Avropa İnsan Hüquqları Konvensiyası

Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa KonvensiyasıAvropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiya.

Avropa İnsan Hüquqları Konvensiyası
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası
Konvensiyaya üzv dövlətlər
Konvensiyaya üzv dövlətlər
İmzalanma tarixi 4 noyabr 1950
İmzalanma yeri Roma
Qüvvəyə minməsi 3 sentyabr 1953
Tərəflər 47 (Avropa Şurasının üzv dövlətləri)
Dili ingilis dili
Veb-saytı coe.int/en/web/human-rig…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu Konvensiyanı insan hüquqlarına dair beynəlxalq sənədlər içərisində ən effektiv sənəd kimi dəyərləndirmək olar. Buna səbəb onun əsasında yaradılan və fəaliyyət göstərən səmərəli hüquq müdafiə mexanizmidir. Bu, Konvensiyanın 19-cu maddəsi əsasında təsis edilən və daimi əsasda fəaliyyət göstərən Avropa İnsan Hüquqları Məhkəməsidir.

12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla "İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı" adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Bəzi nümayəndələr Avropada insan hüquqları sahəsində görülən işin, bu sahədə BMT çərçivəsində görülən işi təkrarlayacağı haqqında fikirləri qətiyyətlə inkar edirdilər. Onlar fikirlərini belə əsaslandırırdılar: "İnsan hüquqları ilə bağlı məsələnin BMT-də uzun müddət müzakirə olunmasına baxmayaraq, bu sahədə dəqiq bir mexanizm hələ də hazırlanmayıb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin zəif cəhəti onun hüquqi baxımdan qeyri-məcburi olmasıdır. İnsan hüquqları ilə bağlı məsələnin Avropa müstəvisində müzakirəsi isə, BMT-dən fərqli olaraq, hüquqi cəhətdən məcburi olan bir sənədin hazırlanmasına imkan verir".

13 avqust 1949-cu ildə Assambleyanın müzakirəsinə aşağıdakı bəndin daxil edilməsi təklif edildi: "Assambleya Şuranın üzvlərinə Nizamnamənin I maddəsində təsbit edilmiş məqsədlərə nail olmaq üçün tövsiyə edir ki, əsas insan hüquq və azadlıqlarına hörmət edilməsinin təmini üçün kollektiv məsuliyyət prinsipini tanısınlar və bunun üçün müvafiq konvensiya qəbul edib öz üzərlərinə aşağıdakı öhdəlikləri götürsünlər: a) konvensiyanın imzalanmasına qədər müvafiq dövlətlərdə mövcud olan və konstitusiya və digər normativ-hüquqi aktlarla təmin edilən əsas insan hüquq və azadlıqlarının toxunulmazlığına təminat verilməsi; b) konvensiyanın müddəalarına əməl edilməsini təmin etmək üçün Avropa İnsan Hüquqları Komissiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin yaradılması". Beləliklə, uzun müzakirələrdən sonra Avropa İnsan Hüquqları Konvensiyasının layihəsinin Məşvərətçi Assambleyanın hüquq komitə sinə göndərilməsi qərara alındı. Sonradan, həmin gün (19 avqust, 1949-cu il) "Avropa İnsan Hüquqları Konvensiyasının pozitiv hüququn tərkib hissəsinə çevrildiyi gün" kimi dəyərləndirildi. 27 avqust 1949-cu ildə hüquq komitəsi yekdilliklə müəyyən etdi ki, "baxmayaraq ki, hər bir dövlətin öz ərazi hüdudlarında insan hüquqlarının müdafiəsi ilə bağlı müvafiq normalar müəyyən etmək hüququ vardır, lakin bu hüquqların kollektiv təminatı imkan verir ki, bu normalar və onların tətbiqi sivil millətlər tərəfindən tanınmış hüququn ümumi prinsiplərinə müvafiq olsun".

Nəhayət, 1950-ci il noyabrın 4-də Romada Avropa Şurası üzvləri tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya qəbul olundu və 1953-cü il sentyabrın 3-də Avropa Şurası üzvü olan 8 dövlət (Danimarka, İrlandiya, İslandiya, Lüksemburq, Norveç, Böyük Britaniya, Almaniyaİsveç) tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə mindi.

  • Zaur Əliyev. Avropa İnsan Hüquqları Məhkəməsi. Dərs vəsaiti. Bakı, "AZSEA" nəşriyyatı, 2012, 232 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]