Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi

Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsiazadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır.

Maddə 5 — Azadlıq və toxunulmazlıq hüququ

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:

(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
(b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmənarkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin 1-ci bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin kompensasiya hüququ var.

Azadlıq və toxunulmazlıq hüququnun mühümlüyü bir sıra mühüm sənədlərdə əsrlər boyu təsdiq edilib; məsələn, 1215-ci il tarixli Azadlıqlar haqqında Böyük XartiyadaXVIII əsr Amerika və Fransa Konstitusiyalarında öz əksini tapıb. 5-ci maddənin başlıca məqsədi fərdin fiziki azadlığının qanunsuz həbsdən qorunmasını təmin etməkdir. Şəxsin sadeəcə hərəkət azadlığının məhdudlaşdırılmasına bunun aidiyyəti yoxdur; belə ki, həımin məsələ 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir.

  • Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 5 və 6-cı maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2004-cü il, 312 səh.