafqazda iş səfəri zamanı olmuşdur.[2]

Onun gələcək həyat yoldaşı, Murtuza Muxtarov məşhur general Tuqanovla tanış olur. General Muxtarovu öz evinə qonaq dəvət edir. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur. Cütlüyün toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib. Nişanda Liza xanım ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün 7 gecə davam etmişdir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar.[3]

Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" — deyə Liza heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. 1910-cu ildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraq sevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir. 1912-ci ildə "Səadət sarayı"nın tikintisi başa çatır. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər xoşbəxt ailə həyatı sürürlər. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.[4]

Murtuza Muxtarov öz həyat yoldaşının şərəfinə Vladiqafqazda 1900–1908-ci illərdə hal-hazırda Muxtarov məscidi olaraq tanınan məscidin tikintisinə vəsait ayırmışdır.[5]

Bir-birinə qarşı sevgi, məhəbbət, hörmət hissləri olan bu cütlüyün övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Bu uşaqlardan biri də XX əsrin birinci yarısında keçmiş SSRİ-nin opera teatrlarının afişalarından adı düşməyən Fatma Muxtarova idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərində Liza xanım Muxtarova xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb, lakin o öz işini tamamilə başa çatdırmaq müyəssər olmadı. Bu cütlüyün sonu faciəvi oldu.[6]

Bakıda 1920-ci ilin aprel ayında (27 aprel sovet işğalı zamanı) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolşevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi sarayın qonşuluğunda yerləşən evlərdən birinin qonşuluğunda yerləşən zirzəmisində yaşayır. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə birlikdə Liza xanım Muxtarovaya baş çəkib ona kömək etmişdilər. Xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə gedir, lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edib, bəzi mənbəlrdə isə vəfat tarixi 1956-cı il Almaniya olaraq qeyd olunub, hətta İstanbulda vəfat etdiyi də deyilir, amma onun məzarının yeri barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmayıb.[7][8]

Bakının ən hörmətli xanımlarından ibarət Bakı Qadın Xeyriyyə Cəmiyyəti yaradılır və ona Liza xanım Muxtarova başçılıq edirdi. İllik "Bakı" sorğu kitabını, "Bakı bələdçisi" təqvimini vərəqləyərkən Liza xanımın adına çox tez-tez rast gəlmək olur. Doktorlar Bəhrambəy Axundov, L. L. Qosiridze, Yelena Martınova (Bakı şəhər başçısının arvadı) ilə birlikdə Liza xanım Muxtarova vərəmlə mübarizə Qafqaz cəmiyyətinin Bakı şöbəsinin idarə heyətinə daxil idi. O, 1913-cü ildə təşkil olunmuş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri idi və Bakıda xüsusi uşaq xəstəxanasının yaradılmasına yardım edirdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı olmayan bu xanım nəslinə məxsus zəngin sarayda pansion təşkil etmişdi ki, burada kasıb ailələrdən olan uşaqlar, yetimlər tərbiyə olunurdu. "Murtuza Muxtarov" səhmdar cəmiyyətinin idarə heyətinə daxil olan Liza xanım Muxtarova "Nicat" Bakı Müsəlman maarifçilik cəmiyyəti ilə bağlı idi. Onun başçılıq etdiyi Bakı Qadın xeyriyyə cəmiyyəti kasıb ailələrdən olan müsəlman qızlarına təhsil almaqda yardım göstərir, böyük maarifçilik işi aparır, çox sayda xeyriyyə məclisləri — "Ağ çobanyastığı günləri" adlanan yığıncaqlar, naharlar keçirirdi və burada yığılan vəsait kasıb və yetim uşaqların ehtiyacına sərf olunurdu.[9]

1917 ilin oktyabrında Liza xanım sədrlik etdiyi Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdır. Bu peşə məktəbində 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Hesab, türk dili, əl işi biçmə və tikiş üzrə dərslər keçirilirdi, lakin 1918 ildə baş verən qanlı mart qırğınları zamanı məktəb məcburən öz fəaliyyətini dayandırmışdı, lakin 1919-cu ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpa etməyə müvəffəq olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonra cəmiyyət fəaliyyətini dayandırmışdır.

Mart soyqırımından sonra kimsəsiz qalmış və eləcə də soyqırımdan əziyyət çəkmiş uşaqlara yardım məqsədilə 1918-ci ilin sentyabr ayında o zaman fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatı olan Mərkəzi Ev Komitəsinin nəzdində Uşaqlara Yardım Bürosu yaradılır. Büronun sədri Yevsey Gindes, müavini isə Liza Muxtarova təyin edilir.

Büronun sərəncamında ilk vaxtlar minə qədər uşağın yerləşəcəyi 5 sığınacaq var idi. Sığınacaqlardan biri dekabr ayında Liza Muxtarovanın yardımı ilə kimsəsiz uşaqlar üçün açılmış "Körpələr evi" idi. Bu sığınacaq 1895-ci ildən 1917-ci ilə qədər fəaliyyət göstərmiş "Körpələr evi" əsasında açılmışdı. O zaman sədr doktor Gindes, maliyyəçi isə Hacı Zeynalabdin Tağıyev idi. H. Z. Tağıyev sonralar büronun fəxri üzvü seçilmişdi. Bu "Körpələr evi"nin inşasına 1898-ci ildə başlanılmışdı, lakin vəsait çatışmazlığına görə tikinti yarımçıq qalır. Sonradan Ağamusa NağıyevŞəmsi Əsədullayev sığınacağın tikintisi üçün pul ayırıb onu sona çatdırırlar. XIX əsrə aid bu bina Süleyman RüstəmMikayıl Rəfili küçələrinin kəsişməsində yerləşir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Manaf Süleymanov. «Eşitdiklərim,oxuduqlarım, gördüklərim».
  1. "Liza xanımın doğum tarixi, yeri və vəfat tarixi". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
  2. "Liza Muxtarova Tuqanovanın həyatı". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  3. "Liza Muxtarova Tuqanova evliliyi". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  4. "Səadət Sarayı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  5. "Muxtarov məscidi". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  6. "Liza Muxtarovanın qızı". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  7. "Liza xanım Muxtarovanın vəfat tarixi və yeri". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  8. "Liza xanım Muxtarovanın vəfat tarixi və yeri". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  9. "Liza xanım haqqında mətbuatda dövrünün bəzi nümunələri". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.