İlham İslam oğlu Nəzərov 5 oktyabr 1985-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Uşaqlıqdan incəsənətə, musiqiyə böyük həvəs göstərmişdir. İfaçının ilk yaradıcılıq uğurları da uşaqlıq illərinə təsadüf edir. Belə ki, bu illərdə o, bir sıra festival və müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanmışdır. Musiqi təhsilinə xanəndə kimi Xalq artisti Ağaxan Abdullayevin sinfində başlasa da, daha sonralar akademik vokalla məşğul olmuşdur. İfaçı 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" fakultəsinə daxil olur. 2006-cı ildə "ÜNS Yaradıcılıq Səhnəsi"ndə fəaliyyətə başlaması musiqiçinin yaradıcılığında əlamətdar hadisəyə çevrilərək gələcək uğurlarının başlanğıcını qoyur. Sənətkarın ilk canlandırdığı obraz da həmin teatrın səhnəsində baş tutmuşdur. Belə ki, ifaçı T. Quliyevin mahnılarından ibarət "Bakı" musiqili səhnə əsərində iştirak etmişdir. Tamaşa rusiyalı teatr xadimlərinin iştirakı ilə səhnələşdirilmişdir.
Kvazimoda obrazını Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə fransız dilində, 17 – 18 iyun 2010-cu ildə isə Heydər Əliyev adına sarayda[11][12] rus dilində ifa etməsi İlham Nəzərova böyük uğur qazandırır.
Vokal ifaçısının sənət yolunda Xalq artisti Firəngiz Əlizadənin "İntizar" operası əhəmiyyətli rol oynayaraq yaradıcılığının gələcək istiqamətini müəyyən edən hadisəyə çevrilir. Belə ki, 2010-cu ildə Heydər Əliyev adına Sarayın səhnəsində Heydər Əliyev fondunun dəstəyi ilə səhnələşdirilən "İntizar" operasında ilk dəfə Yad adam obrazını canlandıran İlham Vəzirov böyük uğura imza atır.[13][14] Tamaşanın quruluşçu rejissoru Rusiyanın xalq artisti, "Helikon Opera" opera teatrının bədii rəhbəri Dmitri Bertman, dirijoru Vladimir Ponkin, quruluşçu rəssamı H. Şorqhofer, xormeysteri xalq artisti G. İmanova, geyim üzrə rəssamı isə K. Xrome və başqaları olmuşdur. Qeyd edək ki, ifaçı Yad adam obrazında 7 dəfə: 2010-cu ildə (ilk dəfə olaraq Heydər Əliyev adına Respublika sarayında),[15] 4 may 2014-cü ildə,[16][17] 17 yanvar 2015-ci ildə,[18] 11 noyabr 2015-ci ildə, 16 dekabr 2015-ci ildə,[19] 24 may 2017-ci ildə[20] və 19 yanvar 2019-cu ildə[21] (Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) çıxış etmişdir. Yad adam obrazı İ. Nəzərovun ən sevimli obrazlarından biridir. Tamaşanın uğurlu premyerasından sonra sənətkarı Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı solist kimi dəvət edir. Burada onun canlandırdığı ilk obraz dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasındanNofəl olur.[22] .
29 may 2009-cu ildə İlham Nəzərov Bakı Musiqi Akademiyasının Böyük zalında ilk solo konsertini verməyə nail olur. O, həmçinin Azərbaycanda 2009, 2011, 2015, 2017 və 2019-cu illərdə də solo konsertlər vermiş, 2009 və 2011-ci illərdə bariton, 2015, 2017 və 2019-cu illərdə isə kontratenor kimi çıxış etmişdir.
2010-cu ildə isə sənətçi Bakı Musiqi Akademiyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək İtaliyanın məşhur musiqi akademiyalarından biri olan "Accademia D'arte lirica Osimo" ya bariton kimi daxil olur. Burada onun kontratenor səs tembri ilə ifa etməyə başlaması yaradıcılığında dönüş nöqtəsinə çevrilir. Akademiyada o, dünyaşöhrətli Vinçenzo de Vivonun sinfində təhsil almışdır. Qeyd edək ki, İ. Nəzərov 2011-ci ildən Azərbaycan musiqi mədəniyyəti tarixinə ilk kontratenor kimi daxil olur[23][24]. Qeyd edək ki, İ. Nəzərov soprano səs çalarına malik ifaçıdır ki, bu da nadir rastlanan haldır. Musiqiçi qısa zaman ərzində kontratenor repertuarının çox hissəsini mənimsəyərək bir sıra müsabiqə və festivallarda iştirak etməyə başlayır. İ. Nəzərovun kontratenor kimi debütü İtaliyada A. Skarlattinin "Passione Secondo Giovanni" oratoriyası ilə (Testo, Pilatus) baş tutur.[25][26][27][28][29][30][31], bir çox teatrlar onu öz səhnələrində görmək istəyirlər.[32][33][34][35][36][37][38][39].[40][41][42][43][44][45][46]. 2015-ci ildə təşkil olunan konsertlərdən birində Maestro Rikkardo Muti onu "Ravenna" musiqi festivalında çıxış etməsini istəyir.
İlham Nəzərov yaradıcılığında bir neçə janrları müvəffəqiyyətlə paralel şəkildə davam etdirir. Onun ifasında xalq musiqisi, caz, estrada musiqisi nümunələri yüksək peşəkarlıqla təqdim olunur. İ. Nəzərov Azərbaycan və onun xaricində bir çox opera tamaşalarının, mötəbər festivalların, konsertlərin iştirakçısıdır. Sənətçinin 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində P. Çaykovskinin "Qaratoxmaq qadın" operasından Prilepa partiyasını kontratenor kimi ifa etməsi dünya vokal ifaçılığı tarixində ilk hadisədir. Eləcə də V. A. Motsartın "Fiqaronun toyu" operasından Kerubino partiyasını ifa etməsi musiqi mədəniyyətimizin tarixində yeni səhifəni təşkil edir. Belə ki, ifaçının repertuarında Barokko dövründən müasir günümüzədək bəstəkarların əsərləri səslənir. Sənətkarın geniş diapazona malik olması ona bas, bariton, eləcə də, alt, kontralt, metso-soprano və soprano partiyalarını ifa etmək imkanını üçün.
Sənətkar 2019-cu ildə dünya musiqi tarixində ilk dəfə olaraq F. Şubertin "Qu quşunun nəğməsi" vokal silsiləsini kontratenor səs tembri ilə ifa etmiş və 2020-ci il 6 avqust tarixində həmin mahnılardan ibarət ilk CD albomu işıq üzü görmüşdür[47][48][49][50]. İ. Nəzərov dünyanın 45-dən çox ölkəsinin ən məşhur opera və konsert səhnələrində müvəffəqiyyətlə çıxışlar etmişdir[51]. Eyni zamanda 2020-ci ildə Ifaçının həyat və yaradıcılığı haqqında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadənin tərtib etdiyi "İlham Nəzərov: sərhədsiz səs…" adlı kitab nəşr olunmuşdur[52]. Hal-hazırda Əməkdar artist fəaliyyətini Azərbaycanda və dünyanın bir sıra ölkələrində davam etdirir və yaradıcılıq uğurları ilə musiqi mədəniyyətimizi zənginləşdirir.
Ailəlidir, üç övladı var.
İ. NƏZƏROV ÜÇÜN BƏSTƏLƏNMİŞ ƏSƏRLƏRİN SİYAHISI:
Əlizadə K. – "O Patria Mia" kontratenor və orkestr üçün.
Festa F. "Il volo dell’Aquila" (kontratenor).
Korvino V. "Opera live cooking" operası (Narciso).
Muscaritolo S. "Pero’ c’Amore no si po’ vedere" kontratenor,klassik və milli musiqi alətləri üçün.
Muscaritolo S. "Luna, Lussuria e Velocita" bas-kontratenor və
elektron musiqi alətləri üçün.
Qədimova R. "İnsan" bariton-kontratenor və fortepiano üçün.
(H. Cavid).
Qədimova R. "Bilmirəm" bariton-kontratenor və fortepiano üçün
2008-ci ildən pedaqoji fəaliyyətə başlayan İ. Nəzərov artıq onlarla respublika və beynəlxalq müsabiqə lauretlarını hazırlamışdır[53][54][55][56][57][58]. İfaçı həmçinin bir sıra beynəlxalq müsabiqələrə münsif heyəti kimi dəvət olunur. Onlardan, Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının III müsabiqəsini, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən müsabiqəni, 2017-ci ildə vokal və estrada ifası üzrə respublika müsabiqəsini, 2018-ci ildə Fransada "İnternational Baroque Singing Competition", Avstriyada "İnternational Singing Competition", 2019-cu ildə Bakı Musiqi Akademiyasının opera studiyasında keçirilən K-Pop beynəlxalq estrada müsabiqəsini, 2020-ci ildə keçirilən "World Harmony" beynəlxalq müsabiqəsini və digərlərini qeyd etmək olar[59][60]. İfaçı hal-hazırda Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasında[61], Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, G. G. Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində akademik və estrada vokal ifaçılığını tədris edir.
Musiqiçi eyni zamanda geniş şəkildə elmi fəaliyyət ilə də məşğul olur. Qeyd edək ki, İ. Nəzərov Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantıdır. İfaçı vokal ustası M. Maqomayevin yaradıcılığı ilə bağlı dəfələrlə respublika və beynəlxalq konfranslarda çıxışlar edir və məqalələri bir sıra jurnallarda dərc olunur. Həmçinin sənətkar estrada ifaçılığı üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş proqram tərtib etmişdir.
İ. NƏZƏROVUN İŞTİRAK ETDİYİ KONFRANS VƏ ELMİ MƏQALƏLƏRİN SİYAHISI
Dahi Bülbülün ilham pərisi // Mədəniyyət. — 2017, 23 avqust, № 63–64 (1452). — s.10[62].
Kontrtenor: Tanrının bəxş etdiyi qeyri-adi səs tembri // — Bakı: Mədəniyyət.az, — 2017. (Noyabr-Dekabr) (316), — s.73–75[63].
O Azərbaycanın Bülbülüydü… Bülbül-120 // — Bakı: Qobustan: Sənət toplusu, — 2017. № 3, — s.44–47.
Müslüm Maqomayev yaradıcılığında mahnı janrının əhəmiyyəti // Doktoranların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının materialları, — Bakı: 22 – 23 noyabr, — 2018, — s.507–509.
Müslüm Maqomayevin mahnılarında Azərbaycan zirvəsi // — Bakı: Qobustan: Sənət toplusu, — 2019. № 3, — s.40–42.
M. Maqomayevin yaradıcılığında Ü. Hacıbəyli və Q. Qarayev musiqisi // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri adlı XVIII Beynəlxalq elmi-praktiki konfransın materialları, — Bakı: — 12 – 13 may, — 2019, — s.62–65.
Müğənni Müslüm Maqomayevin bir bəstəkar kimi estrada musiqisində rolu // Müasir Azərbaycan bəstəkarı və zaman. Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları, — Bakı: — 11 – 13 aprel, — 2019, — s.142–147.
Созданный М.Магомаевым образ Фигаро из оперы Дж.Россини "Севильский цирюльник" в истории Азербайджанского государственного академического театра оперы и балета им. М.Ф. Ахундова. Международная конференция "Искусство глазами молодых", — Красноярск: — 28–29 март, — 2019, с.15–17.
Müslüm Maqomayevin aktyorluq fəaliyyəti və rol üzərində yaradıcılıq prosesinin strukturu // — Bakı: Mədəniyyət dünyası, — 2019. XXXVII, — s.88–94.
Müslüm Maqomayevin ifasında Fiqaronun kavatinasının vokal və akustik təhlili // -Bakı: Konservatoriya, — 2019. № 2 (44), — s.30–37[65].
Azərbaycan klassik və estrada vokal ifaçılığının inkişafına qısa nəzər // Bakı: Mədəniyyət.az, — 2019. iyul-avqust (326), -s.52–55[63].
Müslüm Maqomayev adına Vokalçıların Beynəlxalq müsabiqəsinin gənc ifaçıların yaradıcılığına təsiri // — Bakı: Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri, −2019. № 2 (7), — s.60–71.
Особенности интерпретации романсов У. Гаджибейли в исполнении Муслима Магомаева // — Москва: Музыка и время,- 2020. (2), — с.23–29[66].
Müslüm Maqomayevin səhnə fəaliyyətində canlandırdığı obrazlara qısa baxış // — Naxçıvan: Axtarışlar, — 2020. № 1 (35),- s.169–174.
Piriyev, R. Avropa akademik vokal ifaçılıq məktəbinin İlham Nəzərovun kontratenor kimi formalaşmasında rolu // — Naxçıvan: Axtarışlar, — 2020. 2 (36), — s.159–169.
Kuxmazova, Y. Azərbaycan vokal ifaçılığı kontekstində İlham Nəzərov yaradıcılığının novatorluq xüsusiyyətlərinə dair // — Bakı: Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri, — 2020.№ 1 (8), — s.61–69.
Əskərova, X. "Sarı gəlin" xalq mahnısı İlham Nəzərovun təfsirində // — Bakı: Mədəniyyət-Culture, −2020. (Sentyabr-Oktyabr) (333), — s.38–41[68].
İ. Nəzərov bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Belə ki, ifaçı səs və fortepiano üçün iki mahnının müəllifidir.
İ. NƏZƏROVUN MÜƏLLİFİ OLDUĞU MAHNILAR
"Beni hor görme, kardeşim!" (Aşıq Veysəl Şatıroğlunun sözlərinə)[69] (2019)
"Ey, təbib" (Nəsiminin sözlərinə) (2019)
"Beni hor görme, kardeşim!" mahnısı ilk dəfə 2019-cu ildə Türkiyədə keçirilən festivalda səslənərək böyük marağa səbəb olmuş və mükafata layiq görülmüşdür[70][71]. "Ey, təbib" mahnısı isə Bakı Musiqi Akademiyasında təşkil olunan və Nəsiminin 650 illik yubileyinə həsr olunan respublika müsabiqə-festivalında müəllif tərəfindən səslənmişdir[72][73].
Sənətçi onlarla mötəbər vokal müsabiqələrinin qalibidir[74][75][76][77][78][79][80][81][82][83][84][85][86] Burada İnternational Baroque Music Competition, (I yer), The Best Countertenor of the World, (II yer), Vokalçıların M. Maqomayev adına IV Beynəlxalq Müsabiqəsi" (I yer), "Большая опера" telemüsabiqəsinin finalçısı, İnternational Vocal Coach Competition (I yer), Voice of Astana (III yer), Internazionale Musicale "Citta di Pesaro" (I yer), C. Hacıyev adına Beynəlxalq müsabiqə (Qran-Pri), Best F. Schubert İnterpreter (I yer) və digərlərini göstərmək olar.
9 may 2018-ci ildə[88], 10 may 2019-cu ildə[89], 7 may 2020-ci ildə[90], 6 may 2023-cü ildə[91] və 9 may 2024-cü ildə[92] Prezident Mükafatına layiq görülmüşdür.
2008-ci ildə hərbi xidmətdə fərqləndiyinə görə Müdafiə Nazirliyinin əmrinə əsasən "Azərbaycan Silahlı Qüvvələrinin Yubiley Medalı" (1918–2008) ilə təltif olunmuşdur.
↑Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə nümayiş olunan "Leyli və Məcnun" operası anşlaqla baş tutub // "Azərbaycan" qəzeti.- 2010.-12 oktyabr
↑Hümbətova, E. Qeyri-adi səsin uğurları İLHAM NƏZƏROV // Mezzo" jurnalı.- 2017.- № 14 (yanvar/fevral/mart)
↑Это путь от баса до контратенора! //"Зеркало" — 2014.- 5 апреля № 56
↑Nazimqızı, İ. Oberon rolunu Çexiya Respublikasında məharətlə ifa edən-İlham Nəzərov // www.dunyaxeber.az/index.php/az/sb/314-oberon-rolunu-chekhiya-respublikasinda-meharetle-ifa-eden-ilham-nezerov?tmpl=content&print=1&layout=def −2013.- 28 mart