Müşfiq ağıları

Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya. Əsərin librettosunun müəllifi Sabir Rüstəmxanlıdır. 2022-ci il oktyabrın 14-də əsər ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə təqdim olunub.

Müşfiq ağıları
Bəstəkar Cavanşir Quliyev
Forma oratoriya
Yazılma tarixi 2020
Premyera
Müddət 62 dəqiqə
İthaf olunub Mikayıl Müşfiqin həyatına

Müşfiq ağıları oratoriyası bəstəkar Cavanşir Quliyev tərəfindən 2020-ci ildə yazılıb[1]Mikayıl Müşfiqin faciəvi taleyinə həsr edilib[2]. Əsərin librettosunu Sabir Rüstəmxanlı yazıb[3].

Cavanşir Quliyev özü oratoriya haqqında bunları deyib:

" Onun faciəsi cəmiyyətə dərs olmadı – indi də insanlar ədalətsizliyə susurlar. Əsər bütün haqları pozulanlara həsr olunub, o cümlədən özümə[4]. "

Bir saatdan ibarət olan əsər 13 hissədən, proloq, 6 ağı, 5 qaragüruh və epiloqdan ibarətdir[5]. Əsərin librettosu Müşfiqin həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdəki ağılar Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı adlanır. Bəstəkarın qaragüruh adlandırdığı 5 hissə isə Müşfiqə olan hücumları, ədalətsizlikləri və onun ölümə göndərilməsini əks etdirir[6].

Oratoriya ilk dəfə 2022-ci il oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsində təqdim edilib[7]. Əsər burada Mustafa Mehmandarovun dirijorluğu və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının[8] və solistlərin – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərov, Nigar Tağıyeva, İlahə Fəda və təqdimatçı Kamran Yunisin ifasında səslənib[9].

Əsərə qarşı ittiham

[redaktə | mənbəni redaktə et]

2023-cü il 7 fevral tarixində əvvəlcə iranlı jurnalist Ehsan Movahedian tvitterdəki yazısında oratoriyanın 28 saniyəlik bir hissəsini bölüşüb və Azərbaycan dövlətini islama qarşı olmaqda ittiham edərək İran düşmənlərinin yuvası adlandırıb[10]. Həmin hissədə Azərbaycan Dövlət Xor Kapellası tərəfindən bu sözlər oxunub:

" Yıxılsın minarələr, kəsilsin azan səsi.

Nə məscid gərək bizə, nə molla moizəsi.

"

Bu tvitdən 4 saat sonra İranda fəaliyyət göstərən "Səhər" kanalı da bu mövzuya toxunaraq "Yaşasın ateizm!" adlı məqalə dərc edib[10]. Məqalədə qeyd olunub ki Azərbaycanda konsert zalında "yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi" mahnısı oxunub. Və bu hissənin oxunmasını ölkədə ateizmin təbliği kimi qələmə veriblər[11].

Bu məqalədən sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-i açıqlama verib[12]. Açıqlamada iranlı jurnalistlərin oratoriyanın bir qismini kəsib paylaşmaqlarının jurnalist adına və etikasına yaraşmayan metod olduğu qeyd olunub. Və əlavə edilib ki oratoriyanın bu hissəsi sovet işğalı dövründə kommunistlərin Azərbaycanda din əleyhinə təbliğatlarını, İslam dini ilə mübarizələrini təsvir edir[12].

Daha sonra Mədəniyyət televiziyasına müsahibə verən oratoriyanın bəstəkarı Cavanşir Quliyev bildirib ki, əsərdə dinə qarşı olan hissəni səsləndirən qismi o öz oratoriyasında qaragüruh adlandırıb. O deyib:

" Bu qaragüruh kommunist ideologiyasını təsvir edir. Bu ideologiya milli dəyərləri, dini dəyərləri sevməzdi, yıxardı. Biz də o zamanın bir parçasını göstərmişik əsərdə. Əsəri tam izləsələr görərlər ki biz onların dediklərinin əksinə əsərdə minarələrin yıxılmasına qarşı olduğumuzu bildirmişik[13]. "
  1. "Cavanşir Quliyev: "İndi musiqilərimizi dinləyib deyirsən ki, bunu yazan azərbaycanlıdırmı..."" (az.). milli.az. 2021-02-18. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  2. X.Qiyas. "Cavanşir Quliyev – 70" (az.). aki.az. 2020-11-21. 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  3. Savalan Fərəcov. "Cavanşir Quliyevin "Müşfiq ağıları" oratoriyası təqdim edildi" (az.). medeniyyet.az. 2022-10-19. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  4. Cavid Qədir. "Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriyanı bitirdi" (az.). 525-ci qəzet. 2020-06-14. 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  5. "Cavanşir Quliyevdən "Müşfiq ağıları" oratoriyası" (az.). aki.az. 2020-06-14. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  6. "Sabir Rüstəmxanlı ilə Cavanşir Quliyevdən Müşfiq ruhuna ərməğan" (az.). bakupost.az. 2020-06-14. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  7. ""Müşfiq ağıları" oratoriyası təqdim olunacaq" (az.). bakupost.az. 2022-10-04. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  8. "Filarmoniyada bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-09-20. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  9. "Filarmoniyada Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək" (az.). trend.az. 2022-10-10. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  10. 1 2 "Mədəniyyət kanalında "yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi" mahnısı səsləndirilib?" (az.). faktyoxla.az. 2023-02-09. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  11. "Yaşasın ateizm!" (az.). sahartv.ir. 2023-02-07. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  12. 1 2 ""Müşfiq ağıları" ilə bağlı təxribat İranın dövlətimizə qarşı informasiya hücumudur"" (az.). Azərbaycan Televiziyası. 2023-02-07. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  13. Cavanşir Quliyev. "Müşfiq ağıları" haqqında həqiqətlər (Televiziya verilişi). Bakı: Mədəniyyət TV. 2023. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]