Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906[1], Bakı – 17 iyul 2001[1], Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Rəssamlar İttifaqının üzvü.[2][3]
Sara Aşurbəyli | |||
---|---|---|---|
Doğum tarixi | 27 yanvar 1906[1] | ||
Doğum yeri | |||
Vəfat tarixi | 17 iyul 2001[1] (95 yaşında) | ||
Vəfat yeri | |||
Elm sahəsi | tarix | ||
Elmi dərəcəsi | |||
İş yerləri | |||
Təhsili | |||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də[a] Bakıda, Zərdab küçəsi (indiki Vidadi küçəsi, 148) ünvanında yerləşən, məşhur memar İosif Qoslavskinin layihəsi əsasında 1904-cü ildə inşa edilmiş möhtəşəm bir malikanədə anadan olmuşdur.[5] Atası neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəyov, anası isə İsmət xanım idi. Bakının neft sənayeçilərindən olan Bala bəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi.[6] Aşurbəyli türk-qızılbaş tayfalarından olan Əfşar boyundan olan Aşurbəyovlar nəslinə mənsub idi və Aşur xan Əfşarın soyundan gəlirdi.[7]
Aşurbəyliın uşaqlığı beş bacı və bir qardaş ilə birlikdə firavan və mədəni bir mühitdə keçmişdir. Lakin onların həyatı bir müddətdən sonra dəyişmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra Aşurbəyli ailəsi Türkiyəyə mühacirət etmişdir. İstanbulda Aşurbəyli Jeanne d’Arc adına Fransız Kollecində təhsil almış və 1925-ci ildə oranı fərqlənmə ilə bitirmişdir. Bu zaman qardaşı Galatasaray Liseyində təhsil alırdı. Aşurbəyli uşaqlıqdan sənətə böyük maraq göstərir, fortepianoda mükəmməl ifa edirdi. Onun ən sevdiyi bəstəkarlar Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Frederik Şopen idi. Bülbülün ifasını dinləməyi xüsusilə sevirdi.[8][3]
1925-ci ildə Aşurbəyli ailəsi Azərbaycana geri qayıtmışdır.[7]
1925-ci ildə Aşurbəyli Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-filologiya şöbəsinə daxil olmuş, 1930-cu ildə isə oranı bitirmişdir.[7]
Onun əmək fəaliyyəti 1930-cu ildə Azərbaycan Tarixi Muzeyinin tarix-etnoqrafiya şöbəsində başlamış və 1933-cü ilə qədər orada çalışmışdır. Muzeyin ekspozisiyasının və bələdçi kitabçasının hazırlanmasında iştirak etmiş, Azərbaycanın müxtəlif etnik qruplarını təsvir etmişdir. Bununla yanaşı, dekorativ rəssam kimi də fəaliyyət göstərmişdir. Yüksək iş qabiliyyəti, zəhmətkeşliyi və geniş qabiliyyəti sayəsində həmkarları arasında böyük nüfuz qazanmışdır.[7]
Aşurbəyli dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır.[3]
1937–58-ci illərdə S. B. Aşurbəyli Bakının ali məktəblərində ingilis və fransız dillərindən dərs demişdir.[8]
1964-cü ildə Sara Aşurbəyli Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. O, 1954–1958-ci illərdə Azərbaycan Tarixi Muzeyində orta əsrlər tarixi şöbəsinin müdiri, daha sonra isə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, elmi katib, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1961-ci ildən Azərbaycan EA-nın tarix institutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Sara Aşurbəyli Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda böyük elmi işçi olmuşdur.[9][8]
Sara Aşurbəyli Səlcuqlu axınlarına qədər, VI–VIII əsrlərdə müasir Azərbaycan ərazisində türklərin yaşamağa başlamasını iddia etmişdir. O, erkən orta əsrlərdə albanlar arasında türkcənin yayılmasını bildirmişdir.[10] Sara Aşurbəyli Kür-Araz çayları arasındakı orta əsr qəbiristanlıqlarında at və qoç daş heykəllərini qədim türklərə məxsus bir ənənə kimi təqdim edirdi.[11]
1941-ci ildə Sara Aşurbəyli Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Onun diplom işi "Natürmort" adlanırdı və bu erkən əsər müəllifin şəxsi kolleksiyasında saxlanılır. Bu kolleksiyada diqqəti çəkən digər iki rəsm əsəri isə "Şəki xanlarının sarayı" və "Göygöl"dür. Aşurbəyliın fırçasından çıxmış "Göygöl" əsəri Azərbaycanın ən böyük və gözəl təbiət guşələrindən biri olan Göygölü təsvir edir və hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılır.[12][7]
Böyük Vətən müharibəsi illərində Aşurbəyli Azərbaycan Dövlət Dram Teatrında rəssam-dekorator kimi fəaliyyət göstərmişdir. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.[12][3][7]
1936-cı ildə Aşurbəyliın atası Bala bəy Aşurbəyov həbs edilmiş və Karaqandaya sürgün olunmuşdur. 25 mart 1937-ci ildə Karaqanda vilayətinin NKVD orqanları tərəfindən yenidən həbs edilən Bala bəy Aşurbəyov həmin ilin 13 avqustunda RSFSR Cinayət Məcəlləsinin 58–10-cu maddəsinə əsasən ölüm hökmünə məhkum edilmişdir.[13][7]
1937-ci ildə "xalq düşməni"nin qızı olaraq işdən çıxarılmış və tarixlə məşğul olmaq qadağan edilmişdir.[3]
1942-ci ilin oktyabrında Sara Aşurbəylinin həyat yoldaşı Bəhram Hüseynzadə həbs edilmişdir. Ona, Aşurbəyliın atası Bala bəy Aşurbəyovla eyni ittiham irəli sürülərək ölüm hökmü verilmişdir. 1943-cü ildə isə bu cəza 10 il azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir.[14]
Bu dövrdə Aşurbəyli elmi fəaliyyətlə məşğul olmuş və namizədlik dissertasiyasını yazmışdır. O, dissertasiyasını 1949-cu ildə Leninqrad Şərqşünaslıq İnstitutunda uğurla müdafiə etmişdir. 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Səməd Vurğunun dəstəyi ilə Aşurbəyli öz ixtisası üzrə işə düzələ bilmişdir. O, Azərbaycan Tarixi Muzeyinin Orta əsrlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və burada 1958-ci ilə qədər çalışmışdır. Bu dövr Aşurbəyliın tarixçi kimi özünü tam ifadə etməsinə imkan yaratmışdır.[15]
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.[8]
Tarixçi və akademik Ziya Bünyadovun onu "Napoleon xarakterli bu kiçik qadın" kimi təsvir etmişdir.[3]
Sara Aşurbəyli 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat etmişdir.[16]
İçərişəhərdə Sara Aşurbəylinin doğulduğu malikanənin barelyefli xatirə lövhəsində belə bir yazı var:[17]
Bu evdə 1906-cı ildən etibarən Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Aşurbəyli Bala bəy qızı Aşurbəyli doğulmuş və yaşamışdır.
2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Aşurbəyliın 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir. Bu sessiyada onun "Şirvanşahlar Dövləti" və "Bakı Şəhərinin Tarixi: Orta əsrlər dövrü" monoqrafiyalarının yeni nəşrlərinin təqdimatı keçirilmişdir.[3]
Erməni sovet tarixçisi Babken Arakelyan, Aşurbəylinin "Orta əsr Bakısının tarixinə dair oçerk (VIII–XIX əsrin əvvəlləri)" (Bakı, 1964) əsərinə yazdığı rəyində (1967), müəllifin Bakı və onun ətraflarında XI–XV əsrlərə aid memarlıq abidələri, bu bölgədə neft və duz çıxarılmasına dair ərəb mənbələrindən qiymətli məlumatlar təqdim etdiyini, Şirvan və Bakının tarixi uğurla xarakterizə etdiyini, həmin dövrün sənətkarlıq sahələrinin inkişafı və sənətkarlar haqqında çoxsaylı məlumatlar verdiyini qeyd etmişdir.[18].
Türkologiya üzrə mütəxəssis Əhməd Cəfəroğlu isə bu əsərə yazdığı rəydə (1971) qeyd edir ki, 1946-cı ildən etibarən Azərbaycanın tarixi ilə məşğul olan, geniş elmi maraq və məqsədlərə malik Sara Aşurbəyli Bakı şəhərinin tarixini mövcud resurs və materiallara əsaslanaraq təsvir etmişdir.[19]
Sara Aşurbəylinin 90 illiyi Heydər Əliyevin tapşırığı ilə 1996-cı ildə Opera və Balet Teatrında təntənəli şəkildə qeyd edilmişdir.[7]
Tarix İnstitutunun direktor müavini, tarix elmləri namizədi C. Bəhramov onun barədə demişdir:[7]
Aşurbəyli, yeddi dildən artıq dil bilən və mənbələri orijinaldan oxuyan alim kimi, hər şeyi tarixi faktlarla əsaslandırırdı. Heç kim onunla mübahisə etməyə cəsarət etmirdi, çünki o, ciddi və kompetent bir alim idi. O, saf, işıqlı, müqəddəs bir insan idi. Onunla ünsiyyətdə olduğum üçün fəxr edirəm.
Sara Aşurbəylinin layiq görüldüyü mükafatlar:[7]
O. eyni zamanda Xəzər Universiteti nin Fəxri Doktoru adını da almışdır.
Sara Aşurbəylinin ümumilikdə 8 monoqrafiyası və 100-dən çox elmi məqaləsi nəşr edilmişdir. Eləcə də bir neçə məşhur əsəri rus dilinə tərcümə etmişdir.[3]