Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar.[1]
Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu.
19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər.
Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
2003-cü ildə Türkiyə Loiziduya 1 milyon dollardan çox təzminat ödəmişdir.[4]
Kiprin birləşməsinə dair bütün danışıqlar və ya danışıq cəhdləri indiyədək uğursuz olub. Buna görə məsuliyyəti kim daşıyır? Yalnız bir tərəfmi? Bu suala və bir sıra başqa suallara düzgün cavab vermək olarmı, habelə qüvvədə olan hüquqi müddəaları nəzərə almaqla, müvafiq nəticələr çıxarmaq olarmı?
Xanım Loizidunun işi, Türkiyənin hərbi hakimiyyət dairələrinin onun mülkiyyətinə və ya hərəkət azadlığına qarşı yönələn konkret hərəkətlərinin nəticəsi deyil. Bu, 1974-cü ildə sərhədlərin yaradılmasının nəticəsidir və həmin sərhədlər indiyədək bağlıdır.
— Hakim Bernhardt
Belə hesab etmək olmaz ki, Şimali Kipr Türk Respublikası Konstitusiyasının 159-cu maddəsi və bəzi başqa hüquqi aktlar yalnız ona görə hüquqi qüvvədən tam məhrumdurlar ki, dünya ictimaiyyəti Şimali Kipr Türk Respublikasını müstəqil qurum kimi tanımayıb. Məhkəmənin qərarının 45-ci bəndində haqlı olaraq qeyd edildiyi kimi, beynəlxalq hüquq elə hüquqi razılaşmaların və hüquqi hərəkətlərin qanuniliyini tanıyır ki, "bunların nəticələrinə əhəmiyyət verilməməsi bu və ya digər ərazinin sakinlərinin yalnız zərərinə ola bilər".— Hakim Bak
Məhkəmənin Kipr Respublikası və Şimali Kipr Türk Respublikası barədə beynəlxalq ictimaiyyətin fikrinə istinad etməsi aydın deyil. Beynəlxalq ictimaiyyətin uzun illər qabaqkı rəyini 1996-cı ildə etiraz doğurmayan rəy kimi təqdim etmək mümkündürmü? Məhkəmənin fikrinə görə, belə çıxır ki, 1974-cü il münaqişələrinin nəticələrinə görə təkcə Türkiyə məsuliyyət daşıyır. Mənim fikrimcə, bu qədər mürəkkəb diplomatik situasiya beynəlxalq qüvvələrin rolunun Komissiyanın nümayəndə heyəti tərəfindən bilavasitə yerindəcə davamlı və ətraflı araşdırılmasını tələb edir. Yalnız bundan sonra Məhkəmə Konvensiyanın 1-ci maddəsinə əsasən qərar çıxara bilər.— Hakim Pettiti